Prezident İlham Əliyev aprelin 14-də Rusiya Federasiyası Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, dövlət başçısı Tatarıstana səfərini və Kazan şəhərinin onda böyük təəssürat yaratdığını məmnunluqla xatırladığını deyib. Azərbaycan Respublikası ilə Rusiya Federasiyası və onun subyektləri arasında ikitərəfli münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayan prezident İlham Əliyev Tatarıstan Respublikasının prezidenti Rüstəm Minnixanovun böyük nümayəndə heyəti ilə ölkəmizə səfərinin bu münasibətlərin daha da genişləndirilməsi baxımından önəmini qeyd edib. Dövlət başçısı əməkdaşlığımızın müxtəlif istiqamətlərdə, o cümlədən ticarət, sərmayə qoyuluşu, birgə layihələrin icrası və digər sahələrdə genişləndirilməsi üçün yaxşı imkanların olduğunu deyib.
Prezident Rüstəm Minnixanov Azərbaycana səfərindən ötən dövr ərzində ölkəmizdə gedən böyük inkişaf proseslərinin, xüsusilə Bakı şəhərinin abadlaşdırılması və yenidən qurulması istiqamətində aparılan işlərin onda və nümayəndə heyətində dərin təəssürat yaratdığını deyib. O, əldə olunan yüksək nailiyyətlər münasibətilə dövlət başçısını təbrik edib. Böyük nümayəndə heyəti ilə ölkəmizə səfər etdiyini vurğulayan Tatarıstan prezidenti nümayəndə heyətinin azərbaycanlı həmkarları ilə artıq bir sıra səmərəli görüşlər keçirdiklərini vurğulayıb. Rüstəm Minnixanov Azərbaycanda yaşayan tatar icması ilə keçirdiyi görüş zamanı icma üzvlərinin ölkəmizdə bərqərar olmuş tolerant mühitin onların firavan yaşamaları üçün hər cür şəraitin yaratdığını bildirdiklərini deyib.
Görüşdə maşınqayırma, neft maşınqayırması, Gəncədə avtomobilyığma, neft-kimya, informasiya texnologiyaları, turizm və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.