Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında deputat Etibar Hüseynovun son günlər qaçqın və məcburi köçkünlər barədə təhqiredici ifadələr işlətməsi ilə bağlı yayılan xəbərlər qaldırılıb. Lent.az-ın məlumatına görə, Etibar Hüseynov söz alaraq bu barədə çıxış edib.
O qeyd edib ki, onun haqqında yayılan bu xəbərlərin heç bir əsası yoxdur: “Bu, konkret bir mənbədən mənə qarşı edilən qarayaxmadır. Guya mən hansısa proqramda çıxışımda qaçqın və köçkünləri, qarabağlıları təhqir etmişəm və sair. Mən bunun kimlər tərəfindən yayılması barədə artıq faktlar əldə etmişəm və bu faktları toplayıb müvafiq orqanlara ölçü götürülməsi üçün təqdim edəcəm. Eyni zamanda buradan bildirirəm ki, bununla bağlı istintaq aparılıb başa çatana qədər heç bir mətbuata açıqlama verməyəcəm və bu gündən belə mənim adımdan yayılan xəbərlər saxtadır”. Deputat bütün bunlara baxmayaraq, adından yayılan xəbərlərə görə qaçqın və köçkünlərdən, o cümlədən qarabağlılardan üzr istəyib: “Bütün hallarda mənim adımdan bu insanlar mənən incidilibsə, təhqir olunubsa, mən yenə də heç nəyə baxmayaraq, onlardan üzr istəyirəm. Üzr istəmək böyüklük əlamətidir”.
Deputatın çıxışına münasibət bildirən spiker Oqtay Əsədov bildirib ki, ötən gün axşam İntizam Komissiyasında onun da iştirakı ilə E. Hüseynovun məsələsinə baxılıb: “Biz onunla çox sərt söhbət etdik, lazım olan işi apardıq. Ona görə də Etibar Hüseynov, sizə tövsiyəm odur ki, ümumiyyətlə, mətbuata az danışasınız. Deyirsiniz az danışıram, az danışırsınız belə “skandal” yaranır, görün çox danışsanız nə olar”.