Seçkiyə hazırlıq mərhələsi artıq hər şeyi müəyyənləşdirmişdi
Artıq müstəqilliyinin 22-ci ilini yaşayan Azərbaycan Respublikasında hüquqi dövlət quruculuğu prosesi başa çatıb, cəmiyyətin həm siyasi sistemi, həm hüquqi sistemi, həm də idarəetmə sistemi formalaşaraq, Azərbaycan xalqının sosial-siyasi təfəkkürünün məhsulu kimi, milli model kimi ortaya çıxıb. Bununla da, Azərbaycanda vətəndaş cəmiyyəti formalaşıb, sosial dövlət kimi səciyyələndirilə biləcək dövlət aparatı qurulub. Əsas məsələlərdən biri də odur ki, "vətəndaş cəmiyyəti", "hüquqi dövlət" və "sosial dövlət" terminlərinin təməl prinsipləri ilk növbədə, 1995-ci ildə xalqın siyasi iradəsinin məhsulu olaraq ortaya çıxan, ali hüquqi sənəd, Konstitusiyada hüquqi əsaslarda öz əksini tapıb. Məhz bu hüquqi əsaslara söykənərək dediyimiz keyfiyyətdə xalqımızın modern milli dövlət modeli bu gün dinamik və hərəkət edən normalar sistemi kimi mövcud olmaqdadır. Hər bir demokratik dövlət ənənəvi klassik izahla yanaşı, həm də hərəkət edən, hüquqi, əxlaqi, siyasi və s. normalar sistemi kimi də səciyyələndirilir. Bu mənada, əgər Azərbaycan dövlətini, onun siyasi sistemini müşahidə etsək, doğrudan da, hal-hazırda ölkəmizdə özünəməxsus ritm və ahəngdarlığı olan bir sistemin mövcud olduğunu görərik. Məhz bunun nəticəsidir ki, bütün klassik demokratiyalarda olduğu kimi, Azərbaycan demokratiyasında da hüququn aliliyi qorunmaqla hərəkət edən, dinamik normalar kimi səciyyələndirdiyimiz dövlətin qorunması və hakimiyyətin yenilənməsi üçün vaxtaşırı seçkilər keçirilir. Heç şübhəsiz, burada məqsəd konkret olaraq cəmiyyətin inkişafı üçün yeni və legitim hökumətin yaradılması ilə inkişafı davamlı etməkdir. Bu mənada, 2013-cü il seçki ili kimi Azərbaycan xalqı və cəmiyyəti üçün olduqca əhəmiyyətli bir ildir.
Qeyd etdiyimiz prinsiplərin davamlılığını və keyfiyyətini təmin etmək məqsədilə Azərbaycanda müvafiq hüquqi sistem qurulub və seçki hüququ əlahiddə və unikal bir hüquq olduğu üçün, seçki prosesinin obyektiv və məhz xalqın iradəsi ilə keçirilməsini təmin edən xüsusi məcəllələr, qanunlar, qaydalar, digər normativ sənədlər müəyyənləşdirilib. Buna uyğun olaraq 2013-cü ilin yaz aylarından artıq Azərbaycan cəmiyyətində bu ilin seçki ili olması əhval-ruhiyyəsi hakim kəsilməyə başladı. Seçki ilində ölkədaxili dinamik qruplar daha da fəallaşaraq ətrafına yeni auditoriya toplamaqla siyasi mübarizəyə qoşuldular. Burada böyük siyasi təşkilatlanmalar və ya siyasi partiyaların, məqsədi hakimiyyətə gəlmək, digər yardımçı vətəndaş cəmiyyəti institutları, siyasi qruplar, təşkilatlanmaların məqsədi isə ölkədə demokratiyanın daha da dərinləşməsinə xidmət göstərməkdir. Bu baxımdan, seçki ili kimi 2013-cü ili ən dinamik, ən fəal bir il kimi qiymətləndirmək olar.
Azərbaycanlı sosial psixologiyası aydınlığı, perspektivli və sadə modeli sevir
Azərbaycan cəmiyyəti çox da mürəkkəb, barışmaz siyasi qütblərdən və ya dini-ideoloji qütblərdən ibarət deyil. Azərbaycan kiçik bir dövlət olmaqla çox aydın siyasi mənzərəsi olan sıradan seçici üçün çox anlaşılan olan sadə bir siyasi sistemə malikdir. Bu siyasi sistemin özünəməxsus dəyərləri var. Azərbaycan cəmiyyətində artıq əhalinin əsas fəal təbəqəsi tərəfindən mənimsənilmiş liderlər, siyasi partiya rəhbərləri və siyasətçilər var. Hər bir azərbaycanlı üçün bu mənzərə o qədər aydındır ki, onlar kimi seçəcəkləri ilə bağlı düşünən zaman əsla tərəddüd etmirlər. Çünki bütövlükdə azərbaycanlı mentaliteti aydınlığı, qəti, perspektivli mövqeni və sadə modeli asan qavrayır və qəbul edir. Mürəkkəb kombinasiyalardan, çoxsaylı gedişlərdən ibarət, qeyri-müəyyən konsepsiyaları Azərbaycan ictimai-siyasi təfəkkürü rədd edir, qəbul edə bilmir. Azərbaycanlı sosial psixologiyası sevir ki, ona tədim olunan model aydın, anlaşılan və sadə olsun. Psixoloji tip olaraq azərbaycanlılar yuxarıda qeyd etdiyimiz siyasi reallıqları mənimsəmiş neomühafizəkar auditoriyadır. Seçki ili olan 2013-cü ildə də Azərbaycan ictimai-siyasi təfəkkürünə doğma olan modeli Yeni Azərbaycan Partiyasının namizədi Prezident İlham Əliyev təqdim etdi.
Azərbaycançılıq təkcə ideoloji vasitə deyil, həm də yaşam tendensiyasıdır
Bu prosesdə Yeni Azərbaycan Partiyası məhz Prezident İlham Əliyevin öz fikirlərini, məqsədlərini, ideyalarını ictimaiyyətə çatdırmaq üçün bir vasitə oldu. Yeni Azərbaycan Partiyasının məqsəd və vəzifələri, proqram və nizamnaməsi 600 mindən çox partiya üzvü kimi xalqın digər böyük əksəriyyəti tərəfindən də qəbul edilib. Çünki YAP-ın 20 ildən çox tarixi var və cəmiyyətə təqdim etdiyi dəyərlər, məqsədlər, artıq siyasi ənənə kimi səciyyələndirə biləcəyimiz ideoloji tezislər vasitəsilə Azərbaycan xalqı tərəfindən mənimsənilib. Ona görə də, 2013-cü ilin prezident seçkilərində YAP və onun namizədi ilə rəqabətə girəcək siyasi təşkilatlanma Azərbaycanda yoxdur. Hakimiyyətə gəlmək istəyən digər siyasi qruplar və siyasi partiyalarla müqayisədə YAP olduqca nəhəng və alternativsiz görünür.
Siyasi partiyalar və lider faktoru
Heç şübhəsiz, YAP-ı Azərbaycanın siyasi partiyalar sistemində alternativsiz edən bu partiyanın qurucusunun Ulu öndər Heydər Əliyev olması və partiyanın hazırkı Sədrinin də Prezident İlham Əliyev olmasıdır. Çünki tarixi ənənə və modern siyasi konsepsiyalarda lider faktoru hər hansı bir siyasi təşkilatlanmada ən aparıcı komponentlərdən biri kimi göstərilir. İstər partiya üzvləri, istərsə də Azərbaycan xalqının nümayəndələri bu partiyanın 20 illik fəaliyyətində bütün hallarda pozitiv, rasional və düşünülmüş siyasət görüblər. Tam mübaliğəsiz deyə bilərik ki, əgər son 10 ilə qədər Azərbaycan cəmiyyətində hüquqi dövlətin qurulması, balanslaşdırılmış xarici siyasət strategiyasının müəyyənləşdirilməsi, Azərbaycanın sosial dövlət kimi təşəkkül etməsi, Azərbaycanın yeraltı və yerüstü sərvətlərinin milli və dövlət maraqları üçün məqsədyönlü şəkildə səfərbər edilməsi YAP və onun qurucusu olan Heydər Əliyevin 10 illik fəaliyyəti ilə bağlı idisə, Azərbaycanın inkişafı, qüdrətlənməsi, Azərbaycanda postmodern cəmiyyətin formalaşması, Azərbaycanın qərbə inteqrasiyasında əhəmiyyətli addımların atılması, Azərbaycanın şərq və qərb arasında sözün həqiqi mənasında körpüyə çevrilməsi, Azərbaycanda intellektual keyfiyyətdə yeni cəmiyyətin formalaşdırılması, bir sözlə, Azərbaycanın inkişafı son 10 illikdə YAP-ın sədri olan Prezident İlham Əliyevin adı ilə bağlıdır. Əgər bu partiyanın fəaliyyətini iki dövrə bölüb qiymətləndirməyə çalışsaq və bunun üçün ən tənqidi kriteriyalar müəyyənləşdirsək belə, əldə olunan nəticə hər bir azərbaycanlı üçün dərk olunan və aydın görünəndir, eyni zamanda pozitiv və rasionaldır. Ona görə də Azərbaycan cəmiyyətində YAP və onun namizədi ilə müqayisə olunacaq nə ikinci bir siyasi partiya, nə də ikinci bir siyasi lider var. Məhz bu açıq fərq 2013-cü il prezident seçkilərinə hazırlıq dövründə də özünü çox aydın şəkildə büruzə verdi.
YAP-ın namizədi İlham Əliyevin alternativsizliyi partiyadaxili strukturda əsla arxayınçılıq yaratmadı
Amma bütün bunlara baxmayaraq, YAP seçki ilinin məsuliyyətini, ağırlığını və gərginliyini, çətinliyini nəzərə alaraq hazırlıq prosesini olduqca uğurla həyata keçirdi. Diqqətlə baxsaq, görərik ki, bu partiya yerli və rayon təşkilatlarında konfranslar keçirərək hələ seçkii hazırlığına start verilməzdən öncə müəyyənləşdirdiyi partiyadaxili proqram və siyasi təqvimə uyğun olaraq öz qurultayını keçirdi və namizədini irəli sürdü. Bu, qətiyyətli, inamlı və düşünülmüş bir addım idi. Bundan sonra YAP-da seçki ilə bağlı ciddi işlər görüldü. Mrkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi rəsmi hazırlıq vaxtına qədər YAP və onun Sədri tərəfindən bu partiyanın seçki ilində qələbə əldə etməsi üçün silsilə və ardıcıl tədbirlər həyata keçirildi.
Rəqib düşərgədə qeyri-müəyyənlik, xaos və anlaşılmazlıq hökm sürür
Ancaq paralel olaraq əgər biz əks cəbhədə, yəni, bu gün siyasi rəqabət, siyasi oyun meydançasının ikinci tərəfində olan digər qruplara nəzərə salsaq, görəcəyik ki, həmin dövrdə əks qütbdə baş verən hadisələr anlaşılmaz, dolaşıq və qaranlıqdır. Bunu bir az da anlaşılmaz edən Azərbaycanın ənənvi radikal müxalifət partiyalarının prezident seçkiləri üçün namizəd müəyyənləşdirə bilməmələri idi. Beləliklə, bütün bunların nəticəsi kimi bir qədər sonra müxalifət düşərgəsində yeni bir qeyri-ənənəvi üst qurum meydana gəldi. Qısa müddətdə yaranan bu qeyri-ənənəvi ictimai təşkilat ənənəvi radikal partiyaları idarə etməyə və onları yönləndirməyə başladı. Məhz bu hadisə Azərbaycanın siyasi partiyalar tarixində və partologiya tarixində nonses idi. Beləliklə, hələ də Azərbaycan seçicisi üçün sonadək aydın olmayan bir hadisə baş verdi, özünü partiya hesab edən və partiya kimi uzun müddətdir ki, fəaliyyət göstərdiyini iddia edən və cəmiyyətə pis-yaxşı müəyyən dəyərlər təqdim etməyə çalışan iki klassik müxalif partiya bu ictimai təşkilatın çətirinin altına girməklə öz siyasi sonluqlarına doğru son və qəti addım atdılar. Bu qeyri-ənənəvi ictimai təşkilatın adı "Milli şura" idi. Beləliklə də, radikal müxalifət düşərgəsi üçün öz namizədini müəyyənləşdirmək mürəkkəb, barışmaz və üzücü bir məsələyə çevrildi. Artıq MSK tərəfindən müəyyənləşdirilmiş siyasi təqvimin vərəqləri hər gün azaldıqca bu düşərgədə gərginlik daha da artırdı və sonda məlum oldu ki, çox uzun sürən ağrılı prosesdən sonra "Milli şura" çətiri altında yığışan "liderlərin" bir-birilə çəkişmələri, qarşılıqlı ittiham, təhqir və təhdidlərindən sonra nəhayət, "Milli şura" özünə vahid namizəd müəyyənləşdirə bildi. Beləliklə, bir tərəfdə YAP seçkiyə ciddi hazırlıqla məşğul idi, partiyanın sədri, Prezident çox böyük işlər görürdü, başqa bir tərəfdə - müxalifət düşərgəsində isə özünü YAP-a rəqib hesab edən qrupların qısır mübahisələri davam edirdi. Bu isə şübhəsiz, Azərbaycan siyasi məkanından, Azərbaycan vətəndaşlarının müşahidələrindən kənarda baş vermirdi. Sabah seçici kimi namizədlərə səs verəcək azərbaycanlının gözünün önündə baş verirdi. Heç bir halda heç bir siyasətçi inkar edə bilməz ki, bu proseslər seçicinin öz mövqeyini müəyyənləşdirməsində rol oynamadı.
Ahıl kinorejissorun vahid namizəd kimi müəyyənləşdirilməsi vəziyyəti daha da mürəkkəbləşdirdi
Bütün bu mərhələlərdən sonra bəlli oldu ki, radikal müxalifətin və "Milli şura"nın müəyyənləşdirdiyi "vahid namizəd" Azərbaycan vətəndaşı deyilmiş və o, Azərbaycanda prezidentliyə namizəd ola bilməzmiş. Bu o vaxt baş verdi ki, artıq insanlar öz mövqelərini xeyli vaxt idi ki, dəqiqləşdirmişdilər və nəhayət, uzun sürən bulanıq, qeyri-müəyyən, qeyri-etik, qeyri-siyasi-əxlaqi proseslərdən sonra "Milli şura"nın yeni bir "vahid namizəd"i ortaya çıxdı. Bu, Azərbaycan cəmiyyətində tanınmayan, vaxtilə deputat seçilmək üçün üzvü olduğu Müsavat Partiyasından imtina edən, deputat kimi fəaliyyət göstərdiyi illərdə YAP-ın qurucusu haqqında obyektiv fikirlər söyləyən, tərifləyən, onun fəaliyyətini düzgün qiymətləndirən, bunu öz kitablarında yazan, deputat seçilmədikdə isə həm özünü müəllif kimi, həm də yazdıqlarını rədd edən, siyasi spekulyant kimi səciyyələndirilə biləcək bir professor idi. Bu professor, yəni Cəmil Həsənli dil və üslub etibarilə anlaşılmazdır, öz ləhcəsində danışır, professor olmasına baxmayaraq ədəbi dili mənimsəyə bilməyib, tarixçi professor olmasına rəğmən, ölkənin siyasi sistemi haqqında dolğun, aydın və obyektiv məlumatı yoxdur, siyasi prosesləri dərk edib təhlil edə bilmir, heç bir dəyəri təmsil etmir, idarəetmə fəlsəfəsindən ümumiyyətlə xəbəri yoxdur, azərbaycanlı sosial psixologiyasını dərk etmir, beynəlxalq münasibətlərdən isə olduqca məhdud formada məlumatlıdır. Bildiyimiz kimi, siyasi sistemdə hər hansı bir lider hansısa dəyərə, yaxud dəyərlər sisteminə söykənərək hərəkət edir, proqram və platforma irəli sürür.
Özünü inkar edən dönük, yoxsa sadəcə riyakar…
Ancaq bu namizəd isə dediyimiz kimi, hər cür siyasi riyakarlıqlardan keçmiş, özü özünü yazdığı kitablarda və işlətdiyi sözlərlə inkar etmiş, siyasi sistemin autsayderi olan "ictimai" bir təşkilatlanmadan, yəni "Milli şura"dan dəstək alan bir şəxsdir. Belə olan halda əlbəttə ki, bu qurumun və qurumun nümayəndələrinin siyasi fəaliyyətində hansısa pozitiv dəyişikliklər müşahidə etmək, olduqca çətindir. Lakin siyasi sistemimizdə baş verən bu proseslərə qoşulan üçüncü bir tərəf də var. Bu, yeni, konstruktiv əsasda formalaşmış, Azərbaycanda müxalifət institutunun yaranmasında iştirak edən ayrı-ayrı namizədlər, müxtəlif partiyalar, şəxslər və fərdi siyasətçilərdir.
Siyasi rəqabət meydanında iki istiqamət və bir autsayder
2013-cü ilin seçkiyə hazırlıq prosesi Azərbaycanda siyasi təşkilatlanmanın iki istiqamətdə getdiyini ortaya qoydu. Birincisi, qeyd etdiyimiz kimi, cəmiyyətin lokomotivi olan Yeni Azərbaycan Partiyasıdır. Bu partiya 600 minlik ordusu ilə siyasi sistemimizin əsas sütunu olmaqla yenidən hakimiyyətdə qalmaq uğrunda mübarizə aparacaq. Sistemdən kənarda isə gözdən düşmüş, siyasi riyakarlıq və spekulyasiyalarla məşğul olan marginallardan ibarət bir radikal qrup var. İkinci tərəfdə isə konstruktiv əsasda fəaliyyət göstərən müxaliflər var və onların bir çoxunun nümayəndələri MSK tərəfindən prezidentliyə namizəd kimi qeydə alınıb. Beləliklə, seçkiyə hazırlıq mərhələsi başa çatanda artıq prezidentliyə 10 namizəd qeydə alınmışdı. Birinci mərhələnin yekunu ilə bağlı belə nəticəyə gələ bilərik ki, bu mərhələdə prezidentliyə namizədlərin heç biri nə seçkiyə hazırlıq prosesindən, nə hüquq pozuntusundan şikayət etmədilər. Bu o deməkdir ki, birinci mərhələ ən radikal qruplar və sistemin digər aktorları tərəfindən də normal qarşılandı. Bu mərhələyə ən obyektiv qiyməti ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Seçkiləri Müşahidə Missiyasının rəhbəri Tana de Zulueta verib. O, KİV-ə müsahibəsində Prezidentliyə namizədlərin qeydiyyata alınması prosesini müsbət dəyərləndirib: "Ümumilikdə, namizədlərdən qeydiyyat prosesinin tələb etdiyi imzaların toplanmasında hər hansı çətinlik və ya maneə ilə qarşılaşdıqları barədə heç bir şikayət almamışıq".
YAP-ın namizədi Prezident İlham Əliyevin alternativsizliyi hamı tərəfindən aydın dərk edilən həqiqətdir
Əslində, bu siyasi mübarizə ilində YAP-ın namizədin qalib olacağı hər kəsə aydındır. Çünki YAP-ın qələbəsini təmin edəcək güclü, harizmatik bir lider var və bu lider 10 illik fəaliyyəti dövründə hər gün Azərbaycan seçicisinin gözü önündə, kütləvi informasiya vasitələrində gördüyü əməlləri ilə özünü təbliğ edib. Beləliklə, rəsmi seçki təbliğat-təşviqat kampaniyasına start veriləndə artıq YAP "finiş"də idi. Çünki bu partiyanın ideya və ideologiyası Ulu öndər Heydər Əliyevin elan etdiyi prinsiplərə - hüquqi dövlət, vətəndaş cəmiyyəti, hər kəsin bərabərliyi prinsiplərinə,qərbə inteqrasiya, milli adət və ənənələrə sahib çıxmaq, bir sözlə, neo-mühafizəkarlıq prinsiplərinə əsaslanırdı ki, məhz bu da Azərbaycan xalqı, azərbaycanlı sosial psixologiyası tərəfindən qəbul edilən, qiymətləndirilən bir konsepsiya idi. Beləliklə, bir tərəfdən, ictimai-siyasi təfəkkürün tələbinə uyğun olaraq müəyyənləşdirilmiş dəyərlər sistemi, başqa bir tərəfdə bu dəyərlərin daşıyıcısı olan böyük bir partiyanın fəaliyyəti, üçüncü tərəfdə isə bu dəyərləri və Azərbaycanın dövlət və millət maraqlarını layiqincə təmsil edən, gündəlik fəaliyyəti ilə hər gün bu prinsiplərə sadiq qaldığını nümayiş etdirən və Azərbaycanı gündən-günə inkişafa aparan bir siyasi lider. Məhz bu üç universal istiqamətin cəmi, heç şübhəsiz, YAP və onun namizədinin qələbəsini şərtləndirir. Nəzərə alsaq ki, burada əsas faktor qeyd etdiyimiz kimi, lider faktorudur və bu lider öz şəffaf fəaliyyəti ilə hər gün Azərbaycan seçicisinin gözünün önündə olmaqla Azərbaycanda sosial, hüquqi dövlətin, vətəndaş cəmiyətinin və Azərbaycanın müasir inkişaf konsepsiyasının yaradıcısı kimi, postmodern cəmiyyətin formalaşmasının müəllifi kimi və Azərbaycanın milli və dövlət maraqlarını ən mübariz formada qoruyan bir lider kimi Azərbaycan xalqı tərəfindən həm rəsmi prezident kimi mənimsənilib, həm də qeyri-rəsmi lider kimi qəbul edilib onda bu namizədin qələbəsi əsla şübhə doğurmur. Bildiyimiz kimi, hər bir cəmiyyətdə rəsmi və qeyri-rəsmi liderlər mövcuddur. Yeni Azərbaycan Partiyasının əsas üstünlüklərindən biri bundan ibarətdir ki, onun sədri həm Prezident olaraq ölkənin rəsmi lideri hesab edilir, həm də ölkədə ən yüksək siyasi reytinqə sahib olmaqla xalq tərəfindən mənimsənilmiş qeyri-rəsmi lider kimi xarakterizə olunur.
Belə olan halda, nə ikinci, nə üçüncü, nə də dördüncü qüvvənin Azərbaycanda seçkiləri udmaq şansı qalmır. Mövcud situasiyanı isə formalaşdıran Azərbaycan Prezidentinin fəaliyəti və Azərbaycan seçicisinin bu fəaliyyətə adekvat münasibətidir. Azərbaycan xalqı ölkəmizdə təşəbbüskarlığı, inkişafı, tərəqqini, pozitiv dəyişkənliyi obyektiv kriteriyalarla qiymətləndirməyi bacaran bir xalqdır. Məhz bu siyasi təfəkkür, bu siyasi mövqe 2013-cü ildə də seçkilərin taleyini həll edəcək əsas faktorlardan biridir.
Radikal müxalifət ilə Azərbaycan xalqı arasında dəyərlərin toqquşması müşahidə edilir
İndidən proqnoz vermək olar ki, 2013-cü ilin 9 oktybar seçkiləri YAP-ın və onun namizədinin həlledici qələbəsi ilə yada qalacaq. Bəs bunu müxalifətin özü bilirmi? Əlbəttə ki, bilir. Məhz bildiyinə görə də mövcud situasiyaya uyğun olaraq özünəməxsus siyasi taktika həyata keçirməyə çalışır. Amma bu o qədər effektsiz və primitiv olur ki, az-çox qazana biləcəyi siyasi dividendlərin də üstündən xətt çəkir. Beləliklə, Azərbaycan cəmiyyəti ilə radikal düşərgənin nümayəndələri arasında nəinki rabitə yaranır, əksinə, dəyərlərin toqquşması baş verir. Azərbaycan seçicisi görür ki, onun mənimsədiyi dəyərlər, Azərbaycan xalqına perspektivli gələcək vəd edən, Azərbaycanın inkişafını, qüdrtlənməsini təmin edəcək ideoloji-mənəvi dəyərlər radikal müxalifətin, "Milli şura"nın vahid namizədinin mənimsədiyi dəyərlərlə nə əxlaqi, nə siyasi, nə də mənəvi platformada üst-üstə düşür. Belə olan halda, əgər bir siyasətçinin şəxsi əxlaqi, siyasi, mənəvi dəyərləri ilə bir xalqın dəyərləri toqquşursa, şübhəsiz, burada uduzan həmin siyasətçi olur. Son dövrlərdə seçkinin növbəti mərhələsində, rəsmi təbliğat və təşviqat dövrü başladıqdan sonra müşahidə etdiyimiz siyasi proseslərin təhlili də bizə belə nəticəyə gəlməyə imkan verir.
Cəmil Həsənli siyasi gündəliklə manipulyasiya etməyə çalışır… ancaq psixoloji enerji məsələsində uduzur
İlk növbədə, bir faktoru nəzərə almaq lazımdır ki, radikal müxalifətin nümayəndələri öz zəifliklərini gizlətmək üçün müxtəlif manipulyasiyalrdan və təxribatlardan istifadə edirlər. Bunlardan biri siyasi manipulyasiya cəhdidir, yəni gündəlikə manipulyasiya. Siyasi gündəliklə manipulyasiya o deməkdir ki, ölkənin əsas siyasi gündəliyi dəyişdirilərək seçicilərin diqqəti əsas və strateji məsələdən uzaqlaşdırılsın. Bu gün "Milli şura"nın vahid namizədi Cəmil Həsənli məhz siyasi gündəliyi manipulyasiya etməklə məşğuldur. Ancaq diqqətçəkən bir məqam var. Siyasi gündəliklə o vaxt manipulyasiya etmək olar ki, siyasi gündəliyi müəyyənləşdirən dinamiklərin psixoloji enerjisi onu manipulyasiya edən şəxsin psixoloji enerjisindən zəif olsun. Yalnız bu zaman hər hansı bir "lider", yaxud hər hansı bir şəxs və ya prezidentliyə namizəd siyasi gündəliklə manipulyasiya edə və məqsədinə çata bilər. Amma indiki vəziyyətdə Azərbaycanda situativ təhlil aparsaq görərik ki, siyasi manipulyasiya etmək istəyən prezidentliyə namizəd Cəmil Həsənlinin psixoloji enerjisi manipulyasiya etməyə cəhd göstərdiyi auditoriyanın psixoloji enerjisindən qat-qat aşağıdır. Ona görə də, bu cür cəhdlər, yəni xarici təşkilatların və Azərbaycanda xaos, seçkiqabağı gərginlik görmək istəyən mərkəzlərin sifarişi ilə C.Həsənlinin mannipulyasiyalar etmək cəhdləri baş tutmur. Xaricdən sistemə daxil olan neqativ impulsları sistem rədd edir. Azərbaycan siyasi sisteminin özünəməxsus daxili psixoemosional strukturu və modeli var. Bu model içərisində istehsal və istehlak olunan ideyalar millidir. Azərbaycan xalqı hansı ideyanın milli olduğunu, hansının sosial tələbatdan yarandığını, daxili siyasi, ideoloji ehtiyacdan və s. yarandığını bilir, orta statistik azərbaycanlı bunu normal qəbul edir. Amma eyni zamanda, hansı ideyanın, hansı fikrin, hansı dəyərin idxal edildiyini də Azərbaycan seçicisi dəqiqliklə müəyyənləşdirə bilir və haqlı olaraq bunlara qarşı çox aqressiv və qətiyyətli olur. Çünki son 200 ilin təcrübəsi göstərir ki, Azərbaycanın siyasi sisteminə xarici müdaxilələr bu sistemi parçalayır, onun daxili harmoniyasını, siyasi və ictimai ahəngdarlığını pozur. Çox sevindirici haldır ki, 200 il keçdikdən sonra, nəhayət, Azərbaycan ictimaiyyətinə xaricdən daxil olan neqativ impulslara qarşı ictimai immunitet formalaşıb, cəmiyyət özünü dərhal mühafizə etməyə hazır olur. Xaricdən neqativ impulslar gələn kimi Azərbaycan cəmiyyətində özünəməxsus ictimai müdafiə refleksi işə düşür və cəmiyyət qapanır.
Yad ünsürlərə qarşı ictimai müdafiə refleksi...
Ona görə də, "Milli şura" ideologiyası xaricdən Azərbaycana atılan kimi sistem dərhal qapandı və onu rədd etdi. Bu ideologiyanı Azərbaycan xalqının siyasi iradəsinə, milli maraqlarına zidd olaraq həyata keçirmək istəyən qruplar isə sistemdən kənarda qaldılar, autsayder vəziyyətinə düşdülər. Ancaq ictimai-siyasi sistemlə bərabər həm də Azərbaycanın hüquqi sistemi var. İctimai-siyasi sistem nə qədər loyaldırsa, çoxşaxəlidirsə, elastikdirsə, hüquq sistemi bir o qədər tamdır, dəqiq və sərtdir. Ona görə də, siyasi sistemin əhval-ruhiyyəsini müəyyənləşdirən siyasi düşüncə, ictimai rəy artıq hüquqi sistem üçün keçərli deyil. Siyasi sistem baş verən prosesləri hüquqi platformada qiymətləndirərək Azərbaycan vətəndaşının namizədliyini qeydə almağa məcburdur. Ona görə də, ictimai-siyasi vasitələrlə Azərbaycan cəmiyyətində vizit əldə edə bilməyən yad ideoloji ünsürlər məhz bir şəxsin, konkret halda Cəmil Həsənlinin timsalında hüquqi sistem vasitəsilə Azərbaycan ictimai-siyasi sisteminə daxil edilməyə çalışıldı. Beləliklə, "Milli şura" artıq hüquqi sistemin, demokratik sistemin bəxş etdiyi azadlıqlar vasitəsilə yenidən yad, dağıdıcı ideologiya ilə ictimai şüuru zəhərləməyə cəhd edir. İndiki mərhələdə bu prosesin başında duran şəxs Cəmil Həsənlidir. Azərbaycan İctimai Televiziyasında pulsuz efir vaxtında özünü aparması, təxribat, siyasi manipulyasiya cəhdləri də məhz yuxarıda dediklərimizi isbat edən bir faktdır. Cəmil Həsənli ilk növbədə, siyasi etikadan, siyasi əxlaqdan kənar hərəkətlər edir və çox yanlış olaraq Azərbaycan siyasi gündəliyi, ictimai təfəkkürü ilə manipulyasiya etməyə çalışır. Bu isə mümkün deyil, çünki Azərbaycanda belə hərəkətləri qiymətləndirməli olan ictimai rəy həm əxlaq, həm mənimsədiyi dəyərlər, həm də siyasi səviyyə etibarilə C.Həsənlidən qat-qat üstündür. Ona görə də, C.Həsənli bu məsələdə uduzur və uduzacaqdır. C.Həsənlinin bir siyasətçi kimi mənimsədiyi dəyərlər Azərbaycan xalqının dəyərləri ilə üst-üstə düşmür. Bu toqquşmada, heç şübhəsiz, Cəmil Həsənlilər uduzurlar və uduzacaqlar.
Azərbaycanlı milli psixologiyası humanistdir, himayə edicidir, qoruyucudur … ancaq…
Başqa bir məsələ müxtəlif xarici dairələrdə yaxşı öyrənilmiş azərbaycanlı milli psixologiyasıdır. Azərbaycanlı milli psixologiyası belədir ki, əziləni müdafiə etməyə meyilidir, humanistdir, himayə edicidir, qoruyucudur, bəsləyicidir. Humanist kriteriyalarla qiymətləndirdikdə bu bizim milli psixologiyamızın müsbət tərəfidir, siyasi reallıqlar çərçivəsində qiymətləndirdikdə isə milli psixologiyamızın zəif komponentləridir. Məhz C.Həsənlinin efirdə ildırım çəkən kimi provokasiya edib digər namizədləri öz üzərinə çəkməkdə məqsədi ondan ibarətdir ki, özündən yazıq, əzilən bir "siyasətçi" obrazı yaratsın. Görünür, ona başa salıblar ki, əziləni, yazığı azərbaycanlı sosial psixologiyası müdafiə edir. Amma C.Həsənli bunu o qədər primitiv şəkildə edir ki, onun oyunları ekran vasitəsilə çox açıq şəkildə görünür. Azərbaycan xalqı, seçicisi, azərbaycanlı sosial psixologiyası da bu saxtakarlığı, süniliyi görür. C.Həsənli özünü gizlətmək üçün özünü əzilmiş göstərməyə çalışır və o, saxta cürət və cəsarət nümayiş etdirməklə özündən "qəhrəman" obrazı yaratmağa çalışır. C.Həsənliyə belə dərs keçiblər ki, azərbaycanlı sosial psixologiyası qəhramanları da sevir. Amma C.Həsənli və onun "sovetnikləri" bir şeyi unudurlar ki, hər iki halda azərbaycanlı sosial psixologiyası istər əzilmək, istərsə də qəhrəmanlıq məsələsində özünə çox konkret bir sərhəd müəyyənləşdirir. Bu sərhəddi aşanları artıq azərbaycanlı sosial psixologiyası qəbul etmir, ona ikrahla baxır. C.Həsənli məhz seçki təbliğat-təşviqat kampaniyasının birinci və ən emosional həftəsində ilk debatlardaca ona verilən tapşırığı düzgün yerinə yetirə bilmədiyinə görə,ona biçilmiş rolu peşəkarlıqla oynaya bilmədiyinə görə uduzdu. Bununla həm onun ziyalı maskası, həm siyasətçi maskası, həm də professor maskası yırtılmış oldu.
Siyasi maskanın altındakı real C.Həsənli görüntüləri
Maskanın yırtılması ilə ortaya çıxan siyasi sima isə Azərbaycan ictimai-siyasi əhval-ruhiyyəsi tərəfindən əsla arzu edilən və qəbul edilən deyildi. Çünki bu siyasi sima birincisi, riyakar idi, ona görə ki, deputat olduğu dövrdə, hətta ondan sonra belə hazırkı hakimiyyətin gördüyü işləri tərifləyib və təbliğ etmişdi. İndi isə ondan imtina edirdi.
İkincisi, dublyor idi. Ona görə ki, anti-azərbaycançı mərkəzlərin qurduğu oyunda onların lidersizləşdirmə və dövlətsizləşdirmə planında epizodik rol oynayırdı. Dublyor Cəmil Həsənliyə məxsusi göstəriş verilib ki, kiminlə dialoqda olmasına baxmayaraq, hədəf kimi ölkənin birinci şəxsini, Azərbaycan xalqının rəsmi və qeyri-rəsmi liderin cənab İlham Əliyev hədəf seçsin. Çünki islamofob və anti-azərbaycançı dairələr eyni zamanda infoimperialistlər milli dövlətləri məhv etmək üçün ilk növbədə xalqın liderini və dövlətini əlindən almağı planlaşdırırlar. Lidersizləşdirilmiş dövlət isə Misir, Suriya, Liviya olur. Cəmil Həsənli də bu məqsədə xidmət edir.
Üçüncüsü, xəyanətkar və satqın idi. Ona görə ki, Dağlıq Qarabağın ermənilərə verilməsi ilə bağlı ictimai rəy hazırlamaqla görəvləndirilmiş R.İbrahimbəyovun planlarına xidmət edirdi. Bu xidmətlərinə görə C.Həsənli "Azadlıq" radiosu, "BBC" və "Amerikanın səsi" kimi infoimperializmin total təbliğat maşını olan transmilli mediada təbliğ olunur. Bütün beynəlxalq hüquq və Azərbaycan Seçki Hüququna zidd olaraq.
Dördüncüsü, provakator idi. Ona görə ki, digər namizədləri provakasiya etməklə fiziki təzyiqlərə məruz qalmaq və beynəlxalq təşkilatlara qərəzli hesabat hazırlayarkən material, fakt verməli idi.
Beşincisi, satqın idi, ona görə ki, bu vaxta qədər ermənilərə verdiyi vədə uyğun olaraq bir dəfə də olsun Dağlıq Qarabağ sözünü dilinə gətirməyib, siyasi gündəliyi və seçki təbliğat-təşviqatını monipulyativ fikirlərlə doldurmaqla digər namizədlərin gündəliyini də pozub, Qarabağı unutdurub.
Altıncısı, saxtakar idi. Ona görə ki, başqalarını rüşvətxorluqda, oğurluqda ittiham etdiyi halda, özü saxta sənədlərlə dövlətin büdcəsindən pul oğurlayan adı oğru idi. Eyni zamanda, rüşvətxorluğa görə həbs edilən yaxın qohumu vasitəsilə rüşvətlə əldə etdiyi gəlirlərdən yararlanan saxtakar idi.
Yeddincisi, qeyri-əxlaqi vərdişlərə sahib idi. Ona görə ki, azərbaycanlı mentalitetinə yad olaraq ailə məsələlərini siyasətə qarışdırmışdı. Bütün bunlar isə seçicilərin və xalqın gözündən yayınan məsələlər olmadığı üçün C.Həsənli nəinki siyasətçi kimi, heç ziyalı kimi də auditoriya tərəfindən mənimsənilmədi. Əksinə, tam ifşa olundu, siyasi ömrü başlamamış sona çatdı.
Heç kim seçkinin nəticələrini proqnozlaşdırmaqda çətinlik çəkmir
Belə şəraitdə cəmiyyətin aparıcı siyasi qüvvəsi olan YAP-ın təbliğat-təşviqat kampaniyasına diqqət yetirdikdə görəcəyik ki, bu kampaniya ağıllı, məqsədyönlü, soyuqqanlı, təmkinli və obyektiv arqumentlərə söyukənilərək aparılır. Radio və televiziya debatlarında da bunlar aydın görünür. Əslində, bu proseslər cəmiyyətin, vətəndaşın seçimini asanlaşdırır. Şübhəsiz ki, önümüzdəki həftələrdə də hadisələr elə bu cür davam edəcəkdir və əminəm ki, bu gün heç bir azərbaycanlı seçkinin nəticələrini proqnozlaşdırmaqla bağlı çətinlik çəkmir. Çünki mövcud şəraitdə "Milli şura", "vahid namizəd" oyununun nə olduğu hər bir azərbaycanlıya bəllidir və bu ideyanın, təşkilatlanmanın məqsədini də seçici çox açıq şəkildə dərk edir.
Beləliklə, təhlildən aydın olur ki, 2013-cü il 9 oktyabr seçkilərində qalib gələcək namizəd Prezident İlham Əliyevdir.
Hikmət BABAOĞLU