APA-nın AZƏRTAC-a istinadən verdiyi məlumata görə, görüşdə Yaponiya İmperatoru qeyd edib ki, parlamentlər arasında mövcud olan dostluq əlaqələri ölkələrimizin əməkdaşlığının inkişafında mühüm rol oynayır.
Ölkəmizdə son illər həyata keçirilən iri beynəlxalq layihələr barədə məlumat verən O. Əsədov isə artıq Azərbaycan qazının Avropaya nəqli ilə bağlı yeni layihələrin reallaşması istiqamətində mühüm addımların atıldığını qeyd edib. O bildirib ki, Azərbaycan regionda yalnız energetika sahəsində deyil, eyni zamanda, mühüm nəqliyyat layihələrinin reallaşması istiqamətində çalışır. O. Əsədov bildirib ki, Yaponiyanın Azərbaycan iqtisadiyyatına böyük həcmdə investisiya yönəltməsi ilə yanaşı, respublikamızın həyata keçirdiyi nəhəng layihələrdə bu gündoğar ölkənin şirkətləri də yaxından iştirak edirlər.
Milli Məclis sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti həmçinin Yaponiya baş nazir Şinzo Abe ilə görüşüb. Görüşdə ölkələrimiz arasında humanitar, o cümlədən təhsil sahəsində əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Ş. Abe Azərbaycan nümayəndə heyətinin bu səfərinin Yaponiya mədəniyyətinin, tarixinin öyrənilməsi ilə yanaşı, iki ölkə arasında əlaqələrin inkişafı baxımından əhəmiyyətli olacağına inandığını bildirib. Yaponiya şirkətlərinin Azərbaycanda reallaşan layihələrdə fəal iştirakından məmnunluğunu bildirən baş nazir ölkəsinin energetika sahəsi ilə yanaşı, digər sahələrdə də əməkdaşlıqda maraqlı olduğunu qeyd edib.
O. Əsədov isə bu səfərin ölkələrimizin bütün sahələrdə əlaqələrinin inkişafı baxımından əhəmiyyətli olacağını qeyd edib. Azərbaycanda son illər həyata keçirilən sosial-iqtisadi islahatlar, o cümlədən beynəlxalq miqyaslı layihələr barədə məlumat verən Milli Məclisin sədri Yaponiya şirkətlərini yalnız neft sahəsində deyil, digər sahələrdə də əməkdaşlığa dəvət edib.