Azərbaycan Hesablama Palatası tərəfindən ötən il 75 audit yoxlama həyata keçirilib. Lent.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisdə Hesablama Palatasının illik hesabatı ilə bağlı çıxışı zamanı palata sədri Vüqar Gülməmmədov bildirib.
O qeyd edib ki, bu yoxlamalardan 5-i dövlət büdcəsinin gəlirləri və xərcləri, 59-u büdcə vəsaitlərinin istifadəsinin təhlilidir, 4-ü büdcədən kənar fondlardan istifadə, 7-si Dövlət Torpaq Fondundan istifadədir.
Audit tədbirlərinin əhatə dairəsi genişləndiyini deyən V.Gülməmmədov bildirib ki, aparılmış audit tədbirlərinin nəticələrinə, ayrı-ayrı istiqamətlər üzrə xas olan nöqsanlara bunlar daxildir: “Dövlət orqanlarında şöbə və sektorların yaradılması üçün ştat vahidlərinin normativ aktlarda təsbit edilmiş həddinə əməl edilməməsi, orta məktəblərdə tarifləşmənin, ali məktəblərdə elmi adlara görə əlavələrin düzgün müəyyənləşdirilməməsi, səhiyyə və mədəniyyət sahəsində ştat saylarının düzgün müəyyən edilməməsi, mənzil-kommunal təsərrüfatı sahəsində normativlərin düzgün tətbiq edilməməsi, zərərin və gəlirlərin düzgün hesablanmaması, xidmət haqlarının vaxtında və tam olaraq yığılmaması və vəsaitlərin qeyri-səmərəli istifadəsi, tikinti işlərinin aparılması zamanı layihə-smeta sənədlərinə uyğun işlərin görülməməsi, layihə-smeta sənədlərinin vaxtında ekspertizadan keçirilməməsi, işlər tam görülmədən müqavilə və ödənişlərin tam aparılması, maliyyə nöqsanları və sair daxildir”.
Audit aparılan təşkilatlarda aşkarlanan bəzi nöqsanlar barədə danışan V.Gülməmmədov qeyd edib ki, belə nöqsanlara vəsaitlərinin vahid büdcə təsnifatına uyğun istifadə edilməməsi, vəsaitin xərclər smetasında nəzərdə tutulmayan istiqamətlər yönəldilməsi, debitor borcların vaxtında bağlanmaması və s. kimi halları aid etmək olar. O, həmçinin bildirib ki, hesabat ilində audit tədbirləri zamanı aşkar edilmiş nöqsan və çatışmazlıqlara yol verən 254 nəfər məsul şəxsə qanunvericiliklə nəzərdə tutulmuş qaydada iltizam tənbehi tətbiq edilib.
Müzakirələrdən sonra Hesabat qəbul olunub.