“Rüstəm İbrahimbəyovun Milli Şuranın sədrliyindən istefa verməsinin onun son zamanlarda atdığı ən düzgün addım kimi qiymətləndirirəm”.
Bunu Lent.az-a açıqlamasında İctimai Palatanın Koordinasiya Şuranın üzvü və “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu deyib.
Onun sözlərinə görə, Milli Şuranın yeni sədri Cəmil Həsənli seçilsə belə, qurumun bundan sonra da ayaqda qalması çox çətin olacaq: “Mən Cəmil Həsənlinin özünə də, onun siyasi perspektivinə də pozitiv münasibət bəsləyirəm. Ancaq Milli Şura struktur kimi mövcud deyil və işlək format deyil. Buna baxmayaraq, Cəmil Həsənliyə və Milli Şurada təmsil olunan Müsavat Partiyası üzvlərinə görə neqativ bir şey demək istəmirəm”.
R.Arifoğlu bildirib ki, R.İbrahimbəyov MŞ-in bu cür davam etməyəcəyini başa düşürdü. Bu səbəbdən də qurumun saxlanılması üçün sədrlikdən istefa verdi: “O başa düşürdü ki, həmsədrlik məsələsinə israr etsə, Milli Şura parçalanacaqdı. Məsələlər bu cür davam etsəydi, həmsədrlik tərəfdarları dirəşsəydilər, Müsavat Partiyası oradan çıxacaqdı. Bu isə Milli Şuranın ömrünün bitməsi demək idi. O zaman isə Rüstəm müəllim müxalifəti mən birləşdirdim arqumentindən məhrum olacaqdı”.
R.Arifoğlu hesab edir ki, R.İbrahimbəyovun istefasının ardınca MŞ-dən gedənlər olacaq: “Onların sayı 1-2 nəfər yox, daha çox olacaq. Ancaq nə qədər ki, Cəmil Həsənli, Müsavat, AXCP, o cümlədən “El” Hərəkatı ordadır, Milli Şura fəaliyyətini davam etdirəcək”.