“Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu AXCP-nin İmişli rayon şöbəsinin fəalı Vüqar Qədirovdan şikayət edib. Bu barədə “Azadlıq” qəzetinə Vüqar Qədirov məlumat verib. Onun sözlərinə görə, dekabrın 4-də rayon polis şöbəsinə çağırılıb.
Vüqar Qədirov deyir ki, məsələ Rauf Arifoğlunun ölkə başçısı İlham Əliyevin “Jurnalistlərin dostu” mükafatını aldığı mərasimdə iştirak etməsindən sonra başlayıb: “Bu iştirakdan sonra mən “Facebook” səhifəmdə Rauf Arifoğlunu tənqid etdim. O, mənə cavab yazdı. Ancaq yazdığım statusun altında yox, mesaj qutuma. Biz yazışdıq və mən iradlarımı ona bildirdim. Ancaq təhqirə yol verməmişəm. O isə məktubunda ölkə başçısını təhqir etdiyimi yazıb”.
Vüqar Qədirovun sözlərinə görə, şöbədə onu 3 saat saxlayıblar: “Üç saatdan sonra buraxdılar. Məndən heç yerə getməmək barədə iltizam aldılar. Sabah (dekabrın 5-də - red) saat 9:30-da yenə polis bölməsinə gedəcəm”.
Rauf Arifoğlu müsavat.com-a açıqlamasında faktı təsdiq etdi və bildirdi ki, Vüqar Qədirov “Facebook”da onun ünvanına təhqir yazıb: “O mənim ünvanıma dilə gətirilə bilməyəcək ifadələr işlədib. Əminəm ki, öz partiya liderlərindən birbaşa tapşırıq alıb. Bunlar şəbəkə halında işləyirlər. Mərkəzdən tapşırıq gələn kimi, bütün fəallar hədəf göstərilən obyektin üstünə düşürlər. Həmin gün mən AXCP liderinin və onun fəallarının hədəfindəydim. Sadəcə, Vüqar Qədirovun tərbiyəsi və səviyyəsi daha düşük olduğundan, açıq təhqir yazıb. Onun həmin statusu “Facebook”da yayandan 13 dəqiqə sonra ona mesaj yazdım və “sizlə” xitab edərək, o təhqirləri yığışdırmağı xahiş etdim. Razılaşmadı, dedi bu ifadələr təhqir deyil, tənqiddir. 3 dəfə inboxuna mesaj yazdım, şikayət edəcəyim barədə xəbərdarlıq etdim. Eyninə də almadı, əksinə, daha da üstünə qoydu. Buna görə də yazışmaları kopyaladım, şikayət ərizəsi ilə yolladım müvafiq qaydada polis nazirliyinə. Bütün yazışmalar ərizəyə əlavə olunub. Etdiyim hərəkət doğrudur, qanunlara uyğundur. Onu da deyim ki, bu təhqir kimə edilsəydi, həmin şəxs mütləq fiziki qaydada cavab verərdi. Yəni oradakı söz azərbaycanlı mentalitetinə görə Vüqar Qədirovu ən ağır şəkildə cəzalandırmağa əsas verir. Lakin mən belə etmədim – siyasətlə, ictimai fəaliyyətlə məşğulam və bu səbəbdən də reaksioner hərəkətdən daşındım. Vüqarı müdafiə etmək istəyənlərə və ya edənlərə isə deyirəm ki, bu halda bu tərbiyəsizin mənə yazdıqlarını ictimai qaydada onlara ünvanlayacam. Xüsusi ilə AXCP-nin liderlərinə şəxsən. Görüm dözəcəklərmi? Qaldı, bir Cəbhəçidən polisə şikayətin nə dərəcədə düz olub-olmamasına... Vaxtilə AXCP sədri Əli Kərimli də şəxsən məndən və qardaşım Azər Ayxandan ölkənin Baş prokuroruna şikayət edib və biz bu şikayətlərə görə aylarla istintaq altında qalmışıq, həftələrlə izahatlar yazmış, bir dəfə isə polis vasitəsi ilə saxlanaraq, dustaq maşınında zorla ifadə verməyə aparılmışıq. Hesab edirəm ki, o zaman Əli bəy düz eləmişdisə, indi də mən düz edirəm. Yox, o zaman onun etdikləri səhv idisə, bunu rəsmən etiraf edəndən sonra, mən də hərəkətimə bir daha baxaram...”