Arif Hacılı: “İctimai Palata müəyyən məqamlarda rəqabət meydanına çevrilib” – MÜSAHİBƏ
10 yanvar 2013 14:40 (UTC +04:00)

Arif Hacılı: “İctimai Palata müəyyən məqamlarda rəqabət meydanına çevrilib” – MÜSAHİBƏ

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının APA-ya müsahibə verib.

 

- Bir müddət əvvəl sosial şəbəkələrdən birində çox qəzəbli fikriniz yayılmışdı. Buna səbəb nə idi?

 

- Sosial şəbəkələr Azərbaycanda çox populyardır. Söz və mətbuat azadlığı təqib olunduğu üçün əsas xəbərləşmə sistemlərindən biri hazırda sosial şəbəkələr, xüsusilə “facebook” şəbəkəsidir. Azərbaycanın bir çox tanınmış siyasətçiləri, ictimai xadimləri bu şəbəkə vasitəsilə məlumat yayırlar. Mənim “facebook”da olan açıqlamamın qəzəbli adlandırılması təəccüblüdür. Çünki orada heç bir qəzəb yox idi. Sadəcə, bəzi adamların mənə və Müsavat Partiyasına, onun başqanı İsa Qəmbərə qarşı apardıqları kampaniyaya cavab vermişdim. Belə bir nəticəyə gəldim ki, kimlərinsə saxta profillər arxasından gizlənib irəli sürdükləri böhtan kampaniyasını aşkarlayıb, bu sözləri açıq şəkildə yazmaq və onları ictimai müzakirəyə çıxarmaq daha düzgündür. Hesab edirəm ki, düz addım atmışam, çünki nəticəsi oldu, bu tipli qara piar kampaniyası ən azı hələlik dayandırılıb.

 

- Mənimlə razılaşarsınız ki, dediyiniz həmin kampaniyanın səbəbi İctimai Palata daxilində olan fikir ayrılığıdır. Sizin İctimai Palatada baş verən qarşılıqlı ittihamlara, fikir ayrılığının pik həddə çatmasına, ümumiyyətlə, bu qurumdakı proseslərə olan münasibətinizi də bilmək istərdik...

 

- İctimai Palata əsasən ölkənin aparıcı siyasi partiyaları olan Müsavatla AXCP-nin əməkdaşlıq mərkəzi kimi nəzərdə tutulub. Düzdür, burada digər siyasi partiyalar da, heç bir siyasi firqənin üzvü olmayan adamlar da, ayrı-ayrı qurumların nümayəndələri də var. Amma əsasən istər Azərbaycanda, istərsə də beynəlxalq birlik tərəfindən İctimai Palata Müsavat Partiyası ilə AXCP-nin əməkdaşlıq və müttəfiqlik mərkəzi kimi nəzərdə tutulub. Təəssüf ki, müəyyən məqamlarda bu qurum əməkdaşlıq mərkəzindən çox rəqabət meydanına çevrilib. Biz zaman-zaman öz mövqelərimizi ortaya qoymaqla bu cür münasibətlərin, bu cür davranışların qarşısını almağa çalışırıq.

 

- Amma İctimai Palatadakı rəqabət prezident seçkiləri ilə bağlı fərqli yanaşmaların yer aldığı qərarın qəbulu ilə nəticələndi. Bunu necə dəyərləndirirsiniz?

 

- Əgər böhtan, təhqir və qarayaxma yoxdursa, rəqabət əslində pozitiv prosesdir və bu, nəticə etibarı ilə inkişafa səbəb olur. Düşünmürəm ki, İctimai Palatada siyasi qüvvələr arasında hansısa barışmaz münasibətlər mövcuddur. Müsavat Partiyasının başqanı İsa Qəmbərin prezidentliyə namizədliyinin irəli sürülməsi İctimai Palatanın bundan əvvəl qəbul etdiyi qərarlara zidd deyil. Yəni başqa namizədlərin də irəli sürülməsi istisna deyil və biz öz tərəfimizdən bu mövzunu bağlamamışıq. Bu mövzu ətrafında yenidən müzakirələr aparıla bilər.

 

- İsa Qəmbərin namizədliyinin irəli sürülməsi İctimai Palatanın son sessiyasında AXCP funksionerlərinin çıxışı zamanı narazı notlarla qeyd olunurdu. AXCP sədri Əli Kərimli isə bu addımı namizədliyə namizədlik kimi dəyərləndirdi və kampaniyanın ilk mərhələsi hesab etdiyini dedi. Sizin bu prosesə və AXCP-nin mövqeyinə baxışınız necədir?

 

- Seçki kampaniyası rəsmi şəkildə elan olunmayıb. Mərkəzi Seçki Komissiyası tərəfindən rəsmi seçki kampaniyası elan olunduqdan sonra bu aksiya başlanacaq. Ancaq biz artıq seçki ilinə daxil olmuşuq və faktiki olaraq İsa Qəmbərin namizədliyinin irəli sürülməsi ilə bağlı da bu məqam əsas götürülərək qərar qəbul edilib. Ümumiyyətlə, belə bir fikir var, “seçki kampaniyası seçkilərə qədər olan dövrü əhatə etməlidir”. Normal demokratik ölkələrdə siyasi partiyaların qarşısında duran əsas, başlıca, ən həlledici məsələ məhz seçki kampaniyalarının təşkil etmək, bu aksiyalarda iştirak və öz namizədlərinin qələbəsi ilə ideyalarını, seçki vasitəsilə əldə etdiyi müəyyən postlar, vəzifələrin imkanlarından istifadə edərək, həyata keçirməkdən ibarətdir. Bu baxımdan İsa Qəmbərin prezidentliyə namizədliyinin irəli sürülməsini də seçki kampaniyası kontekstində atılmış addım kimi dəyərləndirmək olar.

 

- Lakin müttəfiqiniz AXCP-nin prezident seçkiləri ilə bağlı mövqeyi tam fərqlidir. Belə olan təqdirdə, İctimai Palata hansı şəkildə AXCP ilə Müsavat Partiyası arasındakı müttəfiqlik mərkəzi rolunu oynaya biləcək?

 

- Seçkilərin demokratik keçirilməsi üçün bir sıra şərtlərin olması vacibdir. İlk növbədə, seçkiqabağı demokratik şərait, seçkilərdə iddiaçı tərəflərin bərabərhüquqlu təbliğat imkanları olmalıdır, seçki qanunvericiliyi demokratik seçkilərin keçirilməsinə imkan verməlidir, seçki günü səslərin saxtalaşdırılmasını qeyri-mümkün edən mexanizmlər müəyyənləşməlidir. Təbii ki, Azərbaycanda bu şərait yoxdur. Biz hesab edirik ki, seçkilərdə iştirak etməməklə - boykot etməklə bu çatışmazlıqları aradan qaldırmaq daha çətindir və ya qeyri-mümkündür. Seçkilərdə iştirak edərək, siyasi prosesə qatılaraq, seçki kampaniyasının verdiyi imkanlardan istifadə edərək, mövcud reallıqları dəyişdirmək, bu istiqamətdə ciddi addımlar atmaq bizə daha real görünür. Bu, siyasi taktika məsələsidir və şübhəsiz ki, Azərbaycanın elə bir vətəndaşını tapmaq mümkün deyil ki, o, demokratik seçkilərin keçirilməsi üçün uyğun şəraitin vacibliyini inkar etsin. Təbii ki, bu vacibdir, Müsavat Partiyası da, digər siyasi partiyalar da bu istiqamətdə fəaliyyət göstərirlər. Bu məsələdə AXCP ilə Müsavat Partiyasının taktiki yanaşması arasında fərqlər var.

 

- AXCP ilə Müsavat Partiyası uzun illərdir çoxlu sayda birlik və bloklarda seçki əvvəli və ya sonrası birgə fəaliyyət göstəriblər. İctimai Palata da yarandığı gündən ölkədə demokratikləşmə uğrunda mübarizənin aparılmasında eyni mövqedən çıxış edən müttəfiqlər, namizəd məsələsində ortaq məxrəcə gələ bilmədilər. Yəni illərin müttəfiqləri arasındakı güzəşt imkanları bu qədərmi çətindir?

 

- Biz 2010-cu ilin parlament seçkilərində dairələr üzrə vahid namizədlər müəyyənləşdirmişik. Prezident seçkilərində də bu istiqamətdə müzakirələr davam edir və hesab edirəm ki, imkanlar tükənməyib.

 

- Ancaq Müsavat Partiyası seçki taktikasını müəyyənləşdirib və qurumun başqanı İsa Qəmbər də prezidentliyə öz namizədliyini irəli sürüb...

 

- Əvvəla, İsa Qəmbərin öz namizədliyini irəli sürməsi o demək deyil ki, biz digər namizədlər olacaqsa və bu namizədlər həm bizə, həm Azərbaycan cəmiyyətinə daha real namizəd və siyasi qüvvə görünəcəksə, biz bu müzakirələrdən yayınacağıq. İkincisi, İsa Qəmbər namizədliyini irəli sürüb, istisna deyil ki, Azərbaycanın aparıcı demokratik qüvvələri və siyasi xadimləri İsa Qəmbərin namizədliyini müdafiə etsin. Bu baxımdan İsa Qəmbərin namizədliyinin irəli sürülməsi heç də vahid namizəd mövzusunun qapadılması anlamına gəlmir. Bütövlükdə vahid namizəd mövzusu ilə əlaqədar bizim müəyyən fərqli yanaşmamız var. Ümumi müxalifətin vahid namizədinin olması mümkün deyil və məncə bu lazım da deyil. Ona görə ki, müxalifət anlamı Azərbaycanda çox geniş siyasi spektri əhatə edir. Azərbaycanda real, demokratik, psevdo, hakimiyyət tərəfindən süni yaradılmış cib, ayrı-ayrı ölkələrin mənafelərini müdafiə edən və onların xüsusi xidmət orqanları tərəfindən maliyyələşdirilən müxalifət qüvvələri var. Bütün bu qüvvələrin bir namizədinin olması təbii ki, qeyri-mümkündür. Ancaq Azərbaycan cəmiyyəti tərəfindən real müxalifət kimi qəbul olunan siyasi qüvvələrin bir namizədi ola bilər və biz bunu əsas namizəd adlandırırıq. Bu məsələlərlə əlaqədar Müsavat Partiyasının xüsusi narahatlığı yoxdur. Çünki istər siyasi təcrübə, istərsə də seçkilərin təcrübəsi də göstərir ki, seçkilərdə müxalifət adından çoxlu namizəd iştirak etsə də, cəmiyyət özü nəticə etibarı ilə əsas namizədi müəyyən edir. Elə 2000-ci və 2005-ci illərin parlament, 2003-cü ilin prezident seçkilərində müxtəlif siyasi qüvvələr müxalifət adından seçkilərdə iştirak edib. Ancaq nəticə etibarı ilə əsas rəqabət iki siyasi qüvvə və ya iki siyasətçi arasında gedib. Məsələn, 2003-cü ilin prezident seçkilərində Azərbaycanda prezidentliyə iddialı olan şəxslərin hamısı bu və ya digər şəkildə iştirak edirdi. Ancaq seçki məntəqələrində əsas iki alternativ var idi. Seçki rəqabəti İlham Əliyevlə İsa Qəmbər arasında gedirdi. İqtidar elektoratı İlham Əliyevə, müxalifəti dəstəkləyənlər isə İsa Qəmbərə səs verirdi. Düşünürəm ki, biz seçki kampaniyası rəsmi elan olunana qədər müxalifətin əsas namizədini öz aramızda razılaşma yolu ilə müəyyənləşdirə bilməsək də, Azərbaycan cəmiyyəti, seçicisi seçki kampaniyasının gedişində müxalifətin əsas namizədini müəyyənləşdirə biləcək və həmin şəxs xalqın namizədi kimi narazı elektoratın namizədi olaraq hakimiyyətin namizədinin əsas alternativi olmağa nail olacaq.

 

- Müxalifətin elektoratı arasında parçalanma ehtimalını nəzərə almırsınız? Bu hazırkı məqamda Sizin üçün heç də münasib olmamalıdır?

 

- Təbii ki, bütün demokratik qüvvələrin bir arada olması, bir komandada birləşməsi və vahid komandada seçkilərdə iştirak etməsi arzuolunandır. Bu, ideal variantdır. Biz buna nail olmaq üçün çalışırıq, bundan sonra da səylərimizi davam etdiririk.

 

- Yeri gəlmişkən, “Real” hərəkatının yaydığı məlumata görə, qurum tərəfindən Müsavat Partiyasına və AXCP-yə təkliflər göndərilib və bu təkliflərin cavablandırılmasını gözləyirlər. Bu təkliflərin mahiyyəti nədən ibarətdir və cavab verilibmi?

 

- Mən səhhətimdə olan problemlərlə əlaqədar son vaxtlar işə çıxmamışam. Səmimi deyirəm ki, bu barədə məlumatım yoxdur.

 

- Ancaq bəzi “Real”çıların Müsavat Partiyasının rəhbərlərinin, qurumun başqanının ünvanına sosial şəbəkələrdəki ittihamlarına da rast gəlirik.

 

- Biz Azərbaycanın aparıcı və iddialı siyasi qüvvələrindən biriyik. Heç şübhəsiz ki, digər iddiaçılar da bu məsələyə həssas yanaşır və konkret olaraq, əsas qüvvə kimi yanaşmaqla bizi daha çox tənqid edirlər. Siyasət elə peşədir ki, bu işlə məşğul olan hər kəs tənqidə hazır olmalıdır. Cəmiyyətdə müxtəlif cür düşünən insanlar var, cəmiyyətin inkişafına, ölkənin gələcəyinə baxışlarında fərqlər var. Ona görə də bu fərqlər də tənqid, bəzən kəskin tənqid formasında ortaya çıxır. Bu səbəbdən də mən bizə qarşı olan tənqidlərə normal yanaşıram. Cəmiyyət bütövlükdə təhqirlərə, böhtanlara, qarayaxma kampaniyasına qarşı çıxmalı, lakin tənqidlərə dözümlü yanaşmalıdır.

 

- Qayıdaq, prezident seçkiləri məsələsinə. İctimai Palatadan kənar namizədin əsas namizəd olaraq dəstəklənməsi imkanları Sizin tərəfinizdən necə qəbul oluna bilər və ya təmsil olunduğunuz partiyada bununla bağlı müzakirələr aparılıbmı?

 

- Biz gələcək haqda danışarkən, bugünkü reallıqlardan çıxış etməliyik. Çünki Azərbaycanda siyasi vəziyyətin istənilən anda müxtəlif istiqamətlərə yönəlməsi ehtimalları var və təbii ki, hər hansı fərqli siyasi şəraitdə, müxtəlif siyasi qüvvələr və siyasi liderlər ortaya çıxa bilər.

 

- Müxalifətin geniş mənada birləşə biləcəyi yeni hərəkatın formalaşması istiqamətində işlərin getdiyi və hətta Müsavat Partiyasının da danışıqlar prosesinə qatıldığı haqda mətbuatda bir sıra məlumatlar yer alıb. Bunu nə dərəcədə həqiqətə uyğun və reallığı əks etdirən xəbər hesab etmək olar?

 

- Məncə, hansısa konkret danışıqların getməsi kimi uzağa gedən fikirlər səsləndirmək hələlik tezdir. Müəyyən görüşmələr və təşəbbüslər mövcuddur. Mən təşəbbüslərin irəli sürülməsinə həm təbii baxıram, həm də müsbət yanaşıram.

 

- Müsavat Partiyası qurultayı nə vaxt keçiriləcək?

 

- Partiya üzərinə düşən bütün problemləri həll edib. Konfranslar keçirilib, qurultay nümayəndələri seçilib, qurultayda nizamnamədə edilən dəyişikliklərlə əlaqədar edilə biləcək təkliflər toplanıb. Sadəcə olaraq hakimiyyət tərəfindən qurultayın keçirilməsi üçün müvafiq yerin ayrılmaması səbəbindən Müsavat Partiyasının qurultayı keçirilmir.

 

- Bununla bağlı bir neçə dəfə paytaxt rəhbərliyinə müraciət etmisiniz daha müraciət etmək niyyətində olmadığınızı bildirirsiniz. Bakı Şəhər İcra Hakimiyyəti isə təkrar müraciətin zəruriliyini deyib. Bu məsələ nə zaman və necə çözüləcək?

 

- Bizim əvvəlki müraciətimiz də qüvvədədir və yenidən də müraciət edə bilərik. Bu məsələdə hər hansı problem yoxdur. Biz Müsavat Partiyasının qurultayının keçirilməsini istəyirik. Hesab edirik ki, qurultayın ləngidilməsi partiyaya ziyan vurur. Heç də təsadüfü deyil ki, hakimiyyət də qurultayın keçirilməsinə şərait yaratmamaqla, partiyanın öz Nizamnaməsinə uyğun olaraq fəaliyyət göstərməsinə maneçilik törədir.

 

- Ötən il İsa Qəmbərin başqan vəzifəsindən getməsi məsələsi gündəmdə idi. Bu gün də həmin məsələ aktuallığında qalırmı?

 

- Müsavat Partiyasının Nizamnaməsi bu məsələyə birmənalı cavab verir. Yəni əgər Nizamnamədə hər hansı dəyişikliklər olmayacaqsa, Müsavat Partiyasının başqanı başqa bir şəxs - partiya üzvü olacaq. Partiyada bununla bağlı müxtəlif təkliflər - Nizamnamənin dəyişdirilməsi, başqan seçkilərinin prezident seçkilərindən sonrakı dövrə keçirilməsi, seçkiləri indi keçirmək və partiyanın yeni rəhbərliyi ilə seçkilərə getmək təklifləri var. Təbii ki, bütün bunları həll etmək səlahiyyəti partiyanın qurultayındadır.

 

- Prezident seçkilərindən əvvəl keçirilən qurultayda yeni başqan seçilərsə, İsa Qəmbərin təsir imkanlarının saxlanması üçün digər partiyaların təcrübəsindən istifadə mümkündürmü?

 

- Düşünmürəm ki, partiyada İsa Qəmbərin təsir imkanlarını saxlamaqdan ötrü hansısa titulun verilməsinə ehtiyac var. İsa Qəmbər kifayət qədər ciddi təsir imkanlarına malikdir və hesab etmirəm ki, İsa Qəmbərin təsir imkanları yalnız onun partiyanın başqanı olması ilə bağlıdır. Müsavat Partiyasının demək olar ki, hər bir üzvü İsa Qəmbərə xüsusi nüfuz sahibi kimi yanaşır, onun mövqeyinə hörmət edir və əminəm ki, qurultaydan sonra İsa Qəmbər partiyanın başqanı olmayacaqsa belə, istər Müsavatda, istərsə də cəmiyyətdə gedən siyasi proseslərə təsir imkanlarını qoruyub saxlayacaq. Bəlkə də partiya başqanı olmadığı dövrdə onun manevr imkanlarının artması ilə siyasi proseslərə təsiri daha da artacaq.

 

- Müsavat Partiyasının başqanlığına keçirilən seçkilərdə namizəd olaraq iştirak istəyiniz yəqin ki, dəyişməyib?

 

- Mənim bu məsələdəki mövqeyimdə dəyişiklik baş verməyib. Siyasətə gəlişim, burada hansısa karyeraya malik olmaq niyyətimlə olmayıb. Qarabağ müharibəsi fonunda siyasətə gəlmişəm, Azərbaycan Xalq Cəbhəsinə və xalq hərəkatına qoşulmuşam. Bütün siyasi fəaliyyətim dövründə sıravi əsgər, AXC-nin bir özəyinin sədri rolundan, AXC-nin ən yüksək postlarında olan siyasətçi, dövlətin idarəçiliyində mühüm rol oynayan vəzifə sahibi kimi də iştirak etmişəm. Hesab edirəm ki, indiki mərhələdə Müsavat Partiyasının üzvləri, cəmiyyət mənim hansı vəzifədə fəaliyyət göstərməyimi məqbul sayacaqsa, mən bu postda da fəaliyyətimə davam edəcəyəm. Yəni mənim üçün əsas məsələ hansısa vəzifəni tutmaq deyil. Çünki hər bir insan böyük bir ideala xidmət etdiyini düşünürsə, istənilən vəzifədə bu ideyaya xidmətini davam etdirə bilər.

 

- Siyasi şərhçilər vaxtilə Müsavat Partiyasının idarəçiliyində mühüm rol alan Vurğun Əyyubun müəyyən dövrdən sonra yenidən partiyada aktiv fəaliyyətə başlamasını Arif Hacılının imkanlarının zəiflədilməsinə yönələn addım kimi dəyərləndirilər. Bununla bağlı mövqeyinizi də bilmək istərdik...

 

- Bizi AXC-də də təqribən eyni fikirlilər hesab etmək olardı. Burada da mövqelərimiz bir çox məsələdə də üst-üstə düşür. Müsavat Partiyası bərpa olunarkən mən və Vurğun Əyyub partiyanın bərpa bürosunun üzvü olmuşuq. Bundan sonrakı dövrlərdə də birgə fəaliyyət göstərmişik. Mənimlə Vurğun Əyyub arasında hansısa problemlərin olması barədə iddialar tamamilə yersiz və əsassızdır. Vurğun Əyyub heç zaman Müsavat Partiyasından getməyib və fəaliyyətini zəiflətməyib. Sadəcə olaraq, Türkiyədə işləməsi ilə əlaqədar olaraq, daxili siyasətdə fəal deyildi. Ancaq partiyada olan seçkili orqanlardakı yerləri qalmaqda idi. Hazırda onun daha fəal iştirak imkanları əldə etməsi Müsavat Partiyasının xeyrinə olar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 668
avatar

Oxşar yazılar