“Mövcud hakimiyyətə qarşı qurulan bir alyansda bu hakimiyyətin qurucusunu, memarını özünə ideal hesab edən bir şəxsin yeri olmamalıdır. Lalə Şövkət də bunu anladı və getdi”
“Yeni Müsavat” qəzetinin baş redaktoru, Müsavat Partiyasının üzvü Rauf Arifoğlunun APA-ya müsahibəsi
- Müsavat və AXCP-nin birləşməsi, Cəmil Həsənlinin sədr olması barədə təklifiniz hər iki partiyada soyuq qarşılandı. Bunu gözləyirdiniz?
- Bu təklifin müəllifliyini yalnız öz üzərimə götürməyimi doğru saymıram. Bu təklifi ilk dəfə “Yeni Müsavat” qəzetinin köşə yazarlarından olan Azər Rəşidoğlu səsləndirib. Ondan sonra da ADP sədri Sərdar Cəlaloğlu bu təklifi təkrar edib. Amma bu, diqqətə alınmamışdı və mən sadəcə, bu təklifi təkrar etmişəm. Buna da lazım olandan artıq diqqət göstərildi. Bu təkliflə bağlı mənim xüsusi bir israrım da yoxdur, baş tutmasa, xüsusi bir məyusluğum da olmayacaq. “Olmazsa da, heç olmasın” deyərək cümlələr də işlədə bilərəm. Çünki bu mənim üçün prioritet mövzu deyil. Mənim üçün prioritet mövzu hazırda “Yeni Müsavat” qəzetinin qorunub saxlanılması, işinin qaydaya salınmasıdır.
- Niyə Müsavat və AXCP-nin birləşməsini, məhz Cəmil Həsənlinin sədr olmasını təklif etmişdiniz?
- Cəmil Həsənlinin imkanlarından və seçki kampaniyası dövründə göstərdiyi qabiliyyət, türklər demiş, performansdan müxalif düşərgənin maksimum yararlanmasının tərəfdarıyam. Ağlın yolu budur, başqaları da təklif edir ki, Cəmil Həsənlinin başçılığı altında aparılan proses strukturlaşdırılsın. Ən effektli struktur da ondan ibarət ola bilər ki, AXCP, Müsavat və digərləri bir araya gəlsin və super partiya yaradılsın. İndi mən bilmirəm ki, buna yox deyənlər nəyə yox deyirlər? Cəmil Həsənliyəmi, super partiyanın yaradılmasınamı, yoxsa bunu mənim deməyiməmi? Bu mənim üçün qaranlıq qalır.
- Super partiya ideyası alınmadığı halda, Cəmil Həsənlinin bu yaxınlarda qurultayının keçirilməsi gözlənilən Müsavat Partiyasının başqanlığına gətirilməsi ideyası nə dərəcədə aktuallaşa bilər?
- Müsavat Partiyasında yüksək səviyyəli, nəinki partiyada, ölkədə lider statusunda ola biləcək kadrlar var. Mən dediyim, təkrar etdiyim formul Müsavat Partiyası üçün deyil. Bu formul bütövlükdə düşərgənin potensialının bir araya gətirilməsi üçündür. Cəmil Həsənlinin indiki statusunu daha məqbul hesab edirəm, nəinki hər hansı partiyanın başına gəlməsini...
- Son açıqlamalardan belə görünür ki, Müsavat Partiyasının qurultayı keçiriləcək və İsa Qəmbər partiyanın başqanı postundan gedəcək. İsa Qəmbərin gələcəyini necə görürsünüz?
- İsa Qəmbər Azərbaycan tarixinin ən nəhəng siyasi fiqurlarından və dövlət xadimlərindən biridir. Gənc yaşında prezidentliyi, dövlət rəhbərliyini, parlament sədrliyini görmüş, o sınaqlardan üzüağ çıxmış birisidir. Azərbaycan müxalifətini toparlayan və idarə edən, qoruyan, irəli aparan, demokrat tipində olan bir ziyalıdır. Onun üçün staj həddindən artıq çox olsa da, siyasətçi olaraq yaşı o qədər də çox deyil. Bu yaşda hələ çoxları yenə siyasi fəaliyyətlərinə start verirlər. İsa Qəmbərin də gələcəyini ölkənin gələcəyi kimi parlaq görürəm.
- ALP sədri Əvəz Temirxan bu gün APA-ya açıqlamasında həm Milli Şura yaradılmazdan öncə, həm də prezident seçkilərindən sonra sizi bu quruma qarşı dağıdıcı fəaliyyətlə məşğul olmaqda günahlandırıb. Bu ittihamlar barədə nə deyə bilərsiniz?
- Bu cür bəyanatları, əhəmiyyətimin və gücümün bu qədər qabardılmasını doğru, həm də ağıllı hesab etmirəm. İnanıram ki, Əvəz Temirxan bu düşərgənin ortasında yox, sonlarındadır.
- Necə hesab edirsiniz, seçki dönəmində, son proseslərdə Lalə Şövkətin rolu necə oldu və o, indiyə qədər niyə susur?
- Lalə Şövkət tipik əliyevçidir. O, öz xarakterindən, xasiyyətindən ayıla, qopa, demokrat ola bilmədi. Proseslərin ən kritik nöqtəsində də bunu büruzə verdi, bütün müxalifət liderlərini aşağılayan bir açıqlama ilə çıxış etdi. Bu da onu göstərir ki, bu xanım onu Azərbaycan siyasətinə gətirən Heydər Əliyevi unuda bilməyib. Belə görünür ki, qarşısına çıxan, onunla əməkdaşlıq edən hər kəsi onunla müqayisə edir və onun aləmində Heydər Əliyev qalib gəlir. Mən hesab edirəm ki, mövcud hakimiyyətə qarşı qurulan bir alyansda bu hakimiyyətin qurucusunu, memarını özünə ideal hesab edən bir şəxsin yeri olmamalıdır. Lalə Şövkət də bunu anladı və getdi.
- Xarakter və prinsipdən söz düşmüşkən, Əvəz Temirxan deyir ki, 2005-ci ildə Lalə Şövkət verdiyi vədə əməl edərək, deputat mandatından imtina etdi, ancaq seçkiöncəsi bəyanatlarının əksinə olaraq İsa Qəmbər, Arif Hacılı və siz Müsavat deputat qrupunun parlamentin işinə qatılmasını dəstəklədiniz.
- Mən heç kimə söz verməmişəm və heç kimin qarşısında da məsuliyyətim yoxdur. Doğru bildiyim, gerçək hesab etdiyim nədirsə, onu danışır və onun kampaniyasını aparıram. Danışmaq, yazmaq, tənqid etmək mənim gündəlik işimin bir parçasıdır və buna görə də tarixdən, tanrıdan və oxucularımdan mandat almışam. Mən öz işimi görürəm. Əvəz Temirxanın tənqid etdiyi prosesə gəlincə, bu mənim işimdir. 9 gün sonra bu işlə məşğul olmağımın 24 ili tamam olacaq. Adamı gördüyü işə görə də qınayarlarmı? Bu da ağıldan kəmliyin bir nişanəsidir.
- Necə hesab edirsiniz, fəaliyyətinizin 24-cü ildönümündə Rauf Arifoğlu özünü daha çox jurnalist, baş redaktor, yoxsa siyasətçi kimi təsdiqlədi?
- Mən doğuşdan, siyasətə gələn gündən qəzetçiyəm. Ancaq cəmiyyət məni yalnız qəzetçi kimi qəbul etmir. Öz aləmimdə, dünyamda mən qəzetçi, yazaram, ictimai rəyə təsir edən bir mexanizmin, mühərrikin rəhbəriyəm. Görünür ki, bu baxımdan da ictimai rəydə, cəmiyyətdə, müxalif düşərgədə mənim haqqımda qəzet redaktorluğundan daha çox ekspert, siyasətçi və s. obrazda təsəvvürlər yaranır.