Nazim İbrahimov “Milyarderlər İttifaqı”ndan danışdı
28 dekabr 2012 13:25 (UTC +04:00)

Nazim İbrahimov “Milyarderlər İttifaqı”ndan danışdı

0

“Bu təşkilatın yaranması Rusiyadakı Azərbaycan diasporuna ziyandan başqa bir şey verə bilməzdi”

 

“Biz xarici dövlətlərdə Azərbaycanla bağlı təşkilatların yaranmasına hər zaman individual yanaşır, buna xüsusi diqqət yetiririk. Hər birinə olan diqqətimiz də fərqlidir. Ola bilər ki, hansısa dövlətdə yaranan təşkilatı alqışlayırıq. Başqa dövlətdə təşkilatın yaranması Azərbaycan diasporuna ziyan gətirə bilər deyə, buna mənfi münasibət bəsləyirik. Rusiyada yaranmaq istəyən “Milyarderlər İttifaqı”na da mənfi münasibətimizi əvvəlcədən bildirmişik. Hesab edirik ki, istənilən azərbaycanlı Azərbaycan dövlətinə, dövlətçiliyinə xidmət etmək, iki ölkə arasında münasibətlərin inkişafına təkan vermək istəyirsə, mövcud təşkilatların birində çalışa, onların işini gücləndirə bilər. Nəticədə diaspor işi də inkişaf edər”.

 

APA-nın xəbərinə görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib.

 

N. İbrahimovun sözlərinə görə, Rusiyadakı Azərbaycan diaspor təşkilatları yüksək səviyyədə inkişaf etdiyi bir vaxtda bu addımın atılması Rusiyadakı azərbaycanlılarının birliyinə ziyan gətirəcək amil kimi dəyərləndirilir: “Bir daha bəyan edirik ki, Azərbaycan dövlətinə, dövlətçiliyinə sədaqətli olduqlarını söyləyirlərsə, biz həmin insanlarla birgə fəaliyyət göstərməyə hazırıq. Bu işin nəticəsi haqda, təşkilat haqqında müsbət fikir söyləmək hələ tezdir. Bu haqda mətbuatda çox yazıldı, ictimaiyyətdə müəyyən fikirlər səsləndi. Dövlət adamları müəyyən analizlər edib zamana ehtiyaca olduğunu gördülər.

 

Rusiyada bu işdən istifadə edib özünə xal qazanmaq istəyənlər də oldu. Özlərinin nə qədər azərbaycançılıqdan, dövlətçilikdən uzaq olduqlarını göstərənlər də oldu.  Azərbaycana bir dəfə də olsun gəlməyən adamlar da bundan istifadə edib önə çıxmaq istədilər. Amma zaman hər şeyi yerinə qoyur. İctimai rəy çox aktiv və diqqətlidir deyə heç bir şəxs yüngül formada bu işdən istifadə edərək xal qazana bilməz.

 

Azərbaycanın bu işdə mövqeyi birmənalıdır. Yüksək dövlət məmurları da bununla bağlı mövqelərini bildiriblər. Biz Dövlət Komitəsi olaraq bildiririk ki, bu təşkilatın yaranması Rusiyada olan Azərbaycan diasporunun təşkilatlanmasına ziyandan başqa bir şey verə bilməzdi. Əgər orda iştirak edən azərbaycanlılar istəyirlərsə, başqa diaspor təşkilatlarında iştirak edə bilərlər”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1547

Oxşar yazılar