7 maddəlik ilk “oğru qanunları” Bakıda hazırlanıb - ARAŞDIRMA
20 oktyabr 2008 11:41 (UTC +04:00)

7 maddəlik ilk “oğru qanunları” Bakıda hazırlanıb - ARAŞDIRMA

Bu günlərdə Bakıdakı 1 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan “kriminal avtoritet” Yunus Nəzərovun məhbus yoldaşı tərəfindən baltalanması barədə xəbər yayıldı. Bu xəbər, bütün cəmiyyətlərin həmişə maraq obyekti olmuş “avtoritet” mövzusunu yenidən yada saldı. Məlum olur ki, ölkədə istər cəzaçəkmə müəssisələrində, istərsə də azadlıqda onlar hələ də mövcuddur və cəmiyyətin tabe olduğu ümumi, sivil qanunlarla yox, özlərinin yaratdığı “oğru qanunları” ilə yaşayırlar.

Məhkum Y.Nəzərov məhbəsdə öz qanunları ilə yaşayıb və digər məhbusları da bu cür yaşamağa məcbur edirmiş. Hətta qaranlıq dünyanın yazılmamış qanunlarına tabe olmayan digər məhbus yoldaşlarını döyürmüş. Bunun sonu da cinayətlə bitib. Nəzərovun “qanun”larına tabe olmaqdan imtina edən digər məhbus onu yatdığı yerdə baltalayıb. Oğru aləmində bu əməlin özü də birmənalı qəbul edilmir, lakin avtoritet hakimliyinə qarşı çaxan və avtoriteti öldürməyə qəsd edən həmin məhbusun özünün də gələcəkdə avtoritetlərin sırasına qoşulacağı istisna deyil.

“Qanuni oğrular”: cazibənin gücü

Bu mövzu, ortaya çıxdığı vaxtlardan bəri bütün zamanların ən maraqlı mövzuları sırasında olub. Təkcə Lent.az-da yayılan bu xəbərin oxunma göstəricisinə diqqət yetirsək, nə qədər haqlı olduğumuz bir daha görünər. Hələ bir neçə il əvvəl “Sabirabadlı Hikmət” kimi tanınan kriminal avtoritet Hikmət Muxtarovun ölüm və dəfn hadisələrini yada salmalı oluruq: bu hadisə o vaxt üçün aktual olan siyasi və sosial problemlərdən daha çox diddət çəkmışdi. Hikmət Muxtarovun qətli barədə xəbərdən sonra onun doğulduğu Sabirabad rayonunda toylar təxirə salındı, insanlar yasa büründü. Avtoritetin nəşi hətta Milli Məclisin üzvünün də iştirak etdiyi böyük bir izdihamla qarşılandı və dəfn edildi.

Həmin vaxt “Sabirabadlı Hikmət”in dəfn mərasimində xarici ölkələrdən, o cümlədən İsveçrə və Rusiyadan bir sıra “qanuni oğrular” iştirak etdi. Dəfnə qatılan şəxslər sırasında Rusiyada kifayət qədər nüfuza malik “Knyaz” ləqəbli “qanuni oğru” da vardı. Hüzn mərasimində Bərdə, Hacıqabul və Gəncədən “qanuni oğrular” da iştirak ediblər. Hətta Rusiyada cinayətkar aləmin imperatoru sayılan “Yaponçik” dəfndə iştirak etmək üçün Bakıya gəlmişdi. O, hələ də bilinməyən səbəblərdən mərasimə qatılmadı...

Ötən il metronun “Əzizbəyov” stansiyasının yaxınlığında yeni tikilmiş körpüdən asılmış kişi meyiti aşkarlandı. Hadisənin şahidlərinin sözlərinə görə, körpüdən asılmış kişinin əlləri və ayaqları kəndirlə bağlanmış vəziyyətdə olub. Boğazına bağlanmış kəndirin bir ucu isə yeni tikilən körpünün armaturlarına bağlanıb. Meyitin üzərində xəsarət izləri də aşkar olundu və bəlli oldu ki, asılmazdan əvvəl onu döyüblər. Sonra isə əl-qolunu bağlayaraq, Siciliya mafiya qaydalarına uyğun şəkildə boğazına ilgək salıb, körpüdən aşağı atıblar. Cəzalandırılan adam Quba rayonunun Bağbanlı kənd sakini, kriminal aləmdə tanınmış isimlərdən olan Zülfüqar Babayev idi.

Qəribədir ki, bu cür ritual xarakterli, simvollarla icra edilmiş qətllər insanlarda təhlükə və xofla bərabər, həm də diqqət, cazibə və bəzən də simpatiya doğurur.

Nədir bu cazibənin səbəbi? Əslində, oğru dünyasının bütün nümayəndələri cinayət törətmiş şəxslərdir. Cinayətkarlar isə cəmiyyətdən təcrid olunmalıdır. Bəs həmin şəxslərə bu qədər daxili rəğbət hissi haradandır? Bu aləm insanların diqqətini nə ilə çəkir?

“Obşak” necə yarandı?

Gəlin bir qədər tarixə qayıdaq. “Onların öz yazılmamış qanunları var” – bu kəlam oğru dünyasına ilk cazibəni yaradır. İnsanlar yazılan və əməl edilməyən qanunlarla rastlaşanda, yazılmayan, amma ciddi əməl olunan qanunlara qibtə etməyə bilmirlər. Belə bir anlam da var ki, nə vaxtdan cinayətə görə cəza var, elə o dövrdən də yazılmamış qanunlar meydana çıxıb. Azərbaycanda oğru dünyasının nə vaxt yarandığını heç kim birmənalı söyləmir. Amma yerli mətbuatda dərc edilən bir məqalədə adının çəkilməsini istəməyən “qanuni oğru”lardan biri hesab edirdi ki, hətta qəhrəmanıq dastanı olan “Koroğlu”da da “obşak”, yəni oğru dünyasının elementləri var.

Bu mövzuda söhbət etdiyimiz ekspertlərin əksəriyyəti hesab edir ki, Azərbaycanda formalaşmış kriminal aləm daha çox Rusiya mühitindən bəhrələnib. Hətta terminlər belə oradan gəlir və rus mənşəlidir. Bildirilir ki, Rusiyada kriminal aləmin təşkilatlanması əsasən Stalin dövrü ilə bağlıdır. Təbii ki, bununla razılaşmayanlar da var. Məsələn, başqa bir iddiaya görə, çar II Nikolayın dövründə də həbsxanalarda kriminal avtoritetlər olub. Azərbaycanda isə həmin dövrdə bu tip insanlar “qoçu” kimi tanınırdılar. Hətta Stalinin bu amildən siyasi məqsədlərlə yararlandığını da deyirlər. Məlumatlar var ki, o vaxt Koba həbsxanalarda qayda-qanun yaratmaq üçün belə bir təşkilatlanmaya nəinki mane olub, əksinə, rəvac verib. Məhz bu təşkilatlanmadan sonra “obşak” adlandırılan mexanizm qurulub.

“Obşak” mexanizminin öz özəllikləri var. Burada hər şeyin könüllülük əsasında baş verməsi çox mühüm amildir. Bəzi hallarda isə “obşak”ın rəyi ilə zor tətbiq olunması qərarı da verilə bilər. Bir çox ölkələrin təcrübəsinə əsaslanan ekspertlər korrupsiya ilə kriminal aləmin reytinqini düz mütənasib hesab edir. Bir çox varlı adamların vaxtaşırı “obşak” üçün “qref” etməsi, yəni müəyyən vəsait ayırması haqda məlumatları çox eşitmişik. Həmin şəxslər “obşak” tərəfindən toxunulmaz hesab olunur.

“Qanun” jurnalının baş redaktoru və uzun illər bu mövzuda məqalələrin nəşri ilə məşğul olmuş Şahbaz Xuduoğlu Lent.az-a açıqlamasında deyir ki, sovetlər dönəmində siyasi rəhbərlik özü “obşak”ların, avtoritetlərin yaranmasına şərait yaradıb və onların fəaliyyətindən bəhrələnib. Azərbaycanda isə mərhum prezident Heydər Əliyevin dövründən Azərbaycanda avtoritetlərin hakimiyyətlərini itirməsi dönəmi başlayıb.

Toxunulmaz, pozulmaz qanunlar

70-ci illərdə Mərkəzi Uralda kriminal aləmə nəzarət edən “Sedoy” ləqəbli qanuni oğru olub. Xatırladaq ki, onun ötən illərdə Bakıdakı 17 saylı İƏM-də qiyamın yatırılması üçün həmin həbsxanaya gətirilməsi və problemi həll etməsi faktından çox danışılıb. Bu əməli isə kriminal aləmdə “Sedoy”a ölüm hökmü kəsilməsinə gətirib çıxarıb.

Qanuni oğru adını almaq elə də sadə məsələ deyil. Bu adı almış şəxslər kriminal aləmdə son söz deyənlərdir. Yəni onların sözü mübahisə və müzakirə obyekti olmur. Ş.Xuduoğlunun sözlərinə görə, bu mövzuda nəşrləri hazırlayarkən maraqlı bir məqamla rastlaşıb: “İlk dəfə olaraq oğru dünyasının 7 maddədən ibarət normativ sənədi avtoritet Ağakərim tərəfindən hazırlanıb. O, əslən çəmbərəkəndlidir, ilk dəfə erməni zabitini qətlə yetirdiyi üçün həbsxanaya düşüb və ilk dəfə yazılı olmayan 7 bənddə qanun qəbul edib. Sonradan bu qanun keçmiş SSRİ-də yayılıb”.

Bu aləmin məşhurları arasında Qafqaz xalqlarının nümayəndələri həmişə olub. Ş.Xuduoğlunun fikrincə, bu, həmin xalqların ədalətsizliyə qarşı barışmaz xarakterindən irəli gəlir.

SSRİ-də kiməsə avtoritet adı verilməsi mərasimləri - “koronovanie” çox məhdud çevrədə reallaşırdı. Burada, bir qayda olaraq, az sayda nüfuzlu avtoritet iştirak edib. Baş redaktor deyir ki, SSRİ parçalandıqdan sonra bu mərasimlər elə müstəqil dövlətlərin özündə reallaşıb: “Artıq fitvalar da ayrılıqda çıxarılır və ümumi banklara – “obşak”a da hər kəs özü rəhbərlik edir. Əvvəlcədən SSRİ səviyyəsində tanınan avtoritetlər yenə də hamı tərəfindən qəbul olundu, amma sonradan ayrı-ayrı respublikalarda yarananlar bu səviyyədə tanına bilmədilər. Bəzi istisnalar vardı. Məsələn “Sabirabadlı Hikmət” belələrindən idi. Cavanşir və Bəxtiyar da keçmiş SSRİ ərazisində qəbul olunan avtoritetlərdən olub”.

Həmsöhbətim deyir ki, lotu Ağakərim də vaxtilə çox böyük nüfuz sahibi olub və o zaman onu Rusiyadan Azərbaycana ekstradisiya etmək istəyəndə müəyyənləşib ki, ölkəmizdə belə bir nüfuzlu avtoritetə uyğun məhbəs yoxdur.

Qanuni oğruların azadlıqdakı bəzi səhvlərini bağışlasalar da onların həbsxanadakı səhvləri heç vaxt bağışlanmayıb. İlk illərdə ciddi şərtlərdən biri avtoritetlərin ailə qurmaması olub. Amma sonradan islahatlar aparılıb və bu qadağa aradan götürülüb. İslahatlar bununla bitmir. Bu sahəyə biznes dəyərləri ilə qatılanların, hətta pulla avtoritet adı alanların olduğunu da söyləyirlər. Qadın alveri və əvvəllər qəbul olunmayan başqa sahələrdə fəaliyyət göstərənlər də son illərdə bu dünyaya girişə bilib. Ş.Xuduoğlu deyir ki, məhbəslərdə yaranan və həmişə məxfi fəaliyyət göstərən oğru dünyası sonradan açıq cəmiyyətə qədəm qoyub ki, bu da pis nəticələr verib. Ortaya yeni dəyərlər çıxıb və bunların içərisində ən məşhur olanı “Yaponçik”dir. İtaliyada isə bu cür yeni dəyərlər qəbul olunmur, orada “yeraltı dünya” hələ də qapalı fəaliyyət göstərir.

Amma nə qədər gizli fəaliyyət göstərsələr də onları yaxalamaq mümkün olur. Məsələn, ötən il İtaliya hüquq-mühafizə orqanları 45 ildir axtarışda olan Siciliya bölgəsinin nüfuzlu mafiya başçısı Bernardo Provenzanonu həbs edə bildi. O, məşhur mafiya başçısı Toto Rinanın 1993-cü ildə həbsindən sonra Siciliya mafiyasının sükanını ələ alıb. Provenzanonun keçmiş vəkili Salvatore Traina isə mətbuata açıqlamasında bir zaman hüquqlarını müdafiə etdiyi şəxsin bir neçə il əvvəl vəfat etdiyini bildirmişdi. Onun kimliyini yalnız DNT analizi ilə təsdiq edə bildilər.

Bundan başqa, bu il Moskva ətrafında “qanuni oğru”lara qarşı iri əməliyyat keçirildi. Lent.az-ın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumatda bildirilirdi ki, əməliyyat zamanı kriminal toplantının 50-dən çox iştirakçısı həbs edilib. Kriminal avtoritetlərdən 39 nəfəri cinayətkar aləmdə “qanuni oğru” kimi tanınır. Yaxalananlar arasında Tariel Oniani adlı nüfuzlu avtoritet də olub.

Əfsanəvi cazibənin sirri

Kriminal dünyanın tanınmış isimləri ilə bağlı bir neçə kitabın redaktoru olan jurnalist İlqar Əlfioğlu deyir ki, hazırda bu institut öz forma və məzmununu tamam dəyişib. Onun sözlərinə görə, ta qədimdən bu şəbəkə cəzaçəkmə müəssisələrində sanki məhbusların həmkarlar ittifaqı funksiyasını yerinə yetirib. Ancaq ötən illər ərzində bu sahədə xeyli yumşalma baş verib. Əvvəllər titul almaq üçün hətta 5 ilə kimi gözləməli olan oğrular indi bunu tezliklə əldə edə bilirlər.

Həmkarımızın söylədiyi bir fakt düşündürücüdür: “Biz bu mövzuda nəşrləri başlayarkən gənclərdən anonim müraciətlər alırdıq, elektron poçtumuza məktublar göndərilirdi ki, biz bu dünyada necə təmsil oluna bilərik? Onlar bilirlər ki, yalnız qətl, qarət törətməklə bu dünyaya daxil ola bilməzlər. Amma onlarda belə maraq vardı”.

İ.Əlfioğlu deyir ki, cəmiyyətin bu sahəyə marağı başa düşüləndir və bu şəxsiyyətlərin gücü ilə bağlıdır: “Şəxsən mən artıq 3 ildir ki, bu mövzu ilə maraqlanmıram. Amma rəhmətlik Hikmətlə bağlı xəbərləri diqqətlə izləyirdim. Bütün dövlətlərdə oğrular dövlətin ədalətsizliyinə qarşı yaranıb. Məsələn, məşhur Siciliya mafiyası bu cür yaranıb. Onlar İtaliya dövlətinin siyasətini qəbul etməyib və əvvəlcə xalq hərəkatı kimi meydana çıxıb. Demokratiya inkişaf etdikcə bu strukturlar da öz əhəmiyyətini itirəcək. İnkişaf etmiş ölkələrdə bu tip strukturlar leqallaşırlar. Dünənki kriminal şəxslər bu gün Rusiyada parlamentdə təmsil olunur, biznesmen kimi tanınırlar. Elə bizdə də biznes fəaliyyəti ilə məşğul olan insanlar arasında belələri var və onlar çox uğurlu fəaliyyət göstərirlər”.

Cinayətkar aləm, avtoritet, mafiya mənsubu o səbəbdən əhalinin maraq obyekti olur ki, onlar cəmiyyətin həll edə bilmədiyi hansısa bir çətinliyi asanlıqla yoluna qoyub, xilaskar obrazını möhkəmlədə bilirlər. İnsan, vətəndaş üçün gücə, imkana, dayaq dura bilmək bacarığına açıq və ya gizli simpatiya həmişə xarakterik olub. “Yeraltı dünya”nın cəmiyyətdə bu qədər ehtiramla qəbul olunmasının əsas səbəblərindən biri də onların öz qanunlarına sədaqətlə riayət etmələri ilə bərabər, həm də günahsızın, haqqı tapdananın yanında olmağa çalışmaları və buna nail olmalarıdır.

Səbinə Əvəzqızı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7937
avatar

Səbinə Əvəzqızı

Oxşar yazılar