Azərbaycan Xalq Cəbhəsi Partiyası “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunu “facebook” sosial şəbəkəsində təhqir edən üzvü Vüqar Qədirova töhmət verib.
Partiyadan Lent.az-a daxil olan məlumata görə, AXCP İmişli şöbəsi bu gün üzvü Vüqar Qədirovla “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu arasında yaranan münaqişəni müzakirə edib.
Müzakirədə vurğulanıb ki, V.Qədirov sosial şəbəkədə Rauf Arifoğlu ilə yazışmasında etik sərhədlər aşılıb, bu isə cəbhəçi üçün yolverilməz haldır.
Müzakirələr zamanı o da bildirilib ki, Vüqar Qədirov artıq səhvini başa düşüb və yazdığı qeyri-etik ifadələri silib. Rayon şöbəsində Vüqar Qədirova işlətdiyi nalayiq ifadələrə görə töhmət elan olunub.
Məsələ ilə bağlı Lent.az-a açıqlama verən R.Arifoğlu deyib ki, onunçün bu məsələdə ən önəmli şey tərbiyədir.
Baş redaktor deyib ki, V.Qədirova və onun timsalında virtual xuliqanlara başa salmaq niyyətindədir ki, ağzına və ağlına nə gəldi yazıb, qarşıdakını təhqir edib, sonra həyatını öz axarı ilə yaşamaq olmaz: “Mütləq və mütləq bu tərbiyəsizliyin, xuliqanlığın bir cəzası olacaq. Burada mənim üçün önəmli olan bir faktor da Vüqar adlı o şəxsin özünün üzrxahlığıdır. Buna təşəbbüs də göstərib, mənə bir şeylər yazıb, lakin adam o dərəcədə aşağı intellektə malikdir ki, normal bir jesti də həyata keçirə bilmir. "Üzrü qəbahətindən betər" misalı əsil beləsinə aiddir”.
R.Arifoğlunun sözlərinə görə, istənilən halda, ortada nəticə var: “AXCP öz üzvündən fərqli olaraq, bir siyasi mədəniyyət nümayiş etdirdi. Məni tam qane etməsə də, əlbəttə, bu cür jestin də qarşılığı olacaq. Gələn həftə şikayətimi geri çəkəcəm”.
Xatırladaq ki, R.Arifoğlu V.Qədirovun qeyd olunan ifadələri ilə bağlı Daxili İşlər Nazirliyinə müraciət edib. V.Qədirov bu şikayətlə əlaqədar İmişli polis şöbəsində ifadə verib.
Qeyd edək ki, bundan öncə də AXCP mətbuat xidməti üzvü V.Qədirovun bu hərəkətini pisləyən bəyanat yaymışdı.