Bu gün Müsavat Partiyası Məclisinin növbəti toplantısı keçirilib.
APA-nın məlumatına görə, gündəliyə təşkilati məsələlər, 2013-cü ilin yekunları və 2014-cü ilin fəaliyyət proqramının müzakirəsi daxil edilib.
Müsavat başqanı İsa Qəmbər, Divan üzvü Qubad İbadoğlu, partiyanın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Müsavat başqanının müavini Gülağa Aslanlı ölkədəki ictimai-siyasi vəziyyət, təşkilatı məsələlər barədə çıxış ediblər.
Daha sonra çıxış edən partiyanın Məclis üzvləri Müsavatın Milli Şuradakı fəaliyyəti, partiyanın qurumdakı müttəfiqləri tərəfindən səsləndirilən ittihamlara münasibət bildiriblər. Məclis üzvlərinin əksəriyyəti partiyanın Milli Şurada qalmasının əhəmiyyəti olmadığını söyləyiblər və öz xətti ilə fəaliyyət göstərməsini daha məqbul sayıblar.
Yekun nitqi ilə çıxış edən İsa Qəmbər Milli Şurada qalıb-qalmamaqla bağlı müzakirələrdən sonra qərar verməyi məqsədəuyğun hesab edib: “Doğrudan da mən təəccübləndim. Gözləyirdim ki, bəzi dostlarımız Milli Şura ilə bağlı mövqeyimizi tənqid edəcəklər. Amma tam tərsinə, əksəriyyət bu birlikdə fəaliyyətimizi davam etdirməyin artıq əhəmiyyətsiz olduğunu vurğuladı. Lakin Müsavat Partiyası indiyədək bütün qərarları birlikdə, bütün üzvlərin fikirlərini öyrəndikdən sonra verib. Mən də Milli Şura ilə bağlı yekun qərar verməmişəm. Eyni zamanda partiyamızın da hər hansı qərarı yoxdur. Bütün məsələlər müzakirə olunacaq və dəyərləndirildikdən sonra müvafiq qərar qəbul ediləcək”.