Rəhbər və siyasi lider
12 iyul 2013 17:09 (UTC +04:00)

Rəhbər və siyasi lider

Azərbaycanın çoxəsrlik dövlətçilik tarixində özünün müstəsna əhəmiyyəti, sanbalı, xalqımızın nəinki bugünü, həm də gələcək taleyinin müəyyənləşdirilməsi baxımından Heydər Əliyev epoxası bənzərsizdir. Ömrünü xalqın işıqlı gələcəyinə həsr etmiş bu fenomenal şəxsiyyət hələ SSRİ rəhbərliyi altında dövrün mövcud çətinliklərinə baxmayaraq millətinin milli kimliyini qoruyub saxlamağa nail olmuşdur.  Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçildikdən sonra respublika iqtisadiyyatında yaranmış acınacaqlı vəziyyəti böyük prinsipiallıqla dərindən və hərtərəfli təhlil etmiş, xalq təsərrüfatına, mədəni quruculuğa rəhbərlikdə buraxılmış ciddi nöqsan və çatışmazlıqları aşkar etmişdir. Bütün təşkilatları dövlət və əmək intizamını möhkəmlətməyə, respublikada mənəvi-psixoloji mühiti sağlamlaşdırmağa istiqamətləndirmişdir.  Azərbaycanın müasir tarixində məhz 1969-cu ildə dönüş mərhələsinin təməli qoyuldu. Respublikamızın dinamik inkişafı üçün kompleks proqramların işlənib  hazırlanmasında Azərbaycan Kommunist Partiyası MK-nın birinci katibi Heydər Əliyevin yorulmaz fəaliyyəti, misilsiz təşəbbüskarlığı və böyük təşkilatçılığı bütün 1970-80-ci illərdə müvəffəqiyyətlərin əsası oldu. DTK əməkdaşı, bu orqanın sədr müavini və sədri vəzifələrində işləyərkən Heydər Əliyevin  başlıca fəaliyyət istiqamətlərindən biri də ölkə daxilində və xaricdə daşnaklara, erməni millətçilərinə qarşı amansız mübarizə aparmaq idi. Hakimiyyətə gəldikdən sonra da Heydər Əliyevin  fəaliyyətində antiazərbaycan qüvvələrinin, ilk növbədə müəyyən erməni dairələrinin iddialarının qətiyyətlə kəsilməsi mühüm yer tuturdu. Sovet hakimiyyətinin əvvəlki illərində olduğu kimi, Heydər Əliyev hakimiyyətə gələn zaman da bədxah erməni dairələri Azərbaycanın tarixi-etnik torpağı olan Dağlıq Qarabağa əsassız iddialarından nəinki əl çəkməmişdilər, hətta onu müxtəlif üsullarla genişləndirməyə cəhd etmək istəyirdilər. Lakin Heydər Əliyevin qəti mövqeyi nəticəsində Azərbaycan torpaqlarının bir qarışı belə Ermənistana verilmədi.

Heydər Əliyev Azərbaycan neftinin mərkəzə daşınmasında maraqlı olmadığından qeyri-neft sahələrinə başlıca diqqət yetirir, maliyyə vəsaiti ayırır, bununla da respublikanın regionlarının inkişaf etdirilməsinə, yeni iş yerlərinin açılmasına, azərbaycanlıların həyat şəraitinin yaxşılaşdırılmasına, əhalinin demoqrafik inkişafına rayonların və kəndlərin mədəni simasının dəyişdirilməsinə dair strateji niyyətlərini həyata keçirirdi. 70-ci illərdə Azərbaycanda pambıqçılığın və üzümçülüyün üstün inkişafının səbəblərindən biri də məhz bu amillərlə bağlı idi. İnsanlara milli özünütəsdiq imkanı verən milli dövlətçiliyin möhkəmləndirilməsində cəmiyyətdəki və şüurdakı yeni inkişaf meyillərinə, dil amilinə böyük önəm verən Heydər Əliyev Azərbaycan SSR-in 1978-ci il Konstitusiyası işlənib hazırlanarkən tarixi hünər və rəşadət nümunəsi göstərdi. Dövlətçilik ideologiyası, dövlətçilik təcrübəsi və milli-mənəvi dəyərlər kompleksinin vəhdətindən çıxış etməklə böyük öndər Azərbaycan dilininin dövlət dili statusu ilə Konstitusiyada təsbit olunması üçün əməli fəaliyyətə keçdi. Müdriklik  mübarizlik və siyasi iradə öz nəticəsini verdi : Azərbaycan dili 1978-ci il Konstitusiyasında dövlət dili kimi təsbit olundu.

Kremlin total nəzarət və iqtisadi-siyasi qadağalar, məhdudiyyətlər sisteminin mövcudluğu şəraitində Heydər Əliyevin misilsiz idarəçilik və qeyri-adi təşkilatçılıq qabiliyyəti sayəsində Azərbaycan hərtərəfli dinamik inkişaf yoluna qədəm qoydu, ölkə  iqtisadiyyatın, mədəniyyətin, elmin bütün sahələrində sürətli tərəqqi dövrü yaşadı, tarixi nailiyyətlər qazandı. Xalqın, respublikanın taleyi və məsuliyyəti bir rəhbər , bir lider kimi Heydər Əliyevi daim düşündürürdü. Onun ictimai rəydə yekdilliklə qəbul edilən lider imici obyektiv təməllərdən, həyata keçirilən nəhəng quruculuq planlarından, layihələrdən, ali insani keyfiyyətlərdən qaynaqlandığı üçün xalqda bu böyük dövlət xadiminə sarsılmaz inam, dərin məhəbbət yaranmışdı. Heydər Əliyev dövrünün mövcud şərtləri altında xalqının mənafeləri naminə fədakarlıqla çalışmış görkəmli dövlət və siyasi xadimi olaraq xalqın inamını qazanmağa nail olmuşdur. Məhz bu fədakarlığın nəticəsidir ki, dövləti 1993-cü ilin xaosundan çıxaracaq yeganə şəxs kimi Heydər Əliyevə etibar edildi və Ulu Öndər bu missiyanı da layiqincə yerinə yetirməklə, müasir demokratik, innovativ Azərbaycanın əsasını qoydu.

Nailə Məmmədova

"Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar" İctimai Birliyinin fəalı

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 466
avatar

Oxşar yazılar