Milli Məclisdə Ukrayna mübahisəsi: "Bir tormozunuz olsun də!"
04 mart 2014 12:57 (UTC +04:00)

Milli Məclisdə Ukrayna mübahisəsi: "Bir tormozunuz olsun də!"

Milli Məclisin bu gün keçirilən iclasında Ukrayna və Rusiya arasında baş verən son gərginlik qaldırılıb. Lent.az-ın məlumatına görə, deputat Fərəc Quliyev bu məsələyə biganə qalmamağı və Azərbaycanlı deputatlardan ibarət Ukraynaya barışdırıcı xarakter daşıyan missiyanın göndərilməsini təklif edib.

 

Spiker Oqtay Əsədov isə deputatın bun təklifini yersiz sayıb və bu niyyətdə olan ümumiyyətlə deputatlara irad tutub: “Ukrayna və Rusiya qardaş ölkədir. Öz aralarında olan problemdir. Azərbaycanın mövqeyi budur ki, hər bir ölkənin müstəqilliyinin qorunsun. Ukraynada 300 minə yaxın, Rusiyada 2 milyona yaxın azərbaycanlı yaşayır. Biz indi bu iki qardaş ölkənin arasına girək?! Yersiz təkliflər eləməyin”.

 

Bunun ardınca çıxış edən deputat Etibar Hüseynov isə “son vaxtlar Azərbaycanın problemlərini, Qarabağı unudub Suriya və Ukraynadan danışanların sayının artdığını” bildirib: “Saytlarda oxuyuram, bir nəfər deyir ki azərbaycanlılar Ukraynanın müdafiəsi uğrunda ölməyə hazırdır. Bu nə gülünc ifadədir? Məgər bizim uğrunda öləcək torpağımız yoxdur ki, ya Suriyada, ya da Ukraynada ölürük?”

 

Oqtay Əsədov deputat Etibar Hüseynova eyni formada  xüsusi irad tutub: "Yenə başladınız Ukrayna məsələsini?! Mən sakitləşdirirəm, siz uzadırsız. Bir tormozunuz olsun. Belə məsələləri təkrar-təkrar danışmayın, səviyyəli təkliflər edin".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1523

Oxşar yazılar