Millət vəkili, Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva bu gün AŞPA-nın yay sessiyasında çıxış edib. Lent.az xəbər verir ki, o Assambleyada müzakirə olunan iki sənəd - “Progress report” və “Azərbaycanda erkən prezident seçkilərinin müşahidəsi” adlı qətnamə layihələrinin müzakirəsində təşkilatı Azərbaycana qarşı ikili standarlara son qoymağa çağırıb: ”Azərbaycanda prezident seçkilərini 61 təşkilatdan, 59 ölkədən 894 beynəlxalq müşahidəçi izləyib. Azərbaycanda keçirilən prezident seçkilərinin beynəlxalq standartlara uyğun şəkildə, şəffaf, azad və demokratik olması ilə bağlı beynəlxalq müşahidəçilərin mütləq əksəriyyətinin yekdil fikri var. Onların əksəriyyəti seçkilərlə bağlı müsbət rəy verib. Sadəcə ATƏT və AŞPA müşahidə missiyası yekun rəyində fərqli mövqe nümayiş etdirdi. Yüzlərlə beynəlxalq müşahidəçi özləri birbaşa müşahidə etdiyi seçkilərlə bağlı azad, ədalətli, demokratik, şəffaf keçirilib deyir, amma AŞPA onların səslərini eşitmək istəmədi və istəmir”.
“AŞPA Azərbaycana münasibətdə ikili standartlara son qoymalıdır. Bu cür yanaşma Avropa Şurası ilə Azərbaycan arasında əməkdaşlığın daha da genişlənməsinə ən böyük əngəldir. Qeyd edim ki seçkilərdən əvvəl bir sıra xarici və yerli təşkilatların keçirdiyi rəy sorğusu və seçkilər günü keçirilən exit-pollarda da prezident İlham Əliyevin qələbəsi öz əksini tapırdı” -deyə xanım millət vəkili bildirib.