Parlament sədri Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti İslam Əməkdaşlığı Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının 9-cu iclasında iştirak etmək üçün fevralın 18 – də İrana səfər edəcək. Lent.az məlumatına görə, bu barədə Milli Məclisin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Azərbaycan parlament nümayəndə heyətinin tərkibinə deputat Eldar İbrahimov, Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.
Tehranda keçiriləcək İƏT Parlament İttifaqı Konfransının növbəti sessiyasında qurumun daimi komitələrinin qətnamələri təsdiq olunacaq, təşkilata üzv dövlətlər arasında əməkdaşlığın bu günü, gələcək inkişafı müzakirə olunacaq və bir sıra təşkilati məsələlərə baxılacaq. Sessiyada parlament nümayəndə heyətləri başçıları çıxış edəcəklər.
Təşkilatın daimi komitələri artıq öz işinə başlayıb. Azərbaycanlı deputatlar Cavanşir Paşazadə, Mirkazım Kazımov, Xanhüseyn Kazımlı orada iştirak edirlər.
Tədbir çərçivəsində Müsəlman Qadın Parlamentarilərinin 3 – cü konfransı və Fələstinə dair daimi komitənin növbti iclası keçiriləcək.
Qeyd edək ki, 9- cu iclasda Ermənistanın Azərbaycana qarşı təcavüzünə dair qətnamə layihəsinin də müzakirəyə çıxarılması planlaşdırılır. O.Əsədovun iranlı həmkarı Əli Laricani və üzv ölkələrin parlament sədrlə ilə iki tərəfli görüşləri də nəzərdə tutulur.