Bu gün Ukraynanın paytaxtı Kiyevdə “Heydər Əliyev ideyalarının zəfər yürüşü” kitabının Ukrayna dilinə tərcüməsinin təqdimatı keçirilib. Ukrayna Azərbaycanlıları Konqresindən (UAK) verilən məlumata görə, tədbirdə Azərbaycanın Ukraynadakı səfiri Eynulla Mədətli, kitabın müəllifi, AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı Yaqub Mahmudov və UAK sədri Rövşən Tağıyev iştirak ediblər.
Tədbirdə çıxış səfir E.Mədətli ölkəmizin beynəlxalq arenada nüfuz sahibinə çevrilməsində Heydər Əliyev şəxsiyyətinin müstəsna rolunu qeyd edib. Heydər Əliyev haqqında çoxsaylı kitabların yazıldığını qeyd edən səfir vurğulayıb ki, “Heydər Əliyev ideyalarının zəfər yürüşü” monoqrafiya bu mövzunun tükənməzliyini və ümummilli lider haqqında bundan sonra da yeni-yeni elmi əsərlərin yazılacağını deməyə əsas verir.
Deputat Y. Mahmudov Heydər Əliyevin Azərbaycan tarixində oynadığı roldan və kitabın Ukraynada bu mövzuda böyük əhəmiyyətə malik olmasından danışıb.
R.Tağıyev isə bildirib ki, Azərbaycan dövlətinin qurulmasında və inkişaf etdirilməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətlərindən danışıb. UAK sədri 1990-93-cü illərdə Azərbaycan xalqının üzləşdiyi ağır və məşəqqətli anlardan söz açıb və həmin illərdə xalqın tələbi ilə hakimiyyətə gələn Heydər Əliyevin dəmir iradəsi və uzaqgörən siyasəti nəticəsində Azərbaycanın parçalanmaq təhlükəsindən xilas olduğunu vurğulayıb.