Bu gün Ombudsman Aparatında Elmira Süleymanova ilə moldovalı həmkarı Aurelia Qriqoriunun görüşü olub. Lent.az-ın məlumatına görə, görüşdə A. Qriqoriunun həyat yoldaşı Dmitri Feodoroviç də iştirak edib. E. Süleymanova çıxışında Ermənistan Parlamentində cəsarətli çıxışına görə həmkarına və bu çətin müddətdə ona dəstək olan həyat yoldaşına təşəkkür edib: “Biz hamımız o gün çox narahat idik. Sonun necə olacağını bilmirdik. Mən bilirəm ki, Dmitri də o günlər çox həyəcan və narahatçılıq keçirib. Biz ona da minnətdarıq”.
Görüş vaxtı Ermənistan parlamentindəki çıxışından söz düşəndə xanım Qriqoriu həyəcanlanıb və göz yaşlarını saxlaya bilməyib: “O günləri xatırlamaq belə istəmirəm. Çox çətin günlər idi. Amma mən peşman deyiləm. Xocalı faciəsi hamımızın faciəsidir. Biz susmamalıyıq. 1992-ci il deyəndə ağlımıza nə gəlir? İnsanlıq faciəsi. Mən erməni parlamentində Xocalı gerçəkliklərindən, orada baş verən insanlıq dramından danışanda zaldan səs-küy gəlməyə başladı. Bir çox iştirak edənlər bu faciədən xəbərsiz idilər və mənə minnətdarlıq etdilər. Çıxışımdan sonra KİV əməkdaşları mənə yaxınlaşıb dedilər ki, siz bunu necə dilə gətirə bildiniz? Mən də onlara bildirdim ki, bu, bir gerçəklikdir və biz bu gerçəklikləri dünyaya çatdırmalıyıq. Qarabağ Azərbaycanındır və gerçəklikdir ki, hazırda bu torpaqlar ermənilər tərəfindən işğal olunub. Mənim bu çıxışım sonradan Moldovada etirazlar yaratdı, mühakimə edildi. Və mənim əleyhimə çıxışlar səsləndi: “Ombudsmanın çıxışı Moldovanın fikirlərini təmsil etmir”. Mən belə düşünürəm ki, Xocalı faciəsini törədənlər cavab verməli və ədalət bərqərar olunmalıdır. Moldova və Azərbaycan dost ölkələrdi. Bəsdir, artıq pis adamlara yaxşı maska geyindirdik. Artıq onların maskasını açmalıyıq! Ermənistan Azərbaycanın torpaqlarını azad etməlidir! Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı, məcburi köçkünlər evlərinə dönməlidir”.
Sonda E. Süleymanova Moldova Ombudsmanına cəsarəti və insan hüquqlarının keşiyində belə mərd dayandığına görə şərəf medalı təqdim edib.