Əvvəli - http://www.lent.az/news.php?id=12274
“Ekstazi işi” üzrə təqsirləndirilən dəstənin məhkəməsi davam edir. Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmədə Ali Məhkəmənin sabiq sədri Südabə Həsənovanın qardaşı, Əzizbəyov rayonunun sabiq prokuroru Rəşid Həsənovun oğlu Yalçın Həsənov, Bakı şəhərinin sabiq prokuroru Ədalət Mirsalamovun oğlu Mahir Mirsalamlı, xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov və başqaları mühakimə olunurlar.
Prosesdə müdafiənin yaxşı təşkil olunduğu qabarıq görünür. Maraqlıdır, vaxtilə övladlarını “ağ ölüm”dən müdafiə edə bilməyənlər bu məhkəmədə övladlarına nə qədər kömək ola biləcəklər? Başqa bir sual da var. Bu sosial bəladan digər gənclər nə qədər müdafiə olunurlar? Heç olmasa, bu məhkəmədən sonra hökumət və ya qeyri-hökumət təşkilatları doğrudan da Bakıdakı gənclərin diqqətini cəlb edə biləcək hər hansı layihə ilə çıxış edəcəklərmi? Məntiq sadədir: gəncləri narkotikdən vaxtında müdafiə edə bilməsək, onları yalnız məhkəmədə daha az iş almaqdan müdafiə etməklə məşğul olacağıq. Övladlarımızı kimin, nə vaxt və harada narkotik maddəylə tanış edəcəyəni müəyyən etmək o qədər də asan iş deyil. Bu cinayət işinin materiallarına əsasən Rəşid Həsənovun oğlu Yalçın Həsənovun narkotiklə nə vaxt tanış olduğu açıq bildirilməyib. Amma uzun müddət Bakı şəhər Prokurorluğuna rəhbərlik edən Ədalət Mirsalamovun oğlu Mahirin ağlına ekstazini salan maşınını təmir edən usta Əli İsmayılov olub.
“Kəpənək”li həblər dostları nə qədər uzaqlara apara bildi?
Ötən yazımızda bildirdiyimiz kimi, Ə.İsmayılov istintaqa verdiyi ifadəsində etiraf edib ki, o, Mahir Mirsalamlının əldə etdiyi ekstazi həblərinin satışında birbaşa iştirak edib. Hətta gənclər bu işə o qədər rahatlıqla qoşulublar ki, bu həbləri polis kapitanına satmaqdan belə çəkinməyiblər. Ə.İsmayılov istintaqa verdiyi ifadəsində bildirir ki, hər dəfə Bakıya gətirilən ekstazi həbləri müxtəlif rəngdə və üzərində fərqli işarələrlə gəlib. Məsələn, 2007-ci ildə gətirilən ekstazilərin üzərində “kəpənək”, “M” yəni “Motorolla” təsviri olub. Orxan Nadirovun Türkiyədən gətirdiyi, Cavidan Əliyevə satılan çəhrayı rəngli həblərin də üzərində “M” hərifi, “kəpənək”, “gül”, “ördək” şəkilləri olub. Həblər formalarına görə də dəyişirmiş. Məsələn onların bəziləri silindrik, bəziləri isə oval şəklindəymiş. Ə.İsmayılovun ifadəsinə əsasən bu həblərin içərisində üstünlüyü üzərində “kəpənək” şəkilləri olanlar təşkil edib.
Ə.İsmayılov ifadəsində bildirir ki, növbəti dəfə Mahir Mirsalamlı ilə birlikdə Y.Həsənova ekstazi almaq istədiklərini bildirəndə, sonuncu həblərin olmadığını deyir. Əlavə edir ki, həb almaq istəyirlərsə, gərək daha çox sifariş etsinlər ki, daha ucuz qiymətə düşsün. “Ucuz qiymət” deyəndə Y.Həsənov 35 dollara nəzərdə tutduğunu deyir. Bunu eşidəndən sonra M.Mirsalamlı Y.Həsənova 100 ədəd həb sifariş edir və bildirir ki, 3500 dolları tapıb verəcək. Ə.İsmayılovun ifadəsinə əsasən, M.Mirsalamlı ekstaziləri əldə etmək üçün borca girir. Borc tapılan 3500 dollar “Anadolu” restoranında Y.Həsənova verilir. İfadədə o da bildirilir ki, bir qədər sonra restorana Y.Həsənovun sürücüsü Həsən gəlir və pulların bir hissəsi də ona təqdim olunur. Həmin söhbətdən təxminən 10-15 gün sonra Ə.İsmayılov Mahirlə birlikdə Y.Həsənovun evinə gedərək Həsənin Türkiyədən gətirdiyi həblərdən 100-nü götürürlər. Gecə isə Mahir ona zəng edərək, gətirilən ekstazilərin xarab olduğunu bildirir. Səhəri gün Ə.İsmayılov Mahirdən həbin birini alıb yoxlayır və görür ki, həqiqətən də təsirsizdir. Dostlar Y.Həsənovla çayxanada görüş təyin edirlər. Yalçın Mahirə bildirir ki, pulunu geri qaytara bilər. Amma Mahir pul yox, saxta dərmanların həqiqiləri ilə dəyişdirilməsini istəyir.
Beləliklə, saxta həblər geri qaytarılır və bir müddət sonra Həsən onları Türkiyədən həqiqiləri ilə dəyişdirib, geri dönür. Y.Həsənov onlara təklif edir ki, Həsəni qarşılamaq üçün Qazax rayonuna getsinlər. Mahir valideynlərinin buna icazə verməyəcəyini deyir və yola Ə.İsmayılovla bilikdə Yalçın çıxır. Yolda olarkən Mahir tez-tez Ə.İsmayılova zəng edib, vəziyyətlə maraqlanıb. Həsənin gətirdiyi həbləri “Pajero” markalı avtomobillə Bakıya gətirərkən həblərin təsirini yoxlamaq üçün Həsənlə Yalçın hərəsi bir ədəd həb qəbul edir və dərmanların təsirini hiss edirlər.
Mahir Mirsalamlı ekstazi biznesinə başlamaq qərarı verir
100 ədəd həb gətirildikdən sonra isə Mahir Ə.İsmayılova bildirir ki, o, artıq həblərin biznesi ilə məşğul olmaq istəyir. Həblərin bir ədədi Ə.İsmayılova, biri Kama, digər biri isə Səbinə adlı qızlara satılır. Hərəsi 50 manat olmaqla. Ə.İsmayılovun ifadəsinə əsasən, yerdə qalan həblər əsasən Cavidan Əliyevə satılıb. Tutulanadək də sonuncu Mahirə dərmanların pulundan borclu qalıb. Hətta bu borclara görə Ə.İsmayılovla Mahirin arasında da mübahisə yaranır, belə ki, Cavidan Əliyevlə sonuncunun tanış olduğu qeyd olunur.
Polisin məclislərində ekstazi alveri
Ə.İsmayılov ifadəsində onu da bildirir ki, 2008-ci ili qarşılayarkən bir tədbir düzəldiblər və həmin tədbirdə Kama, Lera, Mahir, polis kapitanı Vüqar Əliyev və başqa qızlar da olub. Dostlar yeni ili “Xəzər Golden Biç” restoranında qarşılayıblar. Qızların əksəriyyətinin isə V.Əliyevin dəvəti ilə gəldiyi də söylənilir. Həmin gün Ə.İsmayılov Mahirlə birlikdə tədbirdə iştirak edənlərə ekstazi həbləri satır. Ekstazi almaq istəyənlər Mahirlə birlikdə ayaqyoluna keçirlərmiş. Pulu olmayanlar isə Ə.İsmayılova müraciət ediblər ki, Mahir onlara da həb versin. Mahir də dostu Ə.İsmayılovun sözündən çıxmayıb.
2008-ci ilin fevralında Vüqar Əliyev tanışının restoranı olan “Xəzər Golden Biç”də ad günü tədbiri təşkil edir və tədbirdə istifadə üçün yenə də Mahirdən 5 ədəd ekstazi alır. Maşın ustasının ifadəsinə görə, istənilən vaxt Mahirin üzərində kifayət qədər həb olurmuş.
Bakıdan qaçmaq üçün yol axtarılır
2008-ci il aprelin 30-da isə Mahirin xalası oğlu maşınına aparatura qoydurmaq üçün Əlinin yanına gəlir və bildirir ki, Yalçın, Mahir və Həsən Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları tərəfindən həbs ediliblər. Əli həmin axşam Cavidan Əliyevlə görüşərək, bu məlumatı ona da çatdırır. Cavidan isə ona bildirir ki, birlikdə İsmayıllı rayonunun İvanovka kəndinə gedib, buralardan uzaqlaşa bilərlər. Dostlar eyni zamanda pasxa bayramında iştirak etməyi qərara alıblar. Onlar Nadya adlı qadının evində qalıb, şəhərdə baş verən hadisələri kənardan izləyiblər. Pulları qurtaranda Bakıya gəlirlər və ölkədən çıxmaq üçün dəmir yol vağzalına gedərək, Bakı-Xarkov reysinə bilet alırlar. Cavidan axtarışda olub-olmadığını müəyyənləşdirmək, məsləhət almaq üçün tanışı, Rəşad adlı polis kapitanı ilə görüşür. Rəşad isə bildirir ki, 200 dollar müqabilində onun axtarışda olub-olmadığını öyrənə bilər. Axşam Rəşad ona axtarışda olmadığını deyir. Cavidan isə ona 100 dollar verib, 100 dolları da sonra verəcəyini bildirir. Axtarışda olmadıqlarını müəyyənləşdirdikdən sonra isə dostlar Bakı-Xarkov reysinə aldıqları bileti qaytarırlar.
Əli İsmayılov 2008-ci ildə Zaqatalaya gedir və təxminən 15 gün orada qalır. Bu zaman ona tanışı Kama zəng edib deyir ki, evində axtarış aparırlar və onu da axtarırlar. Sonra isə o, Bakıya qayıdır və evində axtarış aparan MTN əməkdaşları ilə birlikdə nazirliyə gəlir.
Növbəti yazıda polis kapitanı Vüqar Əliyevin ifadəsini təqdim edəcəyik.
(Davamı var)
Səbinə Əvəzqızı
İş № 585: Polis kapitanı əməliyyat məlumatını 200 dollara satıb
1896