Makedoniyanın prezidenti George İvanov aprelin sonunda Azərbaycana səfərə gələcək. Diasporla İş Üzrə Dövlət Komitəsindən Lent.az-a verilən məlumata görə, G. İvanovun səfərinin məqsədi aprelin 27-30-da Bakıda təşkil ediləcək III Qlobal Açıq Cəmiyyətlər Forumunda iştirak etməkdir.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil edilən Forumda 10-dan çox ölkənin hazırkı prezidenti, baş naziri və xarici işlər nazirinin iştirakı planlaşdırılır. Ümumilikdə isə forumda əksəriyyəti sabiq dövlət və hökumət başçıları, siyasi xadimlər, elm adamları və ekspertlər olmaqla 350-yə yaxın nümayəndənin iştirakı nəzərdə tutulub.
III Forumda nüfuzlu siyasi liderlər dünyanı narahat edən məsələlər – etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı, təhsil, ekologiya və bir sıra qlobal problemləri geniş müzakirə edəcək, onların həll yollarının tapılması istiqamətində fikir mübadiləsi aparacaqlar.
Qeyd edək ki, Dövlət Komitəsinin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun təşkilatçılığı ilə 2013 və 2014-cü illərdə Bakıda I və II Qlobal Açıq Cəmiyyətlər Forumu keçirilib.