Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov aprelin 10-da Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Robert Sekutanı qəbul edib.
Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, nazir Kəmaləddin Heydərov səfiri yeni təyinatı münasibətilə təbrik edib, ona diplomatik fəaliyyətində uğurlar arzulayıb. Görüş zamanı qonağa respublikada fövqəladə halların qarşısının alınması və nəticələrinin aradan qaldırılması sahəsində görülən işlər, nazirliyin strukturuna daxil olan qurumların fəaliyyəti barədə ətraflı məlumat verilib. Həmçinin, ötən illər ərzində Fövqəladə Hallar Nazirliyi ilə ABŞ-ın fövqəladə halların idarə edilməsi sahəsində müvafiq qurumları arasında əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlərin mühüm əhəmiyyət kəsb etdiyi səfirin diqqətinə çatdırılıb.
Qəbula görə təşəkkürünü bildirən səfir ölkələrimiz arasında fövqəladə hallarla mübarizə sahəsində aidiyyəti qurumların əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.