Azərbaycan parlamentinin bu gün keçirilən iclasında "Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında" Çərçivə Konvensiyasının Xəzər dənizinin quruda yerləşən mənbələrdən və quruda həyata keçirilən fəaliyyət nəticəsində çirklənmədən mühafizəsi haqqında" Protokolunun təsdiq edilməsi müzakirəyə çıxarılıb. Lent.az-ın məlumatına görə, protokola əsasən, razılığa gələn tərəflər quruda yerləşən mənbələrdən və quruda həyata keçirilən fəaliyyət nəticəsində Xəzər dənizinin ətraf mühitini və sahilyanı ərazilərinin çirklənmədən qarşısını almaq, belə çirklənməyə nəzarət etmək, onu azaltmaq və mümkün olan maksimal həddə aradan qaldırmaq üçün Konvensiyanın müddəalarına əsasən fərdi və ya birgə bütün zəruri tədbirləri həyata keçirirlər. Sənədə əsasən, tərəflər məlumat mübadiləsi aparacaq, ətraf mühitə təsirin qiymətləndirilməsi və monitorinqi istiqamətində birgə tədbirlər görəcəklər. Daha sonra sənəd səsə qoyularaq təsdiq olunub.
İclasda həmçinin "Dəniz limanları haqqında" yeni qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Layihə barədə İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. 7 fəsil və 29 maddədən ibarət olan qanun dəniz limanlarında ticarət gəmiçiliyi çərçivəsində münasibətləri, onların tikintisini, açılmasını və bağlanılmasını, limanlarda işi, həmçinin qaydalarını tənzimləyəcək. Qanuna dəniz limanlarının fəaliyyətinin dövlət tərəfindən tənzimlənməsinin əsasları daxil ediləcək.
Qanun, eyni zamanda limanlarda gəmi agentlərinin, dəniz terminalının operatorlarının, daşıyıcıların, limanın infrastruktur obyektlərinin sahiblərinin fəaliyyətlərini, limanların fəaliyyətinin maliyyələşdirilməsi məsələlərini, həmçinin liman ərazisindəki dövlət mülkiyyətində olan əmlakın icarəyə verilməsi şərtlərini və digər məsələləri əhatə edəcək.
Qanun birinci oxunuşda səsə qoyularaq qəbul olunub.
İclasda "Azərbaycan Respublikası Hökuməti və Almaniya Federativ Respublikası arasında Maliyyə Əməkdaşlığı haqqında" saziş müzakirəyə çıxarılıb. Layihə barədə İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. Saziş 2013-cü il noyabrın 28-də Azərbaycan respublikasının sosial və iqtisadi inkişafına kömək etmək məqsədi ilə Azərbaycan və Almaniya Hökumətləri arasında imzalanıb. Sazişə əsasən, Azərbaycan hökuməti ölkədə müxtəlif layihələrin həyata keçirilməsi üçün dövlət əməkdaşlığı çərçivəsində Almaniyanın KfW bankından milyonlarla avro həcmində güzəştli ssuda vəsaitləri ala biləcək. Sənəd səsə qoyularaq təsdiq olunub.