“Azərbaycan və Rusiya Cənubi Qafqazda, Xəzər dənizi hövzəsində strateji tərəfdaş ölkələrdir və ümumilikdə, demək olar ki, beynəlxalq münasibətlərin bütün vacib və mürəkkəb məsələlərinin həlli ilə bağlı çox yaxın mövqelərə malikdirlər”. APA-nın məlumatına görə, bunu Bakıda səfərdə olan Rusiya XİN rəhbəri Sergey Lavrov Azərbaycan prezidenti İlham Əliyev ilə görüşü zamanı deyib. Sergey Lavrov Rusiya prezidenti Vladimir Putinin ən səmimi salamlarını prezident İlham Əliyevə çatdırıb: “Rusiya Federasiyasının prezidenti yüksək səviyyədə təşkil olunan və keçirilən ilk Avropa Oyunlarının açılış mərasimində iştirakını və səfəri çərçivəsində sizinlə görüşünü məmnunluqla xatırlayır”.
İki ölkə XİN-ləri arasında BMT, ATƏT, Avropa Şurası və digər beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimizin qarşılıqlı fəaliyyət məsələlərinin müzakirəsinin əhəmiyyətinə toxunan Sergey Lavrov uğurla inkişaf edən parlamentlərarası əməkdaşlığımızın da ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini bildirib. “Bu ilin avqustunda Xəzər donanmasının 3 hərbi gəmisinin Azərbaycana səfərinin yüksək səviyyədə təşkil olunmasına görə minnətdarlığımızı bildirirəm və ümidvarıq ki, azərbaycanlı dostlarımız bu ilin sentyabrında Sverdlovsk vilayətində keçiriləcək hərbi-texniki məhsulların sərgisində iştirak edəcəklər”, deyə Rusiya XİN rəhbəri bildirib.
Humanitar, o cümlədən təhsil, mədəniyyət sahələrində də əlaqələrimizin uğurla inkişaf etdiyini bildirən Sergey Lavrov qeyd edib ki, bu sahələrdə əməkdaşlıq xalqlarımız arasında olan yaxın münasibətləri daha da gücləndirir. Bu gün Bakıya səfərindən qabaq prezident İlham Əliyevin və özünün təhsil aldıqları Moskva Beynəlxalq Münasibətlər İnstitutunda “Bilik Günü” ilə bağlı çıxış etdiyini bildirən Rusiya xarici işlər naziri institutun rektorunun prezidentin İlham Əliyevin bu təhsil ocağının məzunlarının ilk görüşünü Azərbaycanda keçirmək təşəbbüsünü bir daha məmnunluqla vurğuladığını deyib. İqtisadi sahədə əməkdaşlıq məsələləri ilə bağlı Rusiya XİN rəhbəri qeyd edib ki, beynəlxalq konyukturaya baxmayaraq, bu əlaqələr yüksələn xətlə inkişaf edir və bu baxımdan o, Azərbaycan ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının fəaliyyətinin önəmini vurğulayıb.
Sergey Lavrov Rusiyaya göndərilən Azərbaycan kənd təsərrüfatı məhsullarının həcminin artmasını məmnunluqla qeyd edərək, Azərbaycan tərəfindən qəbul edilmiş qərarların Rusiyanın nəqliyyat şirkətlərinin beynəlxalq daşımalarının sayının artmasına da xidmət etdiyini deyib və bunu yüksək qiymətləndirib. Görüşün ikitərəfli münasibətlərin, regionda vəziyyətin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi baxımından yaxşı imkan yaratdığını bildirən Sergey Lavrov bu münaqişənin həllində müəyyən irəliləyişlərin əldə olunacağına ümidvar olduğunu bildirib.
Prezident İlham Əliyev Rusiya prezidenti Vladimir Putinin səmimi salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Rusiyanın dövlət başçısına çatdırmağı xahiş edib.