Məlahət İbrahimqızı: “Elmi işim yarımçıq qaldı”
19 yanvar 2013 12:27 (UTC +04:00)

Məlahət İbrahimqızı: “Elmi işim yarımçıq qaldı”

Onlar sənətçi, siyasətçi, yazıçı, deputat kimi doğulmayıblar. Onlar da hamı kimi orta məktəbə gedib, sonra ali təhsil alaraq müxtəlif peşələrə yiyələniblər. Ancaq həyat bəzən onları öz sevdikləri peşələrindən də ayrı salıb. İllər ötüb, tamam başqa bir sahəni özlərinin həyat kredosu seçiblər. 

Lent.az “Onun ilk peşəsi” rubrikasında növbəti qonağı millət vəkili kimi Məlahət İbrahimqızıdır.

 

Məlahət İbrahimqızı 1958-ci il aprelin 25-də Ermənistan Respublikasının Basarkeçər rayonunun Kiçik Məzrə kəndində anadan olub. Azərbaycan Dövlət Tibb İnstitutunun pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib. O, eyni zamanda, pediatr-həkim, "Lider qadınlar” İctimai Birliyinin sədri, tarix elmləri namizədi Prezident yanında Əfv məsələləri üzrə komissiyanın, Milli Məclisin Sosial Siyasət Komitəsinin üzvüdür.

 

“Uşaqlıqdan həkim olmaq mənim böyük arzum idi”

 

- Sizin ilk peşəniz həkimlikdir. Bu sahəyə maraq haradan yaranıb?

 

- Həkim olmaq mənim böyük arzum idi. Uşaq vaxtı səhhətimdə tez-tez problem olurdu və bu səbəbdən uşaq həkimi olmaq istəyirdim. Bu arzu ilə Tibb Universitetinə daxil olmuşam və yüksək qiymətlərlə bu təhsil müəssisəsini bitirmişəm.

 

Bilirsiniz, ailə xoşbəxtliyinin təməlini uşaqda görürəm. Uşaqların sağlamlığını qorumağı, sağlamlığına xidmət etməyi həkimlik peşəsi içərisində daha ülvi hesab edirəm. Onu da qeyd edim ki, Ağstafada təhsil aldığım orta məktəb çox güclü məktəb idi. Həmin məktəbin məzunları arasında görkəmli elm xadimləri var. Mən də həkim olmaqla yanaşı, ictimai işlərdə də fəal olmaq istəmişəm. “KVN” yarışmalarında, respublika olimpiadalarında, məktəblərarası yarışlarda iştirak etmişəm. Tibb Universitetində təhsil aldığım müddətdə də ictimai həyatda fəallığımla seçilmişəm. Mən sevmirəm ki, insan həyatını yalnız bir sahəyə, öz peşəsinə həsr etsin. İnsan hansı sənətə sahib olursa olsun, eyni zamanda, sosial-ictimai həyatda da aktiv olmalıdır. Mənim daxilimdən gələn bu istək sosial həyatda da aktiv olmağıma gətirib çıxardı. Mənim gəncliyim Sovet İmperiyasının dağılması ərəfəsinə təsadüf etdi. O vaxt bəzi keçmiş sovet ölkələri qansız-qadasız müstəqillik əldə etsələr də, bizdə vəziyyət tamam başqa cür oldu. 20 yanvar, Xocalı kimi faciələr yaşadıq. Torpaqlarımızın 20 faiz ərazisi işğal edildi. O zaman elə proseslər gedirdi ki, heç bir vətəndaş, o cümlədən qadınlar da bu proseslərə laqeyd ola bilmirdi. Mən də cəmiyyətdə gedən proseslərə-həmin vaxt baş həkim işləyirdim - qoşuldum. Beləliklə, ictimai fəaliyyətlə məşğul olmağa başladım.

1998-ci ildə ölkəmizdə ilk dəfə olaraq Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Ulu öndər Heydər Əliyevin sərəncamı ilə mən adıçəkilən komitəyə sədr müavini təyin edildim. Bu vəzifə mənə ictimai həyatda fəal olmağa daha da köməklik etdi. 2000-ci ildə proporsional yolla, 2005 və 2010-cu illərdə majoritar yolla Şəmkir rayonundan Milli Məclisə üzv seçilmişəm. 2006-cı ildən etibarən isə YAP Nəsimi rayon təşkilatının sədriyəm. 

 

Hazırda ictimai-siyasi fəaliyyəti özümün həyat tərzim hesab edirəm. Amma onu da qeyd edim ki, məndə vəzifə xəstəliyi yoxdur.  Deputat həyatı da mənim üçün adi bir həyatdır. Fikirləşirəm ki, ictimai-siyasi fəaliyyətimi dayandırıb, həkim kimi fəaliyyət göstərmək mənim üçün çətin olar. O demək deyil ki, mən təhsilimi unutmuşam. Sadəcə olaraq indi müalicə metodları dəyişib, əczaçılıq sənayesi inkişaf edib.  Vəzifə insana yaxşı işlər görməyə imkan verir. Biz də vəzifəmizdən yaxşı mənada istifadə edib, insanlara xeyir verməliyik. Ən azından mənsub olduğu qurumun adına ləkə gətirməyəsən.

 

Yadımdadır ki, həkim kimi çalışdığım dövrdə, günümüz qaçqın və məcburi köçkünlərin yanında keçərdi. O zaman Azərbaycanın ən çətin dövrləri idi.

 

- İndi də sizə həkim kimi müraciət edirlərmi?

 

- Bəli, indi də mənə yaxınlarımdan, tanışlarımdan həkim kimi müraciət edirlər. Mən də onlara bildiyim qədər məsləhətlər verirəm. Ancaq müalicə haqda heç bir söz demirəm. Çünki indi tibbi diaqnostika sahəsi o qədər inkişaf edib ki, dəqiq diaqnoz qoymaq üçün gərək mütəmadi olaraq o sahə ilə məşğul olasan, həyatını o sahəyə həsr edəsən.

 

“Heydər Əliyev dəfələrlə məndən soruşurdu ki...”

 

- Məlahət xanım, ikinci ixtisasınız hüquq ixtisasıdır. Bu sahəyə marağınız haradan yarandı?

 

- 1998-ci ildə Qadın Problemləri üzrə Dövlət Komitəsinə sədr müavini təyin olundum və düşündüm ki, hüquq təhsili almağa ehtiyac var. Onda heç bilmirdim ki, millət vəkili olacağam. Beləliklə, Bakı Dövlət Universitetində hüquq təhsili aldım. Ümumiyyətlə, hər bir insan öz hüquqlarını bilməlidir. Bəlkə də uşaq həkimi olmağımdan irəli gəlir ki, mənim üçün ailə, qadın və uşaqların hüquqları, eyni zamanda onların hüquqlarının müdafiəsi daha önəmli olub.  Hətta Sovet dövründə də rayon Qadınlar Şurasının üzvü idim və qadın problemləri, onların hüquqları ilə məşğul idim. 1998-ci ildə Azərbaycan qadınlarının ensiklopediyasını hazırladıq, ilk qurultayını keçirdik. “Lider qadınlar” İctimai Birliyini yaratmaqda da məqsədim qadın hüquqları ilə məşğul olmaq idi. Bu birlik vasitəsi ilə xeyli layihələr və həmçinin, İctimai Birliyin təşkilatçılığı ilə  “XXI əsrdə qadının rolu: Qadın siyasətçilərin məsuliyyəti” adlı beynəlxalq konfrans keçirilib.

 

Heydər Əliyev dəfələrlə məndən soruşurdu ki, qadın məsələləri ilə bağlı işini davam etdirirsənmi? Onun tövsiyəsi ilə GUAM ölkələri qadınlarının Bakıda konfransını keçirdik. Dəfələrlə belə konfranslar keçirmişik. Qadın hüquqları ilə bağlı araşdırmalara başladım. Bununla bağlı bir neçə kitabım çıxıb.

 

Bir məsələni də qeyd edim ki, tibb sahəsi üzrə elmi iş yazırdım. Demək olar ki, qeyd olunan elmi işimin yarıdan çoxu hazır idi. İctimai-siyasi fəaliyyətə başladıqdan sonra bu işimi yarımçıq saxladım. Bu günə qədər də tibb sahəsi üzrə elmi rəhbərim məni görəndə deyir ki, Məlahət xanım, mən sizi indi də gözləyirəm.

İnsan peşəsini sevməsə, uğur qazana bilməz. Fərqi yoxdur hansı peşənin sahibi olursa olsun, gərək hər bir kəs öz sənətini sevməlidir. İnsan sənətini sevəndə ondan zövq alır. Mən də qadın hüquqları ilə məşğul olanda fikirləşdim ki, tibb sahəsində elimi işimi davam etdirməkdənsə, bu sahə ilə məşğul olsam daha yaxşıdır. Və mən gender məsələsi ilə bağlı dissertasiya müdafiə etdim, tarix elmləri namizədi elmi dərəcəsini aldım.  

 

- Sizcə, qadınların istər cəmiyyətdə, istərsə də ailədə hansı hüquqları pozulur?

 

- İnsanın hansı sahədə hüququ pozulursa, o hüquq pozuntusu hesab olunur. İstər dünyada, istərsə də dünyanın bir parçası olan Azərbaycanda qadınların tez-tez hüquqları pozulur, onlara qarşı şiddət olur. Bu hallara hətta inkişaf etmiş ölkələrdə də rast gəlmək olur. Məni həmişə bunun səbəbi maraqlandırır. Nədən qadın hüquqları pozulur? Qadınlara zorakılığın səbəbi nədir? Məni bu suallar həmişə düşündürür. Hesab edirəm ki, qadın savadlı, bacarıqlı olmalıdır, öz hüquqlarını bilməlidir. Ailə hüquqları deyəndə təkcə qadınların hüquqları nəzərdə tutulmur. Ailə məcəlləsində qadınla kişinin hüquqları bərabər tutulur. Yəni kişilər qadınların başının ağası deyil. Kişi və qadın ailənin dayaqları hesab olunur. Bəzən deyirlər ki, kişi evin çörək ağacıdır. Mən bununla razılaşmıram. O qədər evlərinə çörək gətirən qadınlar var ki. Onu demək istəyirəm ki, kişi ilə bərabər qadınlar da çalışmalıdır, iqtisadi baxımdan həyat yoldaşlarından asılı vəziyyətdə olmasınlar.

 

“İndiki gənclərin çoxu dözümsüzdür”

 

- Statistik məlumatlara görə, ölkəmizdə boşananların sayı artıb. Bir millət vəkili olaraq necə hesab edirsiniz, buna səbəb nədir?

 

- Bu barədə dəqiq statistik məlumatlara malik deyiləm. Amma hesab edirəm ki, boşanmanın əsas səbəblərindən biri dözümsüzlükdür. Gənclərin bəziləri çətinliyə dözmək iqtidarında deyillər. Sanki dözmək istəmirlər. Həm kişi, həm də qadın ailədəki çətinliklərə dözməlidir. Elə ailənin şirinliyi də ondadır. Çətinliksiz də həyatın mənası yoxdur. Mən asan alınan işimdən ləzzət ala bilmirəm. Əziyyətlə əldə olunan nailiyyət qiymətli olur. Həyat mübarizədir, gərək insan hər zaman mübarizə aparsın. Siyasi mübarizə ilə yanaşı, bioloji mübarizə də mövcuddur. Bioloji mübarizə olmayanda, həyat insana maraqsız görünür. Təəssüf ki, indi gənclərin çoxu hər şeyin birdən-birə olmasını istəyir.

 

- Millət vəkili olaraq son vaxtlar ən çox hansı problemlə bağlı sizə müraciət edirlər?  

 

- Bəzən müalicə olunmaları üçün maddi kömək göstərilməsi ilə bağlı müraciət edirlər. Bu da onunla bağlıdır ki, bizdə hələ də sosial sığorta haqqında qanunun tətbiq edilməyib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1669

Oxşar yazılar