Bu gün Milli Şuranın növbəti sessiyası keçiriləcək.
Saat 16:00-da Müsavat Partiyasının Qərargahında baş tutacaq sessiyada qurumun gələcək fəaliyyəti ilə bağlı bir sıra mühüm qərarların qəbul edilməsi gözlənilir.
Məsələ ilə bağlı Lent.az-a açıqlama verən Milli Şuranın üzvü, AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirib ki, bugünkü sessiyada bir neçə üzv qurumdan kənarlaşdırılacaq.
Onun sözlərinə görə, artıq MŞ-dən istefa verdiklərini açıqlayan keçmiş spiker Rəsul Quliyev, ALP lideri Lalə Şövkət və ACP Ali Məclisinin sədri Zəminə Dünyamalıyeva ilə yanaşı bir sıra başqa şəxslər də Milli Şura üzvlüyündən kənarlaşdırıla bilər: “Bugünkü sessiyada Milli Şuradan istefa verdiklərini açıqlayan şəxslərin istefasının təsdiqlənməsi ilə yanaşı, qurumun fəaliyyətində passiv iştirak edən və ya ümumiyyətlə iştirak etməyən, sessiyalara qatılmayan bir çox şəxslərin də üzvlükdən kənarlaşdırılması məsələsinə baxılacaq. Mən konkret ad çəkmək istəmirəm, ancaq deyə bilərəm ki, kənarlaşdırılması gözlənilən şəxslər Milli Şuranın bu günədək olan fəaliyyətində iştirak etməyənlər arasından müəyyənləşdiriləcək”.
Əldə etdiyimiz məlumata görə, fəaliyyətsizliklərinə görə MŞ-in sıralardan kənarlaşdırılacaq şəxslər arasında ACP və ALP üzvləri ilə yanaşı, həm də bir neçə müstəqil şəxs var.