Ukraynada yaşayan azərbaycanlılar Azərbaycan Prezidenti İlham Əliyevin bu ölkəyə səfərinə reaksiya veriblər. Lent. az-ın məlumatına görə, birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri Rövşən Tağıyev Yeni Azərbaycan Partiyasının (YAP) saytına açıqlamasında bildirib ki, səfər çərçivəsində Prezident İlham Əliyevin Ukraynanın dövlət başçısı Viktor Yanukoviçlə, baş nazir Nikolay Azarovla, Ali Radanın sədri Vladimir Rıbakla görüşlərinə, səfər çərçivəsində imzalanan dövlətlərarası müqavilələrə Ukraynanın KİV-nin və televiziya kanallarının xüsusi diqqət ayırması onu göstərdi ki, rəsmi Kiyev Bakı ilə strateji müttəfiqliyin inkişafına xüsusi önəm verir.
R. Tağıyev bildirib ki, Azərbaycanla Ukrayna arasındakı dostluq əlaqələrinin tarixi kökləri var və hər iki ölkə müstəqillik əldə etdikdən sonra bu əlaqələr Ulu öndərimiz Heydər Əliyev tərəfindən daha da inkişaf etdirilərək strateji müttəfiqlik zirvəsinə çatdırılıb. Onun sözlərinə görə, bu gün bölgədə Ukrayna Türkiyədən sonra Azərbaycanın ən etibarlı və sədaqətli strateji müttəfiqi hesab olunur: “Azərbaycan Prezidenti İlham Əliyevin növbəti prezidentliyi dövründə Türkiyədən sonra ikinci rəsmi səfərini Ukraynaya etməsi yüksək əlaqələrin əyani təzahürüdür. Çox fərəhləndirici haldır ki, son 10 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanla Ukrayna arasındakı iqtisadi, siyasi, elmi, mədəni əlaqələr möhkəm əsaslar üzərində qurulub, çox şaxəli münasibətlər yeni inkişaf mərhələsinə qədəm qoyub. Möhtərəm Prezidentimiz İlham Əliyevin Ukraynaya bu dəfəki rəsmi səfəri də ölkələrimiz və xalqlarımız arasındakı möhkəm dostluq əlaqələrinin inkişafına növbəti töhfəsini verdi. Mən tam əminliklə deyə bilərəm ki, Prezident İlham Əliyevin Ukraynaya hər bir səfəri Ukraynada yaşayan soydaşlarımızın və milli diasporumuzun inkişafına xüsusi təkan verir. Bu baxımdan, təməli Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin fəalları həmişə olduğu kimi bu dəfə də möhtərəm Prezidentimiz İlham Əliyevin Ukraynaya rəsmi səfərini böyük maraqla izləyərək , Onun hər bir çıxışından qürur və iftixar hissi duydular. Əminəm ki, Azərbaycan Prezidentinin Ukraynaya bu dəfəki rəsmi səfəri də ölkələrimiz arasındakı tarixi dostluq əlaqələrinin inkişafında xüsusi rol oynayacaq”.