"Xərçəng dərmanını birlikdə istehsal edək" - <span style="color:red;">SƏFİRDƏN İLGİNC TƏKLİF
16 yanvar 2017 12:47 (UTC +04:00)

"Xərçəng dərmanını birlikdə istehsal edək" - SƏFİRDƏN İLGİNC TƏKLİF

 
“Xalqımız qərara gəlib ki, sosializm yoluna davam edək”

Kuba Respublikasının Azərbaycandakı səfiri Alfredo Nieves Portuondonun APA-ya müsahibəsi

 

- Azərbaycana yenicə səfir təyin olunmusunuz. Ölkə haqqında hansı təəssüratlarınız var? Səfir təyin olunmazdan əvvəl Azərbaycanı necə tanıyırdınız?

 

- Bura gələnədək ölkənizi tam tanımaq mümkün deyildi. Əlbəttə, Azərbaycan barədə bilmək üçün mən məlumat toplamağa başladım, həmkarlarımı sorğu-sual etdim. Bura gələndə aşkarladım ki, Azərbaycan sürətlə inkişaf edən gənc bir ölkədir və fikrimcə, ölkəniz ispandilli dünyada geniş təmsil olunmalıdır. İnternetdə Azərbaycan barədə məlumat toplamaq istəyəndə görürsən ki, bu məlumatlar kifayət qədər deyil. Fikrimcə, Azərbaycanda da Kuba barədə kifayət qədər məlumat yoxdur, o cümlədən Azərbaycan dilində.  

 


- Hazırda iki ölkə arasında ticarət dövriyyəsi nə qədərdir? Hansı birgə layihələr reallaşdırmaq mümkündür? Bununla bağlı təşəbbüslər varmı? Ümumiyyətlə, iki ölkə arasında ikitərəfli münasibətləri qənaətbəxş hesab etmək olarmı?

 

- Ticarət dövriyyəmizi əks etdirən rəqəmlər dəqiq deyil və bu məlumatlar köhnədir. İki ölkə arasında siyasi münasibətlər yüksək səviyyədədir. Çünki istər Xarici İşlər nazirliklərimiz arasında, istərsə hökumətlərarası əlaqələr çox yaxşıdır. Hökumətlərimiz bir məsələdə yekdildir ki, bizim ticarət və iqtisadi münasibətlərimiz siyasi münasibətlərimizin səviyyəsinə çatmayıb. Əlbəttə, ictimai, mədəni və idman sahələrində münasibətlərimizin əhəmiyyətini azaltmaq fikrim yoxdur, onlar da siyasi münasibətlər kimi vacibdir. Prezidentiniz kimi, biz də o fikirdəyik ki, ticarət və iqtisadi münasibətlərin səviyyəsi artmalıdır. Biz iki kiçik ölkəyik, amma coğrafi nöqteyi-nəzərdən ticarət və siyasi məsələlərlə bağlı strateji nöqtələrdə yerləşirik. Hər iki ölkənin qonşuluğunda fövqəldövlətlər yerləşir. Bizim münasibətlərimiz beynəlxalq təşkilatlar çərçivəsində də yaxşı olmalıdır. Qarşılıqlı ticarəti inkişaf etdirmək üçün potensial var. Bilirəm ki, Azərbaycan inkişaf edir və qeyri-neft sektorunu inkişaf etdirmək istəyir. Bunu Kuba da etmək istəyir. Diqqəti cəmləşdirdiyimiz layihələr həyata  keçirilə bilər, çünki təcrübəmiz göstərir ki, biz onları Latın Amerikasında, Afrikada, postsovet məkanında həyata keçirmişik.

 

- Prezidentlə görüşünüz  zamanı o, Azərbaycanın səhiyyə sahəsində əməkdaşlıqda maraqlı olduğunu deyib. Bu sahədə əməkdaşlığın perspektivlərini necə görürsünüz?   

 

- Bizim inkişaf etdirə biləcəyimiz sahələr tibb və biotexnologiyalardır. Kuba istehsalı olan xərçəngə qarşı dərmanlar dünyada məşhurdur. Bunu Azərbaycanda da tətbiq etmək olar. Söhbət təkcə Kubanın bu dərman və biotexnologiyaları Azərbaycana satmasından, Azərbaycanın isə almasından getmir. Kuba bu fəaliyyət sahəsini inkişaf etdirmək istəyir. Birgə müəssisələrin açılışı Kubanın yeni sərmayə siyasətində nəzərə alınıb. Mən bura tibbi xidmətlərin göstərilməsini də aid edirəm. Çünki Kuba iqtisadiyyatında birinci yeri, çoxları üçün qeyri-adi səslənsə də, turizm yox, tibb tutur. Braziliya, Venesuela, Anqola və Afrikanın bir çox ölkələrində Kubanın tibb mütəxəssisləri və həkimləri fəaliyyət göstərir. Qətər, Əlcəzair, Anqolada xəstəxanalar inşa etmişik, xidməti personal isə kubalı mütəxəssislərdir. Boliviya, Braziliya və Venesuelada bizim mütəxəssislərimiz poliklinikalar və elmi-tədqiqat mərkəzlərində çalışır. Kubanın “ailə həkimi” sahəsində təcrübəsi də çox tanınır. Bu cür həkimlər ən ucqar ərazilərdə yaşayan insanlara da kömək göstərə bilir. Biz Azərbaycanla bu sahədə də əməkdaşlıq edə bilərik. Tibb elmi sahəsində konkret ixtisaslar üzrə da əməkdaşlıq mümkündür. Kubanın onkologiya, reabilitasiya, nevrologiya, dəri xəstəlikləri, ortopediya, oftalmologiya sahələrində böyük təcrübəsi var. Latın Amerikasında kubalı oftalmoloqlar “Möcüzə" layihəsi həyata keçirib. Bu layihə kataraktanın müalicəsi, gözdən əlillərə yardım edilməsini nəzərdə tutur.  

 

Turizm sahəsində əməkdaşlıq üçün mövcud potensialı necə qiymətləndirirsiniz? Azərbaycandan Kubaya, Kubadan isə Azərbaycana turist cəlb olunması üçün təşəbbüsləriniz olacaqmı? Bu mənada iki ölkə arasında birbaşa aviaxəttin açılması nə dərəcədə realdır?

 

- Turizm təkcə ölkəyə gəlib-gedən turistlərin sayı demək deyil. Əməkdaşlıq sərmayə cəlb olunmasını da nəzərdə tutur, məsələn, mehmanxana biznesinə. Mən deyərdim ki, ölkələrimiz arasında bu sahədə əməkdaşlıq ibtidai səviyyədədir. Bu sahəni inkişaf etdirmək üçün artıq lazımi şəraitin yaradılmasına başlamışıq. Ötən il dekabrın 20-dən etibarən İstanbuldan Havanaya Türk Hava Yolları uçuşlar həyata keçirməyə başlayıb. Bu, böyük üstünlükdür. Çünki Azərbaycan turistləri Havanaya səyahət etmək üçün daha rahat imkan əldə edib. Biz istərdik ki, Azərbaycanın turizm agentlikləri Kubada keçirilən turizm sərgilərində fəal iştirak etsinlər. Bu ilin may ayında analoji sərgi Kubada keçiriləcək. Biz istərdik ki, Azərbaycanı təkcə Kubada yox, bütün Latın Amerikasında tanısınlar. Biz turizm sahəsində əməkdaşlığımızda ilk addımları atmağa başlayacağıq. İstərdik ki, Azərbaycanda keçirilən turizm sərgilərində iştirak edək və yerli turizm şirkətləri tərəfindən  təmsil olunaq. Bu da öz növbəsində azərbaycanlı turistləri Kubaya, Karib dənizinə istiqamətləndirəcək. Biz Azərbaycandan Kubaya İstanbul vasitəsilə uçuşların sayının artırılması istiqamətində işlər aparacağıq.  AZAL, THY və Kuba Hava Yolları şirkətləri arasında  uçuşların sayının artırılmasına dair müqavilənin bağlanmasını istisna etmirik. Rəqəmləri açıqlamasam da, onu bildirmək istəyirəm ki, 2015-ci ildə Kubaya səfər edən azərbaycanlı turistlərin sayı 2014-cü illə müqayisədə iki dəfə artıb. Səfirliyin əsas məqsədi Azərbaycanın turizm agentlikləri ilə əlaqə qurmaq və Kuba barədə məlumatları geniş ictimaiyyətə yaymaqdır.  


- Kuba inqilabının lideri Fidel Kastronun ölümündən sonra Kubanın daxili və xarici siyasətində hansı dəyişikliklər gözlənilir?

 

- Geridə qoyduğumuz il Kuba üçün mühüm hadisələrin baş verdiyi il kimi tarixə düşdü. Ölkə üçün vacib və müsbət olan odur ki, qonşumuz ABŞ ilə hökumətlərarası əlaqələrimiz bərpa olundu. Bu baxımdan ABŞ-ın bizə qarşı tətbiq etdiyi blokadanı aradan qaldırmaq üçün işlərimizi davam etdiririk. Obama administrasiyası etiraf etdi  ki, blokada Kuba xalqına mənfi təsir göstərir. Kubaya qarşı blokadanın aradan qaldırılmasına dair qətnaməyə BMT-də 193 ölkədən 191-i səs verib və ilk dəfə olaraq ABŞ və İsrail sənədin əleyhinə çıxmayıb. Bizdə təəssürat var ki, yeni seçilən prezident Donald Tramp blokadanın sürdürülməsinə dair siyasəti davam etdirəcək. Biz öz növbəmizdə mübarizə aparacağıq ki, iqtisadi nöqteyi-nəzərdən sabitliyi qoruyaq. Daxili vəziyyətimizə və siyasətimizə gəldikdə, bildiyiniz kimi, Kuba inqilabının rəhbəri Fidel Kastronun ölümündən sonra bütün dünya bu itkinin Kuba üçün nə dərəcədə əhəmiyyətli olduğunu gördü. Xalqımız qərara gəlib ki, sosializm yoluna davam edək və onu inkişaf etdirək. Özündə bazar iqtisadiyyatının bəzi xüsusiyyətlərini əks etdirən sosializmi davam etdirəcəyik. Milli Assambleyada sonuncu məruzəsi zamanı Raul Kastro bəyan edib ki, sosial nailiyyətlərimizə zərər dəyməyəcək, təhsil sahəsi toxunulmaz qalacaq, heç bir fərdi pullu məktəb və universitetlər olmayacaq. Əldə etdiyimiz təhsil səviyyəsi həmin səviyyədə qalacaq. Həmin şeylər tibb sahəsinə və iri dövlət əmlakı və müəssisələrə də aiddir. Ölkəyə sərmayə qoyulmasına dair qanuna bəzi dəyişikliklər edilib. İndi bununla bağlı daha çox imkanlar var. Ölkə Konstitusiyasına bəzi dəyişikliklər ediləcək. Misal kimi seçki sistemini  göstərmək olar. Seçkilər daha demokratik olacaq. İdarəçilik sistemimizi daha da yaxşılaşdıracağıq. Hökumətdə fəaliyyət göstərən məmurların sayı azaldılıb. Kuba dəyişikliklərdən qorxmur. Fidel Kastronun özü də deyib ki, inqilab dəyişiklik deməkdir. Buna görə də, dəyişikliklər gözlənilir. Blokadaya görə maliyyə sektorumuz çox böyük təsirə məruz qalıb. Bu, Kubanın digər ölkələrlə ticarət əlaqələrinə toxunur, çünki bankların fəaliyyəti ilə birbaşa bağlıdır. Kuba ilə əməkdaşlıq edən üçüncü ölkələrin şirkətlərinə cərimələr və digər sanksiyalar tətbiq olunur.

 

Burada olduğunuz müddətdə Kuba ilə müqayisədə hansı xüsusiyyətləri və fərqləri gördünüz?

 

- Mən əvvəl jurnalist olmuşam. Diplomat və jurnalist belə peşələrdir ki, burada insanlarla ünsiyyət böyük rol oynayır. Bu peşə sahiblərində olduqları ölkələrin mədəniyyəti, tarixi, ənənələri, kulinariya adətlərini bilmək və tanımaq istəyi var. Hər iki xalq cənubludur, emosional və temperamentlidir. Kuba və Azərbaycan musiqi  ansambllarının bir çox oxşarlıqları var. Kuba və Azərbaycan rəssamlarının sənət əsərləri rəngli, stereotipləri sındıran və müasirdir. Azərbaycan mətbəxi də rəngarəngdir, bizim mətbəxə bənzəyir. Kubada olduğu kimi, Azərbaycanda da bütün dinlərə hörmətlə yanaşılır, heç bir ayrı-seçkilik yoxdur. Azərbaycan da Kuba kimi müxtəlif etnik qrupların, dinlərin və mədəniyyətlərin olduğu ölkədir. Sizə bir şeyi etiraf edim. Prezidentinizlə görüşümdə “azərbaycanlılar kubalılara çox oxşayır”, deyəndə prezidentiniz cavab verdi ki, “hər ikimiz cənubluyuq, ətrafımızda dəniz, başımızın üstündə göy səma var və biz günəşsiz yaşaya bilmərik”. Hər iki ölkə paytaxtının dənizkənarı parkı var. Sadəcə, sizdə park dənizin sahilindədir, bizdə okeanın. İstər təbiət, istərsə əhali və onun sayında oxşarlığımız çoxdur. Bir sözlə, bizi birləşdirən məqamlar çoxdur, nəinki fərqlər. Ola bilsin, fərqimiz sadəcə ondadır ki, sizdə hərdən qar yağır, bizdə isə heç vaxt. Bir məsələni də sizə deyim. Mən şəhərdə gəzməyi çox sevirəm. Hara getsəm, yerli sakinlər məni azərbaycanlı sanıb, Azərbaycan dilində müraciət edirlər. Hara və necə  getmək olar, küçələrin adları və s. Yəni kubalıları burada azərbaycanlı kimi qəbul edirlər. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 385
avatar

APA Baycan

Oxşar yazılar