Moldovalı ombudsman Dağlıq Qarabağın Azərbaycanlı İcmasının mərkəzi qərargahında və Qarabağ Araşdırmalar Mərkəzində olub. Lent. az-ın məlumatına görə, moldovalı ombudsman İcma üzvləri ilə birgə Şəhidlər xiyabanını ziyarət edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.
İcma rəhbəri Bayram Səfərov Aurelia Qriqoriu ilə görüşdə çıxış edərək BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qətnamələrinə baxmayaraq, Ermənistanın hələ də Azərbaycan ərazilərini işğal altında saxladığını vurğulayıb.
Azərbaycanın dost mövqeyini ombudsmana çatdıran Milli Məclisin deputatları Elman Məmmədov və Rövşən Rzayev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda sülh yolu və beynəlxalq hüquq normaları çərçivəsində həllinə tərəfdar olduqlarını deyib.
A.Qriqoriu isə Xocalı soyqırımı ilə bağlı çıxışına görə nəinki İrəvanda, Moldovada da çoxsaylı təzyiqlərə məruz qaldığını, amma buna baxmayaraq, bir hüquq müdafiəçisi kimi sonadək mövqeyindən geri çəkilməyib üzərinə düşən vəzifəni şərəflə icra etdiyini diqqətə çatdırıb.
Tədbirdə erməni terrorundan söhbət açan film nümayiş olunub və sonra xanım Qriqoriu fəxri diplomla təltif olunub.
Qonaq Azərbaycan Respublikasının Prezident yanında Dövlət İdarəçilik Akademiyasındakı Qarabağ Araşdırmalar Mərkəzinin fəaliyyəti ilə tanış olub.