Siyavuş Novruzov: “O adam bələdiyyəyə namizəd belə ola bilməyib”
Milli Məclisdə Avropa Parlamentinin Azərbaycana qarşı qəbul etdiyi qətnamə müzaikrə edilir.
Lent.az-ın verdiyi məlumata görə, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Siyavuş Novruzov Avropa Parlamentinin qəbul etdiyi qətnamənin qərəzli, Azərbaycan əleyhinə yönəlmiş kampaniyanın tərkib hissəsi olduğunu bildirib.
Siyavuş Novruzov deyib ki, avrloparlamentarilər İlqar Məmmədovu, İsa Qəmbəri belə tanımır: “Qətnamədə qeyd edilir ki, 52 QHT bununla bağlı Avropa Parlamentinə müraciət edib, ancaq o QHT-lərin adları yoxdur. Qətnamədə yazılır ki, İlqar Məmmədov prezidentliyə real namizəd olduğu üçün onun barəsində həbs qərarı verilib. O adam bələdiyyəyə namizəd belə ola bilməyib. Onun prezidentliyə namizəd kimi göstərilməsinin özü qərəzlidir. “Freedom House” təşkilatı da eyni məzmunlu bəyanat verib, sanki bir mərkəzdən idarə olunurlar. Buna səbəb Azərbaycanın uğurlarını gözlərinin götürməməsi, erməni lobbisi ilə birgə hərəkət etmələridir”.
Siyavuş Novruzov 20 ildir ki, müsavatçıların hüquqlarını müdafiə edən Novella Cəfəroğlunu hesabata qarşı çıxdığı üçün partiyadan çıxarmaq istədiklərini söyləyib: “Bəs sizin ədalətiniz hardadır? Vaqif Səmədoğlu, Şirzad Əyyub, Aynur Camalqızı deputat seçildiyi üçün partiyadan çıxarılıblar. Digər tərəfdən, parlamentdən 20 dəqiqə məsafədə mitinq keçirmək üçün gözəl bir yer var. Elektoratları olmadığı üçün yeri bəhanə edirlər. Yaxud bir sıra insanlar barədə hələ məhkəmə qərarı verilməyib, nə üçün öncədən belə bir bəyanat verirlər? Bu, demokratiya məsələsi deyil, iqtisadi maraqlarına görə belə qərarlar verirlər. Avropada Azərbaycanı istəyən yüzlərlə deputat var. Onların bəziləri Avropa Parlamentinin də üzvləridir. Bizim Avronest Parlament Assambleyasında, digər qurumlarda deputatlarımız var, onlar fəal olmalıdırlar”.
Spiker Oqtay Əsədov Avropada Azərbaycanın dostlarının çox olduğunu bildirib: “Avropada 5 erməni təşkilatı var, hərəsində 5-6 avroparlamentari var. Ancaq Azərbaycanın dostları arasında belə məsələlər ortaya çıxanda yaxasını kənara çəkənlər də çoxdur. Azərbaycanın dostlarının 20 faizi orada olsa, belə qərarlar qəbul edilməzdi”.
Oqtay Əsədov Avropa Parlamentinə etirazla bağlı vitse-spiker Valeh Ələsgərovun rəhbərliyi altında İşçi Qrupu yaradılmasını təklif edib. O, İşçi Qrupunda millət vəkilləri Səməd Seyidov, Aqiyə Naxçıvanlı, Asim Mollazadə, Gülçöhrə Məmmədova, Əli Hüseynli, Novruz Aslanovun təmsil olunmasını təklif edib.
Avropa Parlamenti-Azərbacan Milli Məclisi Əməkdaşlıq Komitəsinin həmsədri, vitse-spiker Valeh Ələsgərov deyib ki, vacib məqamlarda Əməkdaşlıq Komitəsinin iclası keçirilməyib: “lLldə bir dəfə görüşürük. Ancaq Əməkdaşlıq Komitəsi il ərzində görüşməli, qanunvericiliklə bağlı məsələlər müzakirə olunmalıdır. “Böyük qardaş” ideologiyasını, fikrini qəbul etmirəm. Avropa Parlamenti kimdir ki, onun dediyi ilə oturub-duraq?! Yunanıstanda əhalinin 28 faizi işsizdir, bu insanların problemləri ilə məşğul olsunlar. 2007-2008-ci ildə Gürcüstanın NATO-ya, sonra da Avropa Birliyinə daxil olacağını bildirirdilər. Sonra nə oldu, Gürcüstanın arxasında durdularmı? Bu ölkə bizimdir, qərarlarımızı da özümüz qəbul etməliyik. Avroparlamentarilər Əməkdaşlıq Komitəsinin iclasına belə gəlmirlər”.
Millət vəkili Asəf Hacıyev Milli Məclisin bəyanatının adının “Avropa Parlamentinə cavab” yox, “Avropa Parlamentinin 32 deputatına cavab” qoyulmasını təklif edib: “”Eurovision” Mahnı Müsabiqəsi keçirilən zaman Avropa Parlamenti Azərbaycana qarşı qətnamə qəbul etmişdi. Düşündüm ki, indii Azərbaycanda hansı gözəl hadisə baş verib ki, Azərbaycana qarşı qətnamə qəbul ediblər?! Bu yaxınlarda sıralarında 600 min insanı birləşdirən Yeni Azərbaycan Partiyasının qurultayının keçirildiyini xatırladım”.