Azərbaycan Milli Məclisinin bu gün keçirilən iclasında “Transparency İnternational” təşkilatının Azərbaycandakı milli bölməsi olan “Şəffaflıq Azərbaycan” İB boykot edilməsi təklif olunub. Lent.az-ın məlumatına görə, cari məsələlərin müzakirəsi zamanı çıxış edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, Azərbaycan parlamenti dövlətin ictimai-siyasi, qanunvericilik həyatında mühüm rol oynayır, amma bir sıra beynəlxalq təşkilatlar məqsədli olaraq buna kölgə salmağa başlayıblar.
O təəssüflə qeyd edib ki, bir sıra beynəlxalq təşkilatlar, QHT-lər mətbuatda parlamentin nüfuzuna xələl gətirən materiallar dərc edirlər: “Parlament açıq, şəffaf orqandır. İstənilən məsələləri müzakirə etməyə hazırıq”.
Ə. Hüseynli bildirib ki, Beynəlxalq Şəffaflıq Azərbaycan Təşkilatının dərc etdiyi hesabat layihəsində parlamentə adi olan hissədə yalan, əsassız, böhtan materiallar əksini tapıb: “Korrupsiya qarşı mübarizə məsələsində, bu yöndə qanunvericiliyin təkmilləşməsində bir çox milli QHT-lərlə yanaşı olmalıyıq. Beynəlxalq Şəffaflıq Azərbaycan Təşkilatı bu qurumlardandır. Onlar hesabat verərkən, bizim də rəyimizi almalı idilər. Ancaq təəssüflər olsun ki, onun rəhbəri Rəna Səfərəliyeva Azərbaycan dövlətçiliyi əleyhinə yönələn fəaliyyətlər ortaya qoyur. Məsələn, bu günlərdə Leyla Yunusun 100 minlərlə vəsaiti nağdlaşdırmasında Rəna Səfərəliyevanın özü də iştirak edib. Hesabat edirəm ki, təşkilatın baş ofisi Azərbaycanda fəaliyyətini dayandırmalı və Azərbaycan parlamentinin nümayəndələri də onların tədbirlərində iştirak etməməlidir”.