Görkəmli siyasi və dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından Məhəmməd Əmin Rəsulzadənin vəfatından 61 il ötür. O, ağır şərtlər altında vətəndən 35 il ayrı yaşasa da, sabit siyasi-ideoloji mövqeyindən və Azərbaycan davasından bir an belə vaz keçmədi. Məhəmməd Əmin bəyin gənclik dostlarından biri, sonralar İran parlamentinin sədri olmuş Seyid Həsən Tağızadənin yazdığı kimi, "nə Bakı hökumətində tacsız bir Sultan mövqeyində olanda, nə də İstanbulda ayda bir lirəyə yaşadığı günlərdə Rəsulzadə öz əqidəsindən əsla dönməmiş, inadla öz idealları uğrunda mücadiləsini davam etdirmişdi. Rəsulzadə bütün ömrüm boyunca Şərq dünyasında tayına rastlaşmadığım, mübaliğəsiz söyləyə biləcəyim fövqəladə nadir insanlardan biri idi. Məhəmməd Əmin bəy tərbiyəli, qüvvətli və sağlam məntiq sahibi, təmiz qəlbli, doğru sözlü, mətanətli, tam mənasıyla dürüst, fikir və yoluna dərin bir iman bəsləyən fədakar, mücahid və örnək bir insandı. Belələrinə zəmanəmizdə və hələ bizim tərəflərdə rast gəlmək mümkün deyildir..."
Bu mübarizə Rəsulzadəyə təkcə maddi-mənəvi məhrumiyyətlər hesabına yox, həm də ailəsi bahasına başa gəldi. Lent.az tarix üzrə fəlsəfə doktoru Cavid Cabbaroğlunun Rəsulzadə ailəsinin faciəli taleyinə həsr olunmuş məqaləsini təqdim edir.
Son görüş
"Məhəmməd Əli (Məhəmməd Əmin Rəsulzadənin əmisi oğlu, Müsavat Partiyasının qurucularından biri Məhəmməd Əli Rəsulzadə - C.C.) ilə birlikdə ikimiz də evə gəldik. Mənim olmadığım vaxt doğulmuş iki aylıq oğlum Azər yatırdı. Atasının öpüşündən oyanan uşaq ağlayır. Onun və digər ailə üzvlərinin və bu anda evə toplaşan yaxın qohumların üzüntüləri və xeyir-duası içində vidalaşaraq qapıda gözləyən maşına minir, vağzal yoluna çıxırıq".
Bu sətirlər Məhəmməd Əmin Rəsulzadənin "Stalinlə ixtilal xatirələri" kitabındandır. Təəssüf ki, Rəsulzadə bu görüşü ətraflı təsvir etməyib, yalnız bu sətirləri yazmaqla kifayətlənib. Halbuki bu, sıradan bir görüş deyildi, tarixdə AZƏRBAYCAN adına ilk dövlət qurmuş bir siyasi liderin və fikir adamının Azərbaycandan və Bakıdan son gedişi idi.
Məhəmməd Əminin öz doğma və yaxınları ilə sonuncu görüşünün dəqiq tarixi bilinməsə də, bunun 1920-ci il noyabrın ortalarında, Stalinlə birgə Moskvaya qatarla yola düşərkən baş verdiyi dəqiqdir. O vaxt ailənin böyük övladı olan Lətifənin cəmi 8 yaşı vardı, evin kiçiyi olan Azər isə iki aylıq idi. Əslində sonbeşiyin adı həmin günədək Azər yox, Əliheydər imiş. Atası həbsdə olarkən doğulmuşdu. Azəri qucağına alan Məhəmməd Əmin xanımından uşağın adını soruşur. Eşitdiyi "Əliheydər" adını bəyənməyən Rəsulzadə ailə üzvlərinə bildirir ki, uşağın adı Azər olacaq.
Ailənin ilk itkisi
Məhəmməd Əmin Rəsulzadə 31 yanvar 1908-ci ildə - 24 yaşı tamam olan gün əmisi qızı Ümbülbanu Rəsulzadə (1884-1940) ilə ailə qurmuşdu. O, Stalin repressiyalarının qurbanı olan görkəmli yazıçı Seyid Hüseyn Sadiqin həyat yoldaşı Umgülsüm xanımın (1899-1944) bacısı idi. Bu nikahdan Məhəmməd Əmin və Ümbülbanu cütlüyünün dörd uşağı - qızları Lətifə, Xalidə və oğlanları Rəsul, Azər dünyaya gəlmişdi.
1920-ci ilin 27 aprel işğalı təkcə Azərbaycanın istiqlalına yox, həm də Xalq Cümhuriyyətini quran kişilərin, o cümlədən Rəsulzadə ailəsinin xoşbəxtliyinə son qoyur. Məhəmməd Əmin bəy bir neçə ay təqiblərdən yayınıb gizlənə bilsə də, sonda xəyanət nəticəsində bolşeviklərin əlinə keçir və həbs edilir. Stalin tərəfindən həbsdən azad edilərək Moskvaya aparılan Rəsulzadə yuxarıda xatırlatdığımız qısa görüşdən sonra bir daha ailə üzvləri ilə görüşə bilmir. 1922-ci ilin yayında elmi ezamiyyət adı ilə Moskvadan Petroqrada (indiki Sankt-Peterburqa) getmək icazəsi almağa nail olan Məhəmməd Əmin bəy oradan Finlandiyaya qaçır və bir daha SSRİ-yə qayıtmır.
Ailəsi isə ciddi nəzarət altında Sovet Azərbaycanında yaşamaqda davam edir. Rəsulzadələrin başına gələcək faciələrlə müqayisədə bu nəzarət bəlkə də toy-bayram sayılacaqdı. Ailənin ilk böyük itkisi 1927-ci ildə baş verir - Məhəmməd Əmin bəyin atası Axund Hacı Ələkbər vəfat edir. Görkəmli tarixçi Aydın Balayevin yazdığına görə, Axund Hacı Ələkbərin dünyasını dəyişməsi haqqında nekroloq "Yeni Kafkasya" dərgisinin 15 mart 1927-ci il tarixli sayında yer alıb. Həmin kədərli hadisəyə həsr olunmuş yazıda göstərilir ki, Novxanı sakinləri böyük ehtiramla Hacı Ələkbəri son mənzilə yola salıblar. Bir çoxları dəfn mərasimində iştirak etmək üçün həmin gün hətta dükanlarını da qapadıb. Baxmayaraq ki, sovet xüsusi xidmət orqanlarının nümayəndələri kənd sakinlərinə nəinki Axund Hacı Ələkbərin dəfninə qatılmağı, hətta onun ailəsinə başsağlığı belə verməyi qadağan etmişdilər. Sakinlərə xəbərdarlıq edilmişdi ki, bu cür hərəkətlər mövcud rejimə qarşı düşmənçilik faktı kimi dəyərləndiriləcək. Lakin bütün bu hədə-qorxuya baxmayaraq, Novxanı sakinlərinin böyük əksəriyyəti Axund Hacı Ələkbərə olan son borclarını ləyaqətlə yerinə yetirmiş və onu böyük izdihamın müşayiəti ilə dəfn etmişdi.
Rəsulzadə İstanbuldan Parisə - Ceyhun bəy Hacıbəyliyə ünvanladığı 12 aprel 1927-ci il tarixli məktubunda atasının vəfatı haqqında bunları yazır: "Əzizim! 30 mart tarixli başsağlığı məktubunuzu aldım. Ata baxmayaraq ki, yaşlı idi, lakin hicran içində bu dünyadan köçməsi məni çox təəssüfləndirdi. Zavallı son anında belə bu hicrandan bəhs edə-edə gözünü dünyaya qapamışdır. Söylədiyiniz kimi, bizə qalan yeganə təsəlli bu ola bilər ki, onun rahatlıq və hüzur tapmadığı Vətəni düşməndən xilasa doğru fəaliyyətlə məşğul olaq. Cənabi-Həqq ölənlərinizə rəhmət eləyə. Çox təşəkkür edirəm, əzizim! Dostunuz Məhəmməd Əmin".
Rəsulla başlayan fəlakət
1937-ci ildə SSRİ-də başlayan kütləvi repressiyalar Rəsulzadənin də ailəsindən yan keçmir. Böyük fəlakət 1937-ci ilin yayında onun böyük oğlu Rəsulun həbsi ilə başlayır. NKVD zindanlarında aylarla çəkən iztirab və işgəncələrdən sonra bədnam "üçlüyün" qərarı ilə Rəsul güllələnmə cəzasına məhkum olunur və hökm 1938-ci il martın 1-də yerinə yetirilir. O zaman Rəsulun 19 yaşı yenicə tamam olmuşdu.
Rəsulun həbsinin ardınca ailənin digər üzvləri - Məhəmməd Əminin həyat yoldaşı Ümbülbanu, qızı Xalidə, kiçik oğlu Azər və hətta analığı Maral xanım da həbs edildi.
Qeyd edək ki, Məhəmməd Əmin hələ uşaq yaşlarında doğma anası Zinyət xanımı itirmiş, bundan sonra atası Axund Hacı Ələkbər ikinci dəfə Maral xanımla ailə həyatı qurmuşdu. Kiçik Məhəmməd Əmini və bacısı Şəhrəbanunu böyüdüb boya-başa çatdıran Maral xanım sözün həqiqi mənasında onlara analıq etmişdi. Bu səbəbdən Məhəmməd Əmin Maral xanıma doğma anası kimi yanaşırdı.
Şahidlərin söylədiyinə görə, Maral xanım Stalini nəzərdə tutaraq onu həbs edən NKVD əməkdaşlarına belə demişdi: "Gedin o bığlı oğlana deyin ki, Maral arvadı həbs etmişik. O adamı həbs etmişik ki, onun evində sən neçə dəfə çörək yemisən".
Məhəmməd Əminin sonbeşiyi Azər Rəsulzadə həbs olunduqları günü belə xatırlayırdı: "Axşamüstü anam getmişdi xalamgilə, maşınla bizi aparmağa gəldilər. Əvvəl anamın harda olduğunu soruşdular. Sonra məni də maşına mindirib apardılar xalamgilə. Anamı götürüb gəldilər. Evdəki şeylərdən heç nəyi götürməyə qoymadılar. Evimizdə bir tar var idi. Anam tarı o vaxtın pulu ilə 130 manata almışdı. Tarı götürmək istədim. İkisi etiraz etmədi, lakin üçüncüsü tarı əlimdən alıb bir qırağa atdı. (Anasının aldığı o yadigar tarı Azər müəllim sonradan soraqlayıb tapıb və geri alır). Sonra bizi maşına mindirib apardılar həbsxanaya. Yadımdadır ki, həmin günü güclü yağış yağırdı. "Azneft" meydanını su basmışdı. Bizi aparan maşın çətinliklə gölməcələri yarıb keçirdi. Əvvəl istədilər ki, hamımızı çoxlu kişilər olan kameraya doldursunlar, lakin bacım Xalidə etiraz etdi, qışqırıb hay-küy qopartdı...
Ailəmizi həbs edəndən sonra bizi Gəncəyə apardılar. Düz bir ay Gəncə həbsxanasında qaldıq. Sürgünə göndərilənlər çox olduğundan, biz növbə gözləyirdik. Nəhayət, gəlib sabah yola düşəcəyimizi dedilər. Vəziyyətimiz yaxşı deyildi. Özümüzlə demək olar ki, heç nə götürməmişdik. Başqa ailələrə pal-paltar, yorğan-döşək götürməyə imkan vermişdilər. Bizim ailəyə isə hər şey qadağan olunmuşdu. Düz 28 gün qatarda yol getdik. Şəraitimiz dəhşətli dərəcədə dözülməz idi. Hər vaqonda beş-altı ailə gedirdi. Qoca nənəm dindar adam idi. Özgə kişilərin yanında bayıra çıxmamaq ucun düz 28 gün heç nə yemədi, elə hərdən qəndi suya batırıb sümürürdü, aclığa tab gətirsin. Min bir əzablı, əziyyətli yol səfərindən sonra gəlib Qazaxıstana, Taldı-Kurqana çatdıq. Əvvəlcə bizi oradakı bir orta məktəbin siniflərinə doldurdular. Qazaxıstanın 40-50 dərəcə soyuğunda hamımız donurduq. Yerli qazax uşaqları gəlib maraqla bizə baxırdılar. Bəzən gətirib çörək də verirdilər. Həmin vaxt ikinci bir ağır zərbə aldıq. 28 gün çörək yeməyən nənəm uzun müddətin aclığından və bizə verilən xörəyi yeyəndən sonra dünyaya göz yumdu..." (Nəsiman Yaqublu: “Məhəmməd Əmin Rəsulzadə”, Bakı, Gənclik, 1991).
Məhəmməd Əmin bəyin həyat yoldaşı Ümbülbanu xanım da bütün bu məhrumiyyətlərə, xüsusən böyük oğlu Rəsulun itkisinə dözməyərək 1940-cı ildə dünyasını dəyişir. Oğlu Azər sonralar xatirələrində anasını bu cür təsvir edirdi: “Anam soyuğa da dözərdi, aclığa da. Amma o qürbət elə gedən gündən Rəsulun adı dilindən düşmürdü. "Oğlumu nahaq güllələdilər" deyib ağlayırdı. Elə bu dərdlə də dünyadan köçdü.
Tez-tez bu sözləri eşidirdik: “Məhəmməd Əmin sizi burada qoyub özü aradan çıxdı. İndi xaricdə kefi kök, damağı çağ yaşayır. Siz heç yadına da düşmürsünüz”. Bu sözlərə anam əhəmiyyət vermirdi. O, atama inanırdı. Atamın heç bir günahının olmadığını da hərdən danışırdı. Bu söz-söhbət ən çox qardaşım Rəsulu dilxor edirdi. Məktəbdən gələn kimi hirslə çantasını bir küncə atıb deyirdi: “Müəllimlərim məni bezdiriblər. Hər gün dərsdə deyirlər ki, “Məhəmməd Əminlər belə etdi, Məhəmməd Əminlər elə etdi...” Anam sakitləşdirirdi Rəsulu. Deyirdi ki, elə sözlərə fikir vermə...”
Bu kiçik xatirə əslində Ümbülbanu xanımın daxili aləmi haqqında oxucuya çox böyük informasiya verir - övladına bağlı olan ana, ərinin günahsızlığına inanan həyat yoldaşı və onun yoxluğunda övladlarını sınmağa qoymayan ailə başçısı... Bu qənaətimizi istintaq materialları da təsdiqləyir:
- Deyin görək həyat yoldaşınız Məhəmməd Əmin Rəsulzadə hazırda harada
yaşayır?
- Həyat yoldaşım Məhəmməd Əmin Rəsulzadə 1920-ci ildən xaricdə, Türkiyənin İstanbul şəhərində yaşayır.
- Həyat yoldaşınızla bu müddətdə əlaqəniz olubmu? Olubsa, necə?
- 1929-cu ilə qədər mən onunla məktublaşırdım. 1934-cü ildə isə ondan 18 dollar məbləğində göndərilən pul kağızı aldım. Bundan sonra heç bir yazışmamız olmadı.
- Nəyə görə ərinizlə yazışmağa son qoydunuz?
- Yazdığı məktublarda həyat yoldaşım uşaqlardan narahat olduğunu bildirirdi və uşaqları təhlükədə qoymamaq üçün biz onunla məktublaşmamağı qərara aldıq. (Nəsiman Yaqublu: “Məhəmməd Əmin Rəsulzadə”, Bakı, Gənclik, 1991)
Təəssüf ki, Ümbülbanu xanımın da vəfatı Rəsulzadə ailəsində sonuncu faciə olmur. Məhəmməd Əminin kiçik qızı Xalidə anasını Qazaxıstan çöllərində dəfn etdikdən sonra gizli şəkildə Bakıya dönməyə qərar verir. Buna nail olsa da, Bakıya qayıtdıqdan sonra naməlum şəraitdə itkin düşür. Beləliklə, 30-cu illərin repressiyalarından Rəsulzadənin böyük ailəsindən yalnız bir nəfər - kiçik oğlu Azər (rəssam Rəis Rəsulzadənin atası - C.C.) sağ çıxa bilir. Onun da taleyinə bütün şüurlu həyatını vətəndən uzaqlarda, Qazaxıstanda keçirmək düşür. 1993-cü ildə Karaqandada vəfat edən Azər Rəsulzadənin cənazəsi Azərbaycanın o vaxtkı prezidenti Heydər Əliyevin göndərdiyi təyyarə ilə Bakıya gətirilərək Novxanıda - babası Axund Hacı Ələkbərin yanında dəfn edilir.
Soyuqdan donan ana və qızı
Məhəmməd Əminin böyük qızı Lətifəyə gəlincə, o, 1930-cu ildə Daməd Müslümzadə ilə ailə qurmuşdu. Bu izdivacdan üç qız övladı dünyaya gəlmişdi. Lakin repressiyalar bu ailədən də yan ötmür. Əvvəlcə Lətifənin həyat yoldaşı həbs olunur, az sonra özü və üç qızının ardınca gəlirlər. Həbs zamanı uşaq sanatoriyasında olan kiçik qızı Sonanı ordan götürməyə belə Lətifə xanıma icazə vermirlər. Balaca Sonanın sonrakı taleyi haqqında indiyədək heç bir məlumat yoxdur. İki qızı ilə birlikdə Qazaxıstana sürgün olunan Lətifə xanım 1944-cü ilin şaxtalı yanvar gecələrindən birində ortancıl qızı Evşənlə birlikdə donaraq dünyasını dəyişir. Lətifə xanımın ailəsindən yalnız böyük qızı Firuzə sağ qalır ki, ona da yalnız uzun illərdən sonra vətənə dönmək nəsib olur.
Firuzə xanım "Azadlıq Radiosu"na müsahibəsində o müdhiş günü belə təsvir edirdi: "Bir gün gəldim ki, anamla bacım yanaşı yatıblar. Ona-buna su daşıyır, kömək göstərib bir tikə çörək qazanırdım. Mən sağ qala bildim, amma anam yox. Gələndə gördüm ki, donublar. Həm aclıq, həm soyuq işini görmüşdü…"
Firuzə xanım sürgün düşərgələrində, uşaq evlərində iki şeyi itirməməyə çalışır - anasından qalan şəkilləri, bir də ana dilini: "Azərbaycan dilində kəlmə kəsməyə adam tapmadığımdan, gecələr yorğanı başına çəkib öz-özümə danışırdım. Axı mən əvvəl-axır vətənə qayıdacaqdım. Səhərsə uşaqlar mənə dəli deyib göstərirdilər. Onda yanıb-yaxılırdım, axı dəli deyildim, mən dilimi yaddan çıxarmaq istəmirdim".
Firuzə xanımı uşaq evindən dayısı Azər hərbi xidmətdən qayıdan kimi gəlib götürür. Amma Qazaxıstan mühitində darıxdığından, xalası Xalidə kimi Azərbaycana qaçır. 18 yaşında gənc qız sənədsiz, pulsuz-parasız Bakıya üz tutur. Balıq vətəgələrində işləməyə başlayır. Xoşbəxtlikdən xalası kimi itkin düşmür, qohumlarının məsləhəti ilə 21 yaşında ailə qurur. "Xalq düşməni" Daməd Müslümzadənin övladı olduğunu hamıdan gizlətsə də, bircə ömür-gün yoldaşına həqiqəti deyir. Amma Məhəmməd Əmin Rəsulzadənin nəvəsi olduğunu demir. Çünki bu faktı özü də bilmirmiş - 1963-cü ildə babasına bəraət veriləndən sonra qohumlarından öyrənir. Övladlarına isə babası haqda yalnız 1989-cu ildə söz açır.
Məhəmməd Əminin ailəsinə qovuşmaq uğrunda mübarizəsi
Göründüyü kimi, sovetlər Məhəmməd Əmin bəyi təkcə xalqın gözündən deyil, övladlarının da nəzərindən salmağa çalışır, "ailəsini burada qoyub özü aradan çıxdı. İndi xaricdə kefi kök, damağı çağ yaşayır" fikrini ictimai rəydə möhkəmləndirməyə cəhd edirdi. Bu ittiham zaman-zaman Rəsulzadənin bədxahları tərəfindən bu günün özündə belə səsləndirilməkdədir. Bəs əsl həqiqət necə idi?
Tarixçi Aydın Balayev yazır ki, Məhəmməd Əmin bəy öz ailəsi və yaxınları barədə hətta silahdaşları ilə danışmağı xoşlamırdı və ətrafdakılar ona mənəvi dəstək olmaq, ürək-dirək vermək məqsədilə buna cəhd etsələr də, qəti şəkildə belə söhbətlərin qarşısını alırdı. Çox güman, onsuz da mühacir həyatının saysız-hesabsız qayğıları ilə üz-üzə olan dostlarını əlavə olaraq öz şəxsi problemləri ilə yükləmək istəmirdi.
Ailəsi haqqında olduqca qısa məlumatlara yalnız onun ən yaxın dostlarına yazdığı şəxsi məktublarda rast gəlmək mümkündür. Həmin şəxslərdən biri də o zaman Parisdə yaşayan Ceyhun bəy Hacıbəyli idi. Lakin Məhəmməd Əmin bəyin həmin məktublardakı bir neçə cümləlik fraqmentlərdən belə görmək mümkündür ki, ailəsinin taleyi onu daim narahat edən, düşündürən və bir an belə unutmadığı problemlərdən olub. Həmin məktublara əsaslanaraq demək olar ki, Məhəmməd Əmin bəy İstanbula gəldiyi ilk günlərdən ailəsini Türkiyəyə gətirmək üçün aramsız səy göstərirdi. Məsələn, 1924-cü il yanvarın 16-da C.Hacıbəyliyə göndərdiyi məktubda M.Ə.Rəsulzadə Ceyhun bəyin İstanbula köçmək istəyini təqdir edərək yazır: "Buraya köçməniz haqqındakı qərarınız, xüsusilə uşaqların tərbiyəsi nöqteyi-nəzərindən çox əhəmiyyətlidir. Mən də ailəmi buraya gətirtmək istəyirəm. Baxalım mümkün olacaqmı? Uşaqlarımın hamısı bu yaz ayında isitmə xəstəliyinə tutulmuşdular. Həyat yoldaşım da ürəyindən şikayət edirdi. İndi bir az özünü yaxşı hiss edir. Sizinkilər, əcnəbi də olsa, barı mədəni bir tərbiyə görürlər. Bizimkilər nə tərbiyəsi alırlar məlum..." Göründüyü kimi, uşaqlarının təlim-tərbiyəsi Məhəmməd Əmin bəyi ciddi narahat edən problemlərdən idi.
Rəsulzadənin C.Hacıbəyliyə göndərdiyi 6 mart 1924-cü il tarixli digər bir məktubunda oxuyuruq: "Əzizim, ailəmi gətirəcəyəmmi deyə soruşursan. İlk imkanda görəcəyim işlərdən birisi də budur".
Həmin ilin 24 noyabrında yenə bu məsələyə toxunan Rəsulzadə yazır: "Ailəni buraya gətirtmək istəyirdim. Bir-iki dəfə də təşəbbüs eləmişlər. Fəqət hələlik buna müvəffəq olmamışlar. Zavallılar orada çox darıxırlar. Mən də burada narahatam".
Onun 19 iyul 1925-ci il tarixli digər məktubunda oxuyuruq: "Bizimkilər hal-hazırda Bakıdadırlar. Ümmülbənin gəlmək üçün müraciət eləmiş, müsaidə istəmiş, verməmişdilər. Daha artıq olaraq gözləməni artırmışdılar. Buna görə də qərarları da çox çətin olmuşdur. Baxalım nə olur. Hər halda, onları gətirtmək üçün ən ciddi vasitələrə müraciət edirəm".
Ümumiyyətlə, 1929-cu ilə, yəni SSRİ-də yazışmalara sərt poçt senzurasının tətbiqinədək Məhəmməd Əmin bəy vaxtaşırı Bakıdakı doğmaları ilə məktublaşır, ailəsində baş verənlər haqqında məlumat alır, imkanı daxilində onlara maddi yardım göstərirdi. Bunu Məhəmməd Əmin bəyin 20-ci illərdə C.Hacıbəyliyə ünvanlandığı məktubların məzmunu da təsdiqləyir. Məhəmməd Əmin bəyin bu mövzudakı sonuncu məktublardan biri 1929-cu ilin 15 iyununa təsadüf edir. Həmin məktubda o yazır: "Mən də ailənin buraya köçürülməsi üçün çalışıram. Uşaqların tərbiyəsi məni düşündürür".
Həmin məktublardan həm də belə anlaşılır ki, mühacirətdə üzləşdiyi maddi sıxıntılara baxmayaraq, Məhəmməd Əmin bəy 20-ci illərdə müntəzəm olaraq ailəsinə yardım edirdi. Belə məktublardan birində göstərir: «Qızımdan məktub aldım. Vəziyyətlərini çox fəna bir surətdə təsvir eləyir, pul istəyir. Bütün varımı ki, zatən məhdud bir şey idi, dərhal oraya göndərdim". Bu məktub 10 avqust 1928-ci il tarixində yazılıb.
Təəssüf ki, ailəsinə qovuşmaq üçün Məhəmməd Əmin bəyin göstərdiyi bütün cəhdlər nəticəsiz qaldı. Lakin nə doğmalarının acı taleyi, nə qürbət həyatının acıları, nə bəzi mühacirət yoldaşlarının dönüklüyü, nə də sovet xüsusi xidmət orqanlarının təqibləri Azərbaycanın müstəqillik ideyasının gerçəkləşməsi uğrunda mübarizədə Rəsulzadənin qətiyyət və inamını qıra bilmədi.
Qeyd edək ki, bəzi tədqiqatçılar Rəsulzadə ailəsinin ölkədən çıxa bilməməsində atası Axund Hacı Ələkbəri günahkar bilirlər. Bununla belə, bu ittihamı nə təsdiq, nə də inkar edəcək faktlar yoxdur. Aydın Balayevin fikrincə, əgər belə bir hal olubsa və Axund Hacı Ələkbər həqiqətən də Məhəmməd Əmin bəyin ailəsinin ölkə hüdudlarını tərk etməsini əngəlləyibsə, bunun səbəbləri barədə yalnız fərziyyələr irəli sürmək olar. Ola bilsin ki, artıq ahıl yaşında olan Ələkbər kişi oğlunun qoxusunu onun balalarından alırmış və artıq oğluna əli çatmayan ata indi də nəvələri ilə ünsiyyətdən məhrum olmaq istəmirmiş.
Vanda necə Leyla oldu?
Rəsulzadəyə qarşı irəli sürülən ittihamlardan biri də həyat yoldaşı sağ ola-ola polyak əsilli Vanda xanımla evlənməsi ilə əlaqədardır. Onların nə vaxt tanış olması və ailə həyatı qurmasının tarixini indiyədək dəqiq müəyyənləşdirmək mümkün olmayıb. Lakin bəzi faktlara əsaslanaraq güman etmək olar ki, bu hadisə 30-cu illərin II yarısından tez baş verməyib. Belə ki, ötən əsrin 70-ci illərdə Vanda xanımla Ankarada qonşu olmuş türkiyəli yazar Bülent Danışoğlu onun bir sıra xatirələrini qələmə alıb. Bu xatirələr də həmin dövrdən qabağa getmir.
Vanda xanım Varşava Universitetinin fransız filologiyası fakültəsini bitirmişdi. O, ömrünün son anlarına kimi öz həyat yoldaşına sadiq qalmış, mühacirət həyatının bütün ağrı-acılarına Məhəmməd Əmin bəylə birlikdə mətanətlə sinə gərmişdi. Rəsulzadə Vandaya "Leyla" deyə müraciət edərmiş.
Bülent Danışoğlu onun haqqında yazır: "Leyla xanımı 1970-ci illərdə tanıdım. Kızılırmak sokakda, indi Ankapol sinemasının olduğu yerdəki binanın bir zirzəmi qatında qalırdı. Həmin küçəyə köçdüyümüz gündən bəri hər gün itinin ipindən tutaraq titrək addımlarla yeridiyini görərdik. Arıq, ağbəniz, gülərüzlü, yaşlı, amma gözləri parıldayan bir qadındı. Məhəllə əsnafı ona "madam" deyə xitab edərdi. Ləhcəsindən türk olmadığı anlaşılırdı. Sonra bir gün anam onu evimizə dəvət etdi. Madamın adının Leyla olduğunu o zaman öyrəndim. Zatən özü də bir müddət sonra adının Vandadan Leylaya dönüşməsinin hekayəsini anlatmışdı. Sevgili kocası "Leyli və Məcnun" əhvalatını danışmış və adının Leyla olmasını istəmişdi. Kocası, yəni Azərbaycan Cümhuriyyətinin qurucusu və ilk cümhurbaşqanı Məhəmməd Əmin Rəsulzadə...".
Leyla (Vanda) xanım 1974-cü ildə Ankarada vəfat edib və elə orada da dəfn olunub.
Sevməyəcəyimiz həqiqət
Rəsulzadənin mübarizələrlə və acılarla dolu ömrü 1955-ci ilin martına qədər davam edir. Martın əvvəlində şəkər xəstəliyindən əziyyət çəkən Məhəmməd Əmin bəyin səhhəti pisləşir və o, Ankara Universitetinin Tibb fakültəsinin klinikasına yerləşdirilir. Martın 6-da gecə saat 11-ə 10 dəqiqə qalmış Məhəmməd Əmin Rəsulzadə dünyasını dəyişir.
Rəsulzadənin vəfatı ilə bağlı geniş yayılmış fikirlərdən biri də bundan ibarətdir ki, o, son nəfəsində "Azərbaycan, Azərbaycan, Azərbaycan!" deyərək əbədiyyətə qovuşub. Lakin tarixçi Aydın Balayev bu fikrin həqiqətəuyğun olmadığını yazır. Onun bildirdiyinə görə, ömrünün son günlərində və bu dünyanı tərk edərkən Məhəmməd Əmin bəy koma vəziyyətində olub. Belə bir vəziyyətdə isə insanın nəsə deməsi mümkünsüzdür: "Ayrı-ayrı tarixi şəxsiyyətlərin böyüklüyünü daha da qabartmaq məqsədilə, zaman-zaman müxtəlif "əfsanələr" uydurulub. Belə "folklor nümunələri"nə bütün xalqların tarixində rast gəlmək mümkündür. Lakin xalq yaradıcılığının məhsulu olan belə "nümunə"ləri tarixi fakt kimi təqdim etmək düzgün deyil. Digər tərəfdənsə, düşünürəm ki, Məhəmməd Əmin bəyin böyüklüyünü qabartmaq üçün doğrudan da xoş niyyətlə düşünülmüş belə bir "əfsanə"yə ehtiyac yoxdur. Axı öz həyatı və mücadiləsi ilə Rəsulzadə onsuz da Azərbaycan tarixinin, sözün həqiqi mənasında, ən böyük ƏFSANƏlərindən biridir".
P.S. Məqalə hazırlanarkən Aydın Balayevin və Nəsiman Yaqublunun tədqiqatlarından, eləcə də "Azadlıq Radiosu"nun materiallarından istifadə olunub.
Cavid Cabbaroğlu