1991-ci ilin oktyabrında Azərbaycan öz dövlət müstəqilliyinin elan etsə də SSRİ-dən miras qalmış hüquq sistemi və qanunlar hüquqi və demokratik dövlət quruculuğuna, qanunun aliliyinin təmin olunmasına, insan hüquq və azadlıqlarının müdafiəsinə təminat vermirdi. Cəmiyyətin gələcək inkişafı hüquq sahəsində islahatların həyata keçirilməsini, tamamilə yeni mütərəqqi və demokratik dəyərlərə əsaslanan hüquq və məhkəmə sisteminin, qanunvericilik bazasının formalaşdırılmasını tələb edirdi.
Azərbaycan Respublikası müstəqilliyə qovuşduqdan sonra demokratik, hüquqi dövlət quruculuğunu özünün inkişaf yolu seçdi. Lakin bu dövlət quruculuğu prosesi heç də sadə olmamışdır. Müstəqilliyinin ilk illərində Azərbaycan öz tarixinin ən mürəkkəb dövrlərindən birini yaşamışdır. 1991-1993-cü illərdə Azərbaycanda hökm sürən xaos, özbaşınalıq və naşı idarəçilik, vətəndaş müharibəsi təhlükəsi, mövcud vəziyyəti daha da ağırlaşdıran aqressiv separatizm və ərazilərinin bir hissəsinin Ermənistan tərəfindən işğal olunması qarşıda duran həyati əhəmiyyətli bu vəzifələrin yerinə yetirilməsinə imkan vermirdi. Müstəqilliyinin ilk kövrək addımlarını atan Azərbaycanda dövlət quruculuğu prosesinin başlanması ölkədə, ilk növbədə, sabitliyin bərqərar olmasını zəruri edirdi. Məhz belə ağır şəraitdə xalqın təkidi ilə hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev qısa müddət ərzində Azərbaycanda sabitliyi təmin etməyə nail oldu və ölkəmiz qarşısında duran taleyüklü dövlət quruculuğu məsələlərini həyata keçirməyə başlayır.
Məhkəmə-hüquq islahatlarının reallaşdırılması isə hər şeydən əvvəl yeni hüquqi dövlət quruculuğu konsepsiyasının işlənib hazırlanmasını şərtləndirmişdir. Müstəqil Azərbaycanın hüquq sisteminin keçdiyi inkişaf yolu üç mərhələdən ibarət olmuşdur.
1995-ci ildə Konstitusiyanın qəbul edilməsi ilə məhkəmə-hüquq islahatının birinci mərhələsi başlamışdır. Konstitusiyada xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olması, idarəçiliyin hakimiyyət bölgüsü əsasında təşkil olunması kimi təməl prinsiplər təsbit olunur. İnsan hüquq və azadlıqlarına, habelə onların təminatlarına xüsusi yer ayrılır, onların təmin edilmsi isə dövlət siyasətinin həlledici istiqaməti, bütün dövlət orqanlarının fəaliyyətinin əsas məqsədi kimi müəyyən edilir. Təsadüfi deyil ki, hüquqi dövlətin ayrılmaz atributu kimi insan hüquq və azadlıqlarının qorunması sonradan ölkədə həyata keçiriləcək hüquqi islahatların əsas istiqamətini müəyyən edir.
Mahiyyət etibarilə hüquqi islahatlar qanunların və digər normativ hüquqi aktların hazırlanması, hüquqi informasiya sisteminin genişləndirilməsi, məhkəmə və bütövlükdə hüquq mühafizə sisteminin islahatı, qanunların əhali arasında təbliği və öyrənilməsi kimi mühüm tədbirləri özündə ehtiva edir
Bu gün Azərbaycan cəmiyyəti indiyə qədər görünməmiş böyük sürətlə inkişaf edir. Belə şəraitdə insan faktoru, insan hüquq və azadlıqlarının müdafiəsi ən önəmli vəzifələrdən birinə çevrilir.
Ümummilli lider Heydər Əliyevin başladığı dövlət quruculuğu prosesi məhz demokratik, hüquqi dövlət və vətəndaş cəmiyyətinin formalaşmasına yönəlmiş, hazırda isə həmin proses Azərbaycan Respublikası Prezidenti İlham Əliyev tərəfindən ardıcıl surətdə davam etdirilir.
Heydər Əliyevin hüquqi dövlət quruculuğunda zəngin irsinə nəzər salarkən Uinston Çerçilin sözlərini xatırlatmaq olar: "dövlət xadiminin siyasətçidən fərqi ondadır ki, siyasətçi növbəti seçkiləri, dövlət xadimi isə gələcək nəsli düşünür". Bu sözlər sanki Azərbaycanın sabahını, xalqımızın rifahını daim düşünən ümummilli liderimiz Heydər Əliyev haqqında deyilmişdi.
Bu gün tam əminliklə söyləyə bilərik ki, hələ çox-çox illər sonra da gələcək nəsillər dahi şəxsiyyət Heydər Əliyevin misilsiz əməyi nəticəsində yaradılmış yeni hüquq sisteminin bəhrəsini görəcək və onun Azərbaycanda demokratik hüquqi dövlət quruculuğu sahəsində əvəzsiz xidmətlərinin şahidi olacaqlar.
Tural Qurbanov
"Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar"
İctimai Birliyinin fəalı