Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu 1915-ci il hadisələrini qiymətləndirən zaman “Böyük fəlakət” ifadəsini işlədib.
APA TV-nin məlumatına görə, CHP sədr müavini Murad Özçelikin mətbuata açıqladığı bəyanatda qeyd edilir ki, “1915-ci ildə istər ermənilər, istər müsəlmanların yaddaşında böyük travmaya səbəb olan böyük fəlakət, faciə baş verib. İttihamedici siyasi açıqlamalar bu fəlakətdən qaynaqlanan travmanın aradan qaldırılmasına kömək etməyəcək”.
Kılıçdaroğlu açıqlamasında bildirib ki, başda dini liderlər olmaqla hər kəs keçmişdə baş verən bu faciənin yeni nəsillərin toqquşmasına deyil, ağrıları bölüşərək, yaraları sarımağa yönəlmiş siyasət yürütməlidir. CHP liderinin fikrincə, erməni və türk cəmiyyətləri arasında uçurumu daha da dərinləşdirəcək mövqelər yaranın böyüməsinə səbəb ola bilər.
Jurnalistlərin “CHP proqramında 1915-ci il hadisələrinin “Böyük fəlakət” kimi dəyərləndirilməsi yoxdur, proqramda dəyişiklikmi edilir” sualını cavablandıran CHP sədrinin müavini Murad Özçelik bildirib ki, kimin 1915-ci il hadisələrini necə dəyərləndirməsi partiyanı maraqlandırmır: “Dəyərləndirmənin forması bizim üçün əsas deyil, əsas olan insanların bu travmanı geridə buraxaraq hər iki tərəfindən qarşıda bizi gözləyən proseslərin mahiyyətini anlaması və razılığa gəlməsidir”.
CHP-nin İstanbuldan birinci sıradan namizəd göstərdiyi erməni qadın Selina Özüzün Doğanın 1915-ci il hadisələrini soyqırımı kimi qəbul etməsi faktını dəyərləndirən Murad Özçelik bildirib ki, erməni namizəd öz şəxsi fikrini ifadə edir: “Açıqladığım bəyanat isə partiyanın mövqeyidir və Selina xanım bu mövqeni qəbul etməyə borcludur”.
CHP sədri Kamal Kılıçdaroğlunun 1915-ci il hadisələrini “Böyük fəlakət” adlandırması de-fakto “erməni soyqırımı”nı qəbul etmək kimi dəyərləndirilir.
Xatırladaq ki, ermənilər 1915-ci il hadisələrini erməni dilində “Meç Eqerna”, yəni “Böyük fəlakət” adlandırırlar. ABŞ prezidenti Barak Obama da qondarma “erməni soyqırımı”nın 99-cu ildönümü ilə bağlı müraciətində soyqırımı ifadəsi yerinə ermənicə “Meç Eqerna” ifadəsini işlədib.