“Ölkəmiz daim milli və dini dəyərlərə sadiqlik nümayiş etdirir”. Lent.az-ın məlumatına görə, bunu prezident İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında verdiyi iftar süfrəsi mərasimində çıxışı zamanı bildirib.
Dövlət başçısı Azərbaycanda dinlərarası dialoqun nümunəvi xarakter daşıdığını və bütün millətlərin bir ailə kimi yaşadıqlarını qeyd edib. “Bəşəri dəyərlərə hörmətlə yanaşılan, beynəlxalq birliyə uğurla inteqrasiya edən Azərbaycan İslam həmrəyliyinə də töhfələrini əsirgəmir”.
Azərbaycanda əsaslı sosial-iqtisadi inkişafa nail olunduğunu bildirən prezident İlham Əliyev dünyada maliyyə və iqtisadi böhranın hökm sürdüyü indiki dövrdə də respublikamızın uğurlu inkişafını davam etdirdiyini vurğulayıb. “Bu, ölkəmizin durmadan artan iqtisadi qüdrətinin və beynəlxalq nüfuzunun əyani nümunəsidir”
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə toxunan prezident İlham Əliyev hərtərəfli güclənən Azərbaycanın işğal altında olan torpaqlarını da azad edəcəyinə əminliyini bildirib. Prezident İlham Əliyev şeyxülislam Allahşükür Paşazadənin dinlərarası dialoqun inkişafına dəyərli töhfələr verdiyini, Vətən qarşısında xüsusi xidmətləri olduğunu və beynəlxalq səviyyədə böyük nüfuz qazandığını qeyd edib, ona və xalqımıza qarşıdan gələn Ramazan bayramı münasibətilə ən xoş arzularını çatdırıb.