Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə qeyri-dövlət xətti ilə xaricdə dini təhsil almış şəxslərin Azərbaycanda məscidlərdə dini ayinləri icra etməsinə qadağa qoyulmasına münasibət bildirib.
Allahşükür Paşazadə APA-ya müsahibəsində bildirib ki, bu məsələyə yenidən qayıdıla bilər.
O qeyd edib ki, dini mərkəz olaraq, QMİ üçün din xadimi təyinatı zamanı mühüm olan əsas meyar şəxsin Vətənə bağlılığı, dinə sədaqəti və milli-dini dəyərlərə ehtiramıdır: “Əgər şübhə doğuran məqamlar yoxdursa, bu məsələyə qayıdıla bilər”.
Şeyx İslam təmayüllü dini qurumların təkrar qeydiyyat məsələsinə də toxunub: “Dini icma təkrar qeydiyyatdan keçməsə belə, hüquqi qüvvəsini saxlayır. Lakin müvafiq qanuna edilmiş yeni dəyişikliklərə əsasən, dini icmaların təkrar qeydiyyatdan keçməsi gündəmdə olan məsələdir. Qanuna gör, İslam dini icmalarının qeydiyyata alınması dini mərkəz – Qafqaz Müsəlmanları İdarəsinin təqdimatı əsasında həyata keçirilir. Bu günədək 573 dini icma təqdimatımız əsasında qeydiyyata alınıb ki, onlardan təqribən 300-ə yaxını təkrar qeydiyyatdan keçib. 60-a yaxın icmanın Komitəyə təqdim olunmuş təqdimatları icraatdadır. Bundan əlavə, hazırda təqribən 15-ə yaxın dini icmanın sənədlərinə İdarəmizdə baxılır. Əlbəttə, təqdimat verilərkən, müəyyən məqamlar hökmən nəzərə alınır. Qeydiyyatdan keçmiş icmalara tərəfimizdən din xadimi təyinatı edilir”.