“İfadə azadlığı heç kimə milli, mənəvi dəyərləri aşağılamağa, xalqlar arasında nifrət yaratmağa haqq qazandıra bilməz”
Azərbaycanda fəaliyyət göstərən 200-dən artıq QHT “Human Rights Watch” və digər beynəlxalq təşkilatların yazıçısı Əkrəm Əylislinin “Daş yuxular” romanı ətrafında baş verənlərə münasibəti ilə bağlı bəyanat yayıb.
QHT Əməkdaşlıq Alyansından Lent.az-a verilən məlumata görə, bəyanatda qeyd edilir ki, Əkrəm Əylislinin Moskvada nəşr olunan “Drujba narodov” jurnalında (№12 2012) işıq üzü görmüş “Daş yuxular” romanı ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb və cəmiyyətin müxtəlif təbəqələri bədii əsərdə yer alan fikirlərə öz etirazlarını bildirib.
Ancaq bir sıra beynəlxalq təşkilatlar “Daş yuxular” romanı ilə bağlı Azərbaycanda səslənən etiraz bəyanatları və açıqlamaları, müzakirələri yanlış olaraq ölkədə ifadə azadlığının pozulması, yazıçıya qarşı təqib və təhqir kampaniyası kimi qiymətləndirməyə çalışırlar: “Azərbaycanda fəaliyyət göstərən vətəndaş cəmiyyəti təşkilatları olaraq bəyan edirik ki, bir sıra beynəlxalq təşkilatların bu cür mövqedən çıxış etməsi obyektiv reallığı və “Daş yuxular” romanı ilə bağlı ölkə ictimaiyyətinin reaksiyasının adekvat qiymətləndirilməsini əks etdirmir. Eyni zamanda qeyd etməyi zəruri bilirik ki, yazıçısı Əkrəm Əylislinin Azərbaycan Konstitusiyasında və ölkəmizin qoşulduğu beynəlxalq sənədlərdə təsbit olunan öz fikirlərini sərbəst şəkildə, heç bir müdaxilə olmadan ifadə etmək, yaymaq, öz mülahizələrini müdafiə etmək hüququ olduğu kimi onun vətəndaşı olduğu dövlətin vətəndaşlarının qanunvericilik çərçivəsində bu hüquqdan istifadəsini heç kim məhdudlaşdıra bilməz. Əkrəm Əylislinin “Daş yuxular” romanı ilə bağlı Azərbaycanda baş verənləri və ölkə ictimaiyyətinin reaksiyasını qiymətləndirən zaman yalnız yazıçı Əkrəm Əylislinin ifadə azadlığının təmin olunması kontekstindən çıxış edilməsi birtərəfli dəyərləndirməyə və obyektiv gerçəkliyin təhrif olunması ilə nəticələnir. Təəssüf ki, bir sıra beynəlxalq təşkilatlar məhz bu mövqedən çıxış edərək “Daş yuxular” romanının Azərbaycan cəmiyyətində niyə belə kəskin etirazla qarşılanmasına diqqət yetirmirlər”.
Bəyanata imza atan QHT-lər hesab edirlər ki, Azərbaycan cəmiyyəti yazıçının ifadə, yaradıcılıq azadlığına qarşı çıxış etmir. Təsadüfi deyil ki, “Daş yuxular” romanı ilə bağlı müzakirələrdə ifadə azadlığının hər hansı bir formada məhdudlaşdırılması ilə bağlı heç bir fikir səsləndirilməyib: “Azərbaycan cəmiyyəti yazıçının bədii əsərdə tarixi gerçəklikləri təhrif etmək, saxtalaşdırmaq cəhdlərinə, mənəvi və dini dəyərlərin aşağılanmasına qarşı etirazını bildirib. Digər tərəfdən, Əkrəm Əylislinin “Daş yuxular” romanın Azərbaycan cəmiyyətində doğurduğu reaksiyanın təhlili zamanı bu hadisələrin hansı tarixi şəraitdə baş verməsi də mütləq nəzərə alınmalıdır. “Daş yuxular” romanı eyni zamanda erməni işğalçıları və millətçilərinə Azərbaycana qarşı işğalçılıq siyasətinə haqq qazandırmağa əlavə arqumentlər verməklə, sülh təşəbbüslərinə əngəl olanların mövqelərini möhkəmləndirməyə xidmət edir. Danılmaz faktdır ki, ermənilər Azərbaycan xalqına qarşı 20-ci əsrdə iki dəfə soyqırımı törədiblər. Əsrin əvvəllərində erməni daşnakları Azərbaycanın dinc əhalisinə qarşı görünməmiş vəhşiliklər ediblər. Erməni millətçiləri ötən sərin 90-cı illərində Xocalı faciəsini törətməklə bir daha öz vəhşi, təcavüzkar mahiyyətlərini bütün dünyaya nümayiş etdiriblər. Ermənistan artıq 20 ildir ki, Azərbaycan ərazisinin 20 faizini işğal edib. 1 milyondan çox azərbaycanlı Ermənistan və işğal olunmuş Azərbaycan torpaqlarından qovulub, qaçqın və məcburi köçkün kimi yaşamaq məcburiyyətindədir. Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalı və 1 milyondan çox azərbaycanlının öz yaşayış yerlərindən qovulması faktı BMT, Avropa Şurası, Avropa Birliyi, NATO, İslam Konfransı təşkilatı və digər beynəlxalq qurumlar tərəfindən qəbul olunan sənədlərdə öz təsdiqini tapıb. Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı 19 ildir davam edən diplomatik danışıqlar isə hələ ki, heç bir nəticə vermir. Bütün bunlar nəzərə alınaraq, Azərbaycanın xalq yazıçısı tərəfindən azərbaycanlıların təhqir edildiyi, aşağılandığı, tarixi həqiqətlərin saxtalaşdırıldığı bu cür romanın yazılması və dərc olunması Azərbaycan cəmiyyətində başqa cür necə qarşılana bilərdi? Yaxud indiki mərhələdə, hələ Qarabağ münaqişəsinin cəmiyyətdə yaratdığı ağır travmaların, faciələrin fonunda bu romanın yazılması və dərc olunması hansı məqsədə xidmət edir? Xalqlar arasında qarşıdurmanın gücləndirilməsinə, “kimdir günahkar?” sualının yenidən aktuallaşmasına, yaxud sülh təşəbbüslərinin nəticə verməsinə?”
Bəyanatda vurğulanır ki, ifadə azadlığı heç kimə milli, mənəvi dəyərləri aşağılamağa, xalqlar arasında nifrət yaratmağa, dini inancların təhqir olunmasına haqq qazandıra bilməz və bu cür cəhdlərə qarşı münasibət bildirilməsi də ifadə azadlığının tərkib hissəsidir: “Demokratik dəyər və ənənələr də beynəlxalq təşkilatlar və ayrı-ayrı hüquq-müdafiəçilərinin də bu mövqedən çıxış etməsini şərtləndirir. “Human Rights Watch” və digər beynəlxalq təşkilatlar yazıçı Əkrəm Əylislinin “Daş yuxular” romanı ətrafında baş verənlərə münasibət bildirən zaman ifadə, yaradıcılıq azadlığının müdafiəsi ilə yanaşı bu cür təşəbbüslərin sülh danışıqlarına ziyan vurmasını, xalqlar arasında qarşıdurmanın güclənməsinə xidmət etdiyini nəzərə almaqla daha obyektiv olmalı, hadisələri adekvat qiymətləndirməlidirlər. Nəzərə alınmalıdır ki, yaradıcı insanlar da cəmiyyət və insanlar qarşısında mənəvi məsuliyyət daşıyırlar. İfadə azadlığının verdiyi imkanlardan yararlanan zaman bu məsuliyyəti hiss etməlidirlər. İfadə azadlığı heç bir halda xalqlar arasında düşmənçilik hisslərinin qızışdırılmasına, milli, mənəvi dəyərlərin, dini inancların təhqir olunmasına haqq qazandıra bilməz”.