Macarıstanın baş naziri: "Bunu etmədən biz Azərbaycan qazını Macarıstana nəql edə bilməyəcəyik"
12 noyabr 2014 02:43 (UTC +04:00)

Macarıstanın baş naziri: "Bunu etmədən biz Azərbaycan qazını Macarıstana nəql edə bilməyəcəyik"

Azərbaycan enerji resurslarından səmərəli istifadə yolu ilə iqtisadiyyatının digər sahələrini də uğurla inkişaf etdirərək dünya liderinə çevrilmiş bir ölkədir.  Lent.az-ın prezidentin rəsmi saytına istinadən verdiyi xəbərə görə,  bu barədə noyabrın 11-də Budapeştdə Azərbaycan-Macarıstan sənədlərinin  imzalanması mərasimindən sonra mətbuata bəyanatında Macarıstanın baş naziri Viktor Orban deyib: “Burada Azərbaycanı ona görə vurğulamaq istərdim ki, ölkənin prezidenti böyük işlər görüb. Eyni zamanda, cənab prezidentin mərhum atası da dövlətçiliyin gücləndirilməsində böyük işlər görüb. Azərbaycana səfər edən hər bir insan bunun şahidi olur. Onun xatirəsinə böyük və dərin ehtiramımız var”.

 

Baş nazir Macarıstanın  xüsusi əhəmiyyət verdiyi sahələrdən birinin enerji olduğunu qeyd edib: “Bu, hazırda dünya siyasətinin prioritet məsələlərindən biridir. Bu sahədə bir çox müzakirələr aparılır, amma zənnimcə, konkret işlər görən ölkələr azdır. Bu sahədə Azərbaycan nümunə ola bilər. Mən cənab prezidentə bir daha dedim ki, ölkə üçün bizim prioritetimiz enerjinin qiymətini ABŞ səviyyəsinə çatdırmaqdan ibarətdir. Bunun üçün isə bizim tərəfdaşlara ehtiyacımız var və burada Azərbaycan müstəsna rol oynaya bilər. Bu, bizim strateji maraqlarımıza uyğundur. Bu, təkcə Macarıstan üçün deyil, Avropa İttifaqı üçün çox vacibdir ki, Azərbaycan qazı Avropaya nəql edilsin”.

 

 

Viktor Orban qeyd edib ki, hazırda imzalanan sazişlər nəticəsində Azərbaycan qazı Cənubi Avropaya nəql ediləcək: “Növbəti illərdə isə müvafiq infrastruktur yaradılmalıdır ki, Azərbaycan qazı Mərkəzi Avropaya yol tapsın. Bunun üçün qonşu dövlətlər öz aralarında əlaqələndirici kəmərlər inşa etməlidirlər. Bu sahədə Avropa İttifaqı olduqca az iş görüb. Amma biz nümunəvi ölkə olmalıyıq və qonşu ölkələrdən qaz ala biləcəyimizi nümayiş etdirməliyik. Bunun üçün isə biz bütün imkanlardan və fürsətlərdən istifadə edəcəyik. Diqqətinizə çatdırmaq istərdim ki, bu regionda heç də bütün dövlətlər bizim kimi düşünmür. Bizim bir neçə qonşumuz var ki, hələ də bu sahədə müvafiq şərait və imkanlar yarada bilməyib. Bunu etmədən biz Azərbaycan qazını Macarıstana nəql edə bilməyəcəyik. Ona görə də bu fürsətdən istifadə edərək qonşu dövlətlərə səslənirəm və Avropa İttifaqındakı tərəfdaşlarımızı dəvət edirəm ki, vahid enerji bazarının yaradılması üçün zəruri addımlar atsınlar”.

 

 

Macarıstanın baş naziri ikinci məsələnin insan amili olduğunu bildirərək, Macarıstan-Azərbaycan  əməkdaşlığının tərkib hissələrindən birinin də təhsil sahəsi olduğunu qeyd edib: “Biz müvafiq sənəd imzaladıq və bunun sayəsində 200 azərbaycanlı tələbə Macarıstanda təhsil alacaq. Biz paytaxtlar arasında da əməkdaşlığı təşviq etmək əzmindəyik. Bu gün bizim çox ümidverici müzakirələrimiz oldu. Əminəm ki, vahid məqsədləri vurğulamış olduq. Bizim məqsədlərimizin biri isə Macarıstan universitetlərindən birinin fakültəsinin Azərbaycanda açılmasıdır. Bizim ali təhsil ocaqlarımız bu işdə azərbaycanlı həmkarları ilə çalışmağa hazırdır. Bir sıra digər sahələr də müəyyən etmişik. Hər iki hökumətin üzvlərinə müraciət edərək onları bu işdə əllərindən gələni əsirgəməməyə dəvət edirəm. Çünki biz iqtisadi və təhsil sahələrində bütün imkanlardan bəhrələnə bilsək, bir çox işləri görmüş olarıq”.  

 

# 952
avatar

Oxşar yazılar