ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta Azərbaycanın qərb bölgəsinə səfəri çərçivəsində Kəlbəcərdən olan məcburi köçkünlərin yaşadığı şəhərcikdə olub.
APA-nın qərb bürosunun verdiyi məlumata görə, öncə səfir Kəlbəcər rayon icra hakimiyyətinin başçısı Aqil Məmmədovla görüşüb.
Sonra qonaqlar şəhərcikdə məcburi köçkün uşaqlarının tərbiyə aldığı uşaq bağçasına baş çəkiblər.
Səfir bildirib ki, Kəlbəcərdən olan məcburi köçkün ailəsi ilə söhbətdən aydın oldu ki, Dağlıq Qarabağ münaqişəsi mücərrəd və abstrakt bir münaqişə deyil. “Bu münaqişənin humanitar tərəfləri, yəni fəsadları var. Biz söhbət əsnasında bunun şahidi olduq. Bu, dondurulmuş münaqişə adlansa, heç də belə deyil. Təmas xəttində hər gün insan itkiləri baş verir”, – deyə diplomat vurğulayıb.
Səfir bildirib ki, ATƏT-in Minsk qrupu həmsədrləri Ermənistan və Azərbaycan xarici işləri nazirləri ilə daim təmasdadırlar: “Onlar çalışırlar ki, prezidentlərin görüşünü təşkil eləsinlər. Əsas məqsəd tərəfləri bir araya gətirmək və münaqişənin dinc yolla həlli istiqamətində irəliləyişə nail olmaqdır”.