Açıq Cəmiyyət Partiyasının sabiq lideri Rəsul Quliyev partiyaya verdiyi maliyyə dəstəyini kəsib.
Bu barədə Lent.az-a ACP-nin sədri Sülhəddin Əkbər deyib. O bildirib ki, R.Quliyev partiya liderliyindən istefa verənə qədər ACP-yə maliyyə dəstəyi verib: “Rəsul Quliyevin seçkidən bir neçə ay əvvəldən partiyaya maliyyə dəstəyini kəsdiyi barədə mətbuatda gedən xəbərlərin əsası yoxdur. O, partiya liderliyindən istefa verənə qədər ACP-yə maliyyə ayırmağa davam edib. Partiyadan istefa verdikdən sonra bu dəstəyini də dayandırıb”.
S.Əkbər partiyanın bundan sonra necə maliyyələşəcəyinə də aydınlıq gətirib. O deyib ki, partiyanın bir müddət maddi cəhətdən çətinlik çəkəcəyi məlumdur, ancaq çalışacaqlar ki, bu məsələni üzvlər arasında həll etsinlər: “Biz yəqin ki, bundan sonra üzvlük haqlarının toplanmasına daha ciddi yanaşacağıq. Mən, ümumiyyətlə, partiyanın maliyyə yükünün bir adamın çiynində olmasının da tərəfdarı olmamışam. Bundan sonra bu asılılığı aradan qaldırmağa çalışacağıq”.
S.Əkbər onu da bildirib ki, R.Quliyev hələ ki ancaq ACP-dən istefa verib: “Rəsul Quliyev Milli Şuradan istefa verməyib. Yalnız Açıq Cəmiyyət Partiyasının liderliyindən ayrılıb. O, hələ də Milli Şura üzvüdür”.
ACP sədri rəhbərlik etdiyi partiyanın bundan sonrakı fəaliyyətini necə quracağı barədə də danışıb. Onun sözlərinə görə, hazırda ACP-nin qarşısında duran əsas iş qurultaya hazırlaşmaqdır: “Partiyanın lideri və Ali Məclis sədri istefa verib. Biz qurultay keçirməli və bir sıra struktur dəyişikliyi etməliyik. Açığı, mən bundan sonra ACP-də liderlik statusunun ləğvinin tərəfdarıyam. Növbəti qurultayda da yəqin ki, bu məsələyə də baxılacaq və qurultay üzvləri partiyanın nizamnaməsi ilə bağlı bir sıra dəyişikliklər edəcək”.
S.Əkbər ACP-nin qurultayının gələn ilin yazından tez baş tutmasının mümkünsüz olduğunu da söyləyib: “Qurultay keçirmək çətindir. Biz yaza kimi ancaq təşkilatlanıb, qurultay keçirməyə hazır olacağıq”.
Növbəti qurultayda yenidən ACP sədrliyinə namizəd olub-olmayacağına da aydınlıq gətirən S.Əkbər “yaza qədər salamat çıxaq, o zaman baxarıq” deyə, qeyd edib.