Azərbaycan parlamentinin bu gün keçirilən iclasında Xəzər dənizi və dənizin ətrafı ilə bağlı narahatlıqlar müzakirəyə çıxarılıb. Lent.az-ın məlumatına görə, deputat Fəzail Ağamalı bildirib ki, Nabrandan tutmuş Lənkərana qədər obyektlərin suları təmizlənmədən Xəzər dənizinə axıdılır: “Bu, biabırçılıqdır. Belə olan halda protokol qəbul etməyin də heç bir əhəmiyyəti olmayacaq. Əgər ona əməl etməsək, Allahın bizə verdiyi nemətlər məhv olub gedəcək”.
Deputat Sabir Rüstəmxanlı isə deyib ki, Xəzər dənizinin sahilləri bir dəstə zəngin şəxs tərəfindən demək olar ki, işğal olunub: “200-300 m, 1 km uzunluğunda hasarlar çəkilib. Artıq dənizi görmək mümkün deyil. Birinin pulu çox, vəzifəsi yuxarı olar. Amma bu o demək deyil ki, onlar milləti dənizdən məhrum etməlidirlər. Əgər imkanları belə itidirsə, Qobustan təpələri boşdur, gedib orda terraslar salsınlar, nə istəyirlər tiksinlər. Bu cür özbaşınalıq, cəzasızlıq ola bilməz. Biz dənizin həm də ekologiyasını qorumalıyıq. Vaxtilə dənizdən 150 metr məsafədə ev tikmək qadağan olunurdu. Sonra kimlərinsə marağına uyğun olaraq bunu 50 metrə endirdilər. İndi isə demək olar ki, dənizin içinə giriblər”.
Deputat qeyd edib ki, Azərbaycanda Xəzər sahili ilə bağlı qanun qəbul edilməlidir.
Digər deputat Zahid Oruc da Xəzər dənizinin ətrafı ilə bağlı qanunun olmasının məqsədə müvafiq olduğunu bildirib. Vitse-spiker Valeh Ələsgərov isə deyib ki, Xəzəri çirkləndirənlər ayrı-ayrı obyektlərin sahibləridir. Vitse-spiker belə adamları sərt tənqid atəşinə tutub: “Onlar mənim üçün azərbaycanlı deyil. Azərbaycanlı olan hər kəs Vətənin təmizliyini, o cümlədən Xəzər dənizinin təmizliyini qorumalıdır”.