Emin Milliyə “seçkini gözdən salmaq üçün” qrant verilibmiş-RƏSMİ ETİRAF
12 dekabr 2013 23:53 (UTC +04:00)

Emin Milliyə “seçkini gözdən salmaq üçün” qrant verilibmiş-RƏSMİ ETİRAF

Avropa Komissiyasının maliyyələşdirdiyi fondun seçki ərəfəsində “saxtakarlıqlar barədə məlumat vermək üçün” “Meydan TV”yə təcili qrant verdiyi məlum olub.

 

Azərbaycanda bu ilin oktyabrında keçirilmiş prezident seçkiləri ərəfəsində Avropa İttifaqının maliyyələşdirdiyi fond “seçki saxtakarlıqları barədə” informasiyaları yaymaq üçün Berlindən yayımlanan “Meydan TV”yə iri məbləğdə qrant ayırıb.

 

Virtualaz.org saytı xəbər verir ki, bu barədə “Carnegie Europe” fondu bildirir.

 

“Azərbaycanda oktyabrda keçirilən prezident seçkiləri ərəfəsində “Meydan TV” prezident İlham Əliyevin kütləvi informasiya vasitələri üzərində nəzarətini sındırmaq üçün israrla çalışırdı. Lakin ölkənin mühacirətdə fəaliyyət göstərən, Berlindəki zirzəmilərin birindən həftəlik proqramla yayımlanan yeganə müstəqil telekanalının pula dəhşətli dərəcədə ehtiyacı var idi. Kanalın direktoru və dissident blogger Emin Milli kömək üçün Demokratiyaya Dəstək üzrə Avropa Fonduna (European Endowment for Democracy-EED) müraciət etməyi qərara aldı. O, Avropanın yaxınlığında fəaliyyət göstərən demokratiya fəallarına qrantlar təklif edən fonddan bir neçə günə dəstək veriləcəyi barədə vədi eşidəndə heyrətə gəldi” - deyə təşkilatın saytında yer alan məqalədə bildirilir.

 

 

EED-in icraçı direktoru Eji Pomianovski “Carnegie Europe”yə açıqlamasında deyib ki, Azərbaycan xalqı üçün “azad informasiya axını məkanını genişləndirmək üçün” ciddi zərurət yaranmışdı: “Ona görə də biz “Meydan TV”nin müraciətini dərhal qəbul etdik və 8 gün ərzində maliyyə ayrılmasını təmin etdik”.

 

Təşkilat bildirir ki, EED-in ayırdığı qrant hesabına Emin Milli Azərbaycanda seçkilərin saxtalaşdırılması barədə xəbərləri yaya bildi: “Hər şeydən əvvəl azərbaycanlılar alternativ səs eşidə bildilər”.

 

Qeyd edilir ki, EED ötən ilin iyun ayında yaradılıb. Bu fondun yaradılması zərurəti “ərəb baharı”nın başlamasından sonra meydana çıxdı.

 

“Avropa Komissiyasının Aralıq dənizinin cənubunda yerləşən ölkələrdə vətəndaş cəmiyyətini və demokratiya fəallarını dəstəkləmək üçün yönəldildi” - deyə məqalədə bildirilir.

 

Bununla belə Polşa ilk dəfə belə ideya irəli sürüb ki, Avropa İttifaqının özü ayrıca demokratiyaya dəstək fondu yaratmalıdır. Əvvəlcə nə Avropa Komissiyası, nə də Avropanın bir çox hökumətləri belə fondun yaradılmasını dəstəkləmədilər. Buna baxmayaraq sonda Avropa Komissiyasını fondun yaradılması ideyasına inandırmaq mümkün olub.

 

EED-in Müşahidə Şurasının sədri Avropa Parlamentinin deputatı Elmar Brukdur. Jeji Romanovski isə fondun icraçı direktorudur.

 

Qeyd edək ki, Emin Millinin seçkilər ərəfəsində Berlində telekanal açmağa hazırlaşdığı barədə yerli mətbuatda xəbərlər yayılanda bildirilirdi ki, blogger bu məqsədlə Avropa fondlarının birindən iri məbləğdə - 300 min dollar qrant alıb.

 

Lakin Emin Milli bu məlumatları təkzib edərək layihəni özəl donorlardan toplanan ianələr hesabına həyata keçirdiyini bildirib. Ancaq indi təsdiqlənir ki, Avropa İttifaqının dəstəklədiyi fond Azərbaycandakı seçkilərdən aylar əvvəl məqsədi “seçki saxtakarlıqları” barədə məlumat yaymaq olan telekanala qrant ayırıb. Görünür, bu addım Avropa İttifaqının müəyyən dairələrinin Azərbaycandakı seçkiləri gözdən salmaq üçün seçkidən əvvəl başlatdıqları kampaniyanın bir hissəsi olub.

 

Virtualaz.org

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1721
avatar

Oxşar yazılar