Dövlət Sərhəd Xidmətinin rəisi Xudatdakı hadisədən danışdı
09 may 2013 23:46 (UTC +04:00)

Dövlət Sərhəd Xidmətinin rəisi Xudatdakı hadisədən danışdı

“Xudatda baş verən adi bir nəqliyyat hadisəsidir. Sadəcə, bəzi destruktiv qüvvələr bu hadisədən istifadə edərək, yalan məlumat yaymaq, süni gərginlik yaratmaq istəyiblər”. Bunu APA-ya açıqlamasında Dövlət Sərhəd Xidmətinin rəisi, general-leytenant Elçin Quliyev deyib.

 

General bildirib ki, bu gün günorta saatlarında Xudat şəhərində Xudat Sərhəd Dəstəsinin rəisi, polkovnik Rövşən Səfərova məxsus avtomobil başqa bir maşınla toqquşub, hadisə nəticəsində xəsarət alan olmayıb: “Qəza baş verən anda sürücülər qaydanı kimin pozması ilə bağlı bir az mübahisə ediblər. Bu hər bir yol-nəqliyyat hadisəsində yaşanan ənənəvi haldır. Sonra da bir-birilə anlaşıb, barışıblar. Məsələ bununla da bitib. Sadəcə, qəza hadisəsini yaxınlıqdakı çayxanadan izləyən bir neçə müxalifətçi gərginlik yaratmağa, adi yol-nəqliyyat hadisəsindən istifadə etməyə çalışıblar. Lakin tərəflər onlara əhəmiyyət verməyiblər. Bu antimilli şəxslərin rayonda gərginlik yaratmaq cəhdləri baş tutmayıb”.

 

DSX rəisi bildirib ki, o, özü də Xudata gəlib, hadisəni yerində araşdırıb: “ Qeyd elədiyim kimi hadisə ilə bağlı heç bir şikayətçi yoxdur. Burada yerli əhali ilə də görüşdüm, qəzadakı digər tərəfi də dəvət edib, dinlədim. Onun da heç bir narazılığı yoxdur. Yəni  rayonda hansısa gərginlik yoxdur, etiraz aksiyası da keçirilməyib”.

 

Xatırladaq ki, bu gün hadisə ilə bağlı Xaçmaz rayon İcra Hakimiyyəti başçısının müavini Yetkin Mehmanov da APA-ya danışıb. O bildirib ki, mətbuatda Xudatda etiraz aksiyası olması ilə bağlı yazılanlar həqiqəti əks etmir: “Rayonda heç bir aksiya keçirilməyib”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4731
avatar

Oxşar yazılar