Azərbaycanın Vaşinqtondakı səfirliyinin nümayəndə heyəti ABŞ-ın qədim hərbi təhsil ocaqlarından olan Vest Poynt ABŞ Hərbi Akademiyasında səfərdə olub. Lent.az-ın məlumatına görə, səfər çərçivəsində Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov Akademiya rəhbərliyi ilə görüşüb və müdavimlər qarşısında çıxış edib.
Akademiyanın rəhbəri general-leytenant Robert Kaslen ilə görüşən E. Süleymanov Azərbaycan-ABŞ strateji tərəfdaşlıq məsələlərini müzakirə edib. Daha sonra Akademiyanın yüksək vəzifəli zabitləri tərəfindən Azərbaycan nümayəndə heyəti üçün rəsmi brifinq təqdim olunub, Akademiyanın tarixi və fəaliyyəti barədə ətraflı məlumat verilib.
General Kaslenin dəvəti ilə Azərbaycan nümayəndə heyəti müdavimlərlə birgə Akademiyanın yeməkxanasında nahar ediblər. Nahar zamanı Azərbaycan qonaqlarının şərəfinə rəsmi salamlama olub.
Daha sona E. Süleymanovun Akademiyanın professoru Tomas Şerlok ilə birgə bir qrup müdavim üçün Azərbaycanla bağlı təqdimat keçirilib. Hər iki təqdimat, eləcə də sual-cavab sessiyaları zamanı Azərbaycanın artan strateji və geosiyasi rolu xüsusilə vurğulanıb.
Azərbaycanlı diplomat ölkəmizin tarixi barədə qısa arayış verdikdən sonra regional proseslər barədə məlumat verib. O, Azərbaycan ərazilərinin 20%-nin Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildiyini, bunun nəticəsində ölkədə 1 milyona yaxın qaçqın və məcburi köçkünün olmasına baxmayaraq, Azərbaycanın regional liderə çevrildiyini bildirib.
E. Süleymanov Azərbaycanın dünya ölkələrinin ərazi bütövlüyü və suverenliyinə hörmət etdiyini söyləyib, ABŞ-ın da dövlətlərin ərazi bütövlüyünə davamlı və prinsipial dəstəyinin olmasının vacibliyini qeyd edib.
Səfirin müdavimlər qarşısında çıxışdan sonra Azərbaycan nümayəndə heyəti Akademiyanın şəraiti ilə tanış olub. Səfərdə Azərbaycan Silahlı Qüvvələrinin ABŞ-dakı hərbi attaşesi polkovnik Ağaverdi Quliyev də iştirak edib.
Qeyd edək ki, ABŞ-ın ilk prezidenti Corc Vaşinqton Nyu-York ştatında yerləşən Vest Poynt məntəqəsinin strateji əhəmiyyətinə görə 1779-cu ildə özünün hərbi qərargahını bu əraziyə köçürülüb. 1802-ci ildə isə Tomas Cefferson bu ərazidə ABŞ Hərbi Akademiyasının yaradılması ilə bağlı qərar qəbul edib. Hazırda Akademiyada 4400 yerli və əcnəbi müdavim hərbi təhsil almaqdadır.