Parlamentdə Ukraynada baş verən hadisələr müzakirə edilib.Lent.az-ın verdiyi məlumata görə, deputat Asim Mollazadə deyib ki, Ukraynada baş verənlər siyasi yolla həll edilməlidir.
O qeyd edib ki, bu hadisə ilə əlaqədar olaraq Azərbaycan GUAM üzvü olaraq Ukraynanın ərazi bütövlüyünü qorunması istiqamətdə beynəlxalq təşkilatlarda öz dəstəyini göstərməlidir: “Azərbaycan xalqı çox istəyir ki, Ukraynanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi təmin olunsun. Biz Ukrayna ilə müttəfiqik, bu ölkəyə dəstəklə bağlı Azərbaycan beynəlxalq təşkilatlarda da öz dəstəyini ifadə etməlidir”.
Deputat Fərəc Quliyev isə təklif edib ki, Milli Məclis Ukrayna dövlətinin müstəqilliyinin bir daha tanınmasını bəyan etsin: “Çünki hazırda Ukraynanın ərazi bütövlüyü parçalanma ərəfəsindədir. Oradakı qarşıdurmalar zamanı vəfat edən insanlara başsağlığı verilməsi haqda Milli Məclis olaraq bəyanat da qəbul edək”.
Spiker Oqtay Əsədov isə cavab olaraq deputata etiraz edib: “ Ukrayna Azərbaycanın strateji tərəfdaşıdır və Azərbaycan Ukraynanın müstəqilliyini və ərazi bütövlüyünü hər zaman tanıyıb. İndi orda yeni dövlət qurulur. Biz nə zaman Ukraynanın müstəqilliyini tanımamışıq? Fikrimcə, bir qədər diqqətli danışmalıyıq”.