İyunun 19-da İran İslam İnqilab Məhkəməsinin Marağa şöbəsində İslam Respublikası ilə Ermənistan əlaqələrinin genişlənməsinə etiraz edən Güney Azərbaycan türkləri,ictimai fəallar- Davud Əzimzadə və Bəhmən Xaliqinin məhkəmə prosesi başlayıb.
Lent.az-ın Güney Azərbaycanyönlü informasiya vasitələrinə istinadən məlumatına görə, məhkəmədə onlar «qanunsuz qruplara üzv olmaqda və ölkənin milli təklükəsizliyinə xələl vurmaqda» günahlandırılıblar.
D. Əzimzadə və B. Xaliqi onlara qarşı irəli sürülmüş ittihamları rədd ediblər. Onların vəkilləri Fatimə Səttari və Cəfər Əfşarniyadır.
Məhkəmə prosesi davam edir.
Qeyd edək ki, Davud Əzimzadə Güney Azərbaycanın Marağa əhalisi İslam Respublikasının işğalçı Ermənistanla əlaqələrinə etiraz etdikdən bir gün sonra öz evində təhlükəsizlik qüvvələri tərəfindən tutulub. O, 4 gün ETTELAAT-ın Marağa şəhər şöbəsində saxlanıldıqdan sonra qurumun Təbrizdəki təcridxanasına köçürülüb.
D.Əzimzadə orada həftələrlə işgəncəyə məruz qalıb. Sorğu-sual edildikdən sonra 2013-cü il fevralın 12-də Təbrizin mərkəzi zindanına, 2 gün sonra Marağa zindanının birinci bölümünə köçürülüb.
«İşıq» kitab mağazasının sahibi olan B. Xaliqi də sözügedən məsələyə etiraz etdiyi üçün yanvarın 13-də ETTELAAT əməkdaşları tərəfindən Güney Azərbaycanın Binab şəhərində, mənzilində tutulub. Evdə yoxlama aparılıb, azərbaycanlı fəala məxsus kompüter və Azərbaycan türkcəsində nəşr etdiyi kitablar götürülüb.