Oqtay Əsədov: “Təklifi burada dilə gətirmək artıq məsləhətləşmək demək deyil”
Azərbaycan Efiopiyada səfirlik açır. Lent.azı-n verdiyi məlumata görə, Milli Məclisin bu gün keçirilən iclasında bununla bağlı qanun layihəsi müzakirəyə çıxarılıb.
Millət vəkili Fazil Mustafa 10 millət vəkilinin Şimali Kipr Türk Cümhuriyyəti və Azərbaycan parlamentləri arasında dostluq qrupu yaradılması barədə təklif hazırladıqlarını və bunu məsləhətləşmək istədiklərini bildirib.
Spiker Oqtay Əsədov deyib ki, Şimali Kipr Türk Cümhuriyyətinin Azərbaycanda nümayəndəliyi var, çarter reysləri də olur, millət vəkilləri də səfərlər edirlər: “Ancaq siz Azərbaycanın problemlərini də bilirsiniz. Təklifi burada dilə gətirmək artıq məsləhətləşmək demək deyil. Əvvəlcə məsləhətləşib, sonra belə məsələləri Milli Məclisdə söyləmək lazımdır”.
Azərbaycanın Efiopiyada səfirlik açması barədə qanun layihəsi səsverməyə çıxarılaraq, qəbul edilib.