Abbas Abbasovun cinayət məsuliyyətinə cəlb edilməsi üçün müraciət olundu
15 aprel 2015 14:27 (UTC +04:00)

Abbas Abbasovun cinayət məsuliyyətinə cəlb edilməsi üçün müraciət olundu

Aprelin 14-də Rusiya Azərbaycanlılarının Federal Milli-Mədəni Muxtariyyəti "Azərros"un VI hesabat-seçki birləşdirici qurultayının yekun hissəsi keçirilib.

 

APA-nın məlumatına görə, qurultayın işində Rusiyanın 43 regionundan 87 nümayəndə iştirak edib.

 

Onların arasında 14 regional təşkilat, Rusiya azərbaycanlılarının regional təşkilat hüququna malik 19 yerli milli-mədəni muxtariyyəti, habelə Rusiyanın müxtəlif regionlarını təmsil edən Azərbaycan mədəniyyət mərkəzlərinin nümayəndələri olub.

Xatırladaq ki, qurultay yanvarın 17-də başlasa da, nümayəndələrin və iştirakçıların əksəriyyətinin qəbul etdiyi qərara əsasən onun işində fasilə elan olunub. Məqsəd Tver və Nijni Novqorod vilayətlərinin regional milli-mədəni muxtariyyətlərinin rəhbərlərinin birləşdirici qurultayda iştirak etmələri üçün onlarla dialoq qurmaq olub. Bəlli olduğu kimi sözügedən vilayətlərin Azərbaycan diaspor rəhbərləri qurumun əksər üzvlərinə qoşulmaq istəməyiblər və Abbas Abbasovun dəstəyi və rəhbərliyi altında fevralın 20-də öz “qurultayı”nı keçiriblər. Həmin “qurultay”a qurumun əksər üzvləri buraxılmayıb.

 

Yanvarın 17-də olduğu kimi aprelin 14-də qurultayın işini pozmaq üçün cəhdlər edilib. Konkret olaraq Rusiya hüquq-mühafizə orqanlarına qurultayın planlaşdırıldığı zala bomba qoyulması haqda yanlış məlumat verilib. Bu təxribat nəticəsində qurultay nümayəndələri və qonaqlar bir neçə saatı yaxınlıqdakı mehmanxananın holunda keçirmək məcburiyyətində qalıblar. Lakin bu, qurultayın keçirilməsinə mane olmayıb, çünki nümayəndələr qurultayın işini yekunlaşdırmaq əzmində olublar. Nəticədə qurultay 1 saat gecikməklə, digər yerdə - Greenwood Biznes Mərkəzində keçirilməli olub.

 

Qurultayda gündəlikdə qalan 3 məsələ - prezident, Federal Şura və Nəzarət-Təftiş Komissiyası sədrlərinin seçkiləri müzakirə olunub. Prezidentliyə namizədlər olan “Azərros” Federal Şurasının üzvü Mehriban Abdullayeva və vitse-prezident Yusif Xıdırov öz namizədliklərini geri götürüblər və Söyün Sadığovun namizədliyini irəli sürüblər. S. Sadığovun namizədliyini həmçinin “Azərros”un Ulyanovsk vilayətinin yerli təşkilatının rəhbəri İslam Hüseynov, Krasnoyarsk vilayəti təşkilatının sədri Ayaz Məmmədov, Rostov vilayəti təşkilatının sədri Vaqif Mustafayev, Samara vilayəti təşkilatının sədri Rafiq Qəmbərov və Kaluqa vilayəti təşkilatının sədri Eldəniz Amanov irəli sürüblər. Onlar S. Sadığovun namizədliyinin seçilməsinin vacibliyini “Azərros” ətrafında yaranmış mürəkkəb durumla əlaqələndiriblər.

 

Moskva vilayəti təşkilatından “Azərros”un prezidenti vəzifəsinə Qalib Ağayevin namizədliyi irəli sürülüb. Qurultay nümayəndələrinin əksəriyyəti S. Sadığovu “Azərros”un prezidenti seçiblər. Nizami Bəşirov qurumun Federal Şurasının sədri, Mehriban Abdullayeva isə Nəzarər-Təftiş Komissiyasının sədri seçilib. Həmçinin qurultayın qərarı ilə “Azərros”a Krım azərbaycanlılarının regional milli-mədəni muxtariyyəti qəbul olunub. Qurultayda Moskva şəhərinin milli siyasət, regionlararası əlaqələr və turizm Departamentinin nümayəndəsi İqor Tiunçik çıxış edib. O, demokratik seçkilərin bütün prinsiplərinin riayət olunduğu qurultayın əhəmiyyətini önə çəkib, habelə qurumun yeni prezidentinə uğurlar arzulayıb.   

 

S. Sadığov çıxışı zamanı A. Abbasovun “Azərros”un parçalanmasına səbəb olan addımlarını pisləyib və Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun “Azərros”dakı münaqişəyə laqeyd münasibətindən, yanvarın 17-də və aprelin 14-də qurultay iştirakçılarına qarşı atılmış addımlara və pozuntulara göz yummasından, fevralın 20-də keçirilmiş “qurultay”a və A. Abbasovun azərbaycanlılara qarşı cinayət əməllərinə reaksiya verməməsindən təəssüfləndiyini bildirib. O, nümunə kimi Rusiyanın Ukraynadakı səfiri və konsulunun etnik rusların hüquqlarının pozulduğu hallarda operativ şəkildə onların müdafiəsinə qalxdıqlarını göstərib. S. Sadığov P. Bülbüloğlunun Rusiya vətəndaşları olan həmvətənlərinin öz tədbirlərini keçirmək üçün öncədən icarə haqqı ödənilmiş yerlərdən qanunsuz çıxarılarkən, bu kimi hallara reaksiya verməməsinin başa düşmədiyini bildirib.  

 

“Azərros”un Moskva vilayəti üzrə regional təşkilatının rəhbəri Qalib Ağayev isə A. Abbasovun həmyerlilərinə qarşı əməllərindən danışarkən, onun erməni daşnaklara sadiqliyindən və onlarla əlaqələrindən bəhs edib. “Azərros”un vitse-prezidenti qeyd edib ki, A. Abbasov Rusiyanın bəzi məmurlarını aldadaraq, onların əli ilə Rusiyadakı Azərbaycan diasporunun iradəsini boğmağa çalışır və bununla Rusiya vətəndaşları olan azərbaycanlıların konstitusiya ilə təsbit olunmuş hüquqlarını pozur. “Biz Vladimir Putinin seçiciləriyik. Rusiya vətəndaşlarının hüquq və öhdəlikləri pozulanda, susa bilmərik. Çünki Rusiyanın ictimai-siyasi həyatının fəal iştirakçılarıyıq”, - deyə o vurğulayıb. 

 

Qurultayda çıxış edən Azərbaycan diasporunun nümayəndələri, o cümlədən Yaroslavldan olan Asman Hüseynov və Krasnoyarskdan olan Ayaz Məmmədov “Azərros” ətrafında yaranmış durumla əlaqədar öz münasibətini açıqlayıblar. Onlar qeyd ediblər ki, S. Sadığovun qayıdışı quruma yeni impuls verəcək və “Azərros”u dərin böhrandan çıxaracaq.

 

Tədbirin sonunda iştirakçılara qoşulan Azərbaycan səfirinin müavini Qüdsi Osmanov zalda əyləşənlərə fəal iştiraka görə təşəkkür edib. Qurumun gələcəyi naminə demokratik seçkilərin vacibliyini önə çəkən Q. Osmanov qeyd edib ki, Azərbaycan dövləti və prezident İlham Əliyev xaricdə yaşayan həmvətənlərimizin taleyinə biganə deyil.

 

Qurultayda çıxış edən İslam Komitəsinin sədri Heydər Camal isə qurultayın nəticələri münasibəti ilə iştirakçıları təbrik edib və onlara uğurlar arzulayıb.

 

Tədbirin sonunda qurultay iştirakçıları Rusiya və Azərbaycan prezidentlərinə müraciətlər qəbul ediblər. Rusiya prezidentinə müraciətdə qeyd olunur ki, Rusiyanın bəzi məmurlarının A. Abbasovun əməllərinə köməyi nəticəsində Rusiya vətəndaşları olan azərbaycanlıların hüquqları kobud şəkildə pozulur. Bununla əlaqədar qurultay iştirakçıları Rusiya konstitusiyasının qarantı olan V. Putinə müraciət edərək ondan müvafiq tədbirlərin görülməsi və məsələnin araşdırılması üçün tapşırıqlar verməsini xahiş ediblər.

 

A. Abbasovun Azərbaycan vətəndaşı olması nəzərə alınaraq, qurultay iştirakçıları Azərbaycan prezidenti İ. Əliyevə müraciətdə ondan A. Abbasovun əməllərinin araşdırılması və onun cinayət məsuliyyətinə cəlb olunması üçün müvafiq orqanlara göstəriş verməsini xahiş ediblər. Onlar həmçinin qeyd ediblər ki, A. Abbasov qeyri-qanuni hərəkətləri ilə ona yaxın olmayan Azərbaycan diasporunun nümayəndələrinə problemlər yaradır, qurumdan şəxsi maraqları naminə istifadə edir və Rusiya-Azərbaycan münasibətlərinin pisləşməsi üçün əlindən gələni edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 248
avatar

Oxşar yazılar