Tofiq Zülfüqarovdan  ağır İTTİHAM:   Məmmədyarov  cinayətə   yol verib
26 fevral 2025 18:29 (UTC +04:00)

Tofiq Zülfüqarovdan ağır İTTİHAM: Məmmədyarov cinayətə yol verib

Sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun sosial şəbəkədəki paylaşımında xələfi Elmar Məmmədyarova söz atması qarşı tərəfin ciddi reaksiyasına səbəb olub. 

Tofiq Zülfüqarov paylaşımda yazıb: “Dünən gözlənilmədən ARB-24 telekanalı məni Elmar Məmmədyarovla bir verilişdə birləşdirdi. Düşünürəm ki, o, tezliklə Gela Vasadzenin (gürcü yutuber-red.) kanalında məni əvəz edəcək...

Ah, "Rus evi" – sən necə də çoxüzlüsən”.

Tofiq Zülfüqarov bu atamaca ilə Elmar Məmmədyarovun bir müddət öncə Bakıda fəaliyyəti dayandırılan “Rus evi” ilə əməkdaşlıq etdiyinə işarə vurub. 

Keçmiş xarici işlər naziri Elmar Məmmədyarov isə saytımıza açıqlamasında Tofiq Zülfüqarova cavab verib.

"Bilirsiniz, mən belə deyə bilərəm: şokolad deyiləm ki, hamının xoşuna gələm. Mənim də xoşuma gəlməyən adamlar var. Mən onları izləmirəm, heç qulaq da asmıram. Onlar barədə söz demək istəmirəm. Kim nə deyirsə, özü bilər.

Düzünü deyim ki, Tofiq Zülfüqarovun da həmin verilişə dəvət edildiyindən mənim xəbərim olmayıb. Mən həmişə tək çıxış edirəm”,-o deyib.

E.Məmmədyarov ona qarşı iddia edilən "rus casusu" ittihamına da cavab verib:

“Prinsipcə mənim əleyhimə bu iddiaların arxasında kimlərin durduğunu bilirəm. Ancaq bu haqda açıqlama vermək istəmirəm. Yenə deyirəm, 5 ildir mən hakimiyyətdə deyiləm, amma yenə kiminsə qarınağrısı var. Kimlərdisə, onlar həmişə məni yadlarında saxlayırlar”.

Lent.az-ın xəbərinə görə, Tofiq Zülfüqarov Modern.az-a Elmar Məmmədyarovla bir araya gəlmək istəməməsinin arxasında duran əsas məqamları açıqlayıb:

"Məni kimsə harasa dəvət edirsə, bilməliyəm axı orada kim nəyi şərh edəcək? Azərbaycanın maraqlarına zidd  fəaliyyət növü mövcuddur. Həmin fəaliyyətə aidiyyəti olan insanları məndən qabaq ora çağırıblar. Kim onu necə müəyyən edirsə, özü bilər. Ancaq mən Ermənistan-Azərbaycan münaqişəsilə bağlı məsələləri təhlil edərkən belə qərara gəlmişəm ki, Azərbaycanın maraqlarına zidd olan işlər konkret olaraq Elmar Məmmədyarovun nazir işlədiyi dövrdə özünü göstərib.

Həmsədrlər qrupu həmişə çalışırdı ki, məsələni Ermənistan-Azərbaycan münaqişəsi kimi yox, "Dağlıq Qarabağ" münaqişəsi kimi göstərsinlər. Bizim mövqeyimiz isə ondan ibarət olmuşdu ki, bu məsələ Ermənistanın Azərbaycana qarşı təcavüzüdür. 1998-ci ildə prezidentlər Heydər Əliyevlə Robert Köçəryan arasında danışıqlar baş tutub. Həmin danışıqlarda mən də iştirak etmişəm. Orada Heydər Əliyev münaqişənin Ermənistanla Azərbaycan arasında olduğunu deyərək, bunun iki ölkə arasında həllinin vacibliyini təsbit etməyə nail olub. Beləliklə də, "Dağlıq Qarabağ" faktoru danışıqlardan çıxarılıb.

Amma Elmar Məmmədyarov nazir işlədiyi dövrdə millətlərin öz müqəddaratını təyin etmə hüququ məsləsini prinsip kimi qəbul edib. Sonra bildiyiniz kimi, Kazan görüşündə Elmar Məmmədyarov tərəfindən parafraz olunmuş sənəddən Azərbaycan tərəfi imtina edib. Söhbət ondan gedir ki, Azərbaycanın maraqlarına zidd mövqe sərgilənib. Əlaxüsus bu, ona görə qəbuledilməzdir ki, 1998-ci ildən artıq Ermənistan və onun yeni seçilmiş prezidenti Robert Köçəryan Qarabağ məsələsinin iki ölkə arasında münaqişə olduğunu qəbul edib. Millətlərin öz müqəddaratını həll etmə hüququnun ortaya atılması həmsədrlərin və ermənilərin mövqeyi idi. Ona görə bu qərara gəlmişəm ki, Elmar Məmmədyarovun ya peşəkarlığı çatışmayıb, ya da qəsdən səhvə, əslində isə cinayətə yol verilib.

"Bu, kimin təsiri altında baş verib" sualı da çox maraqlıdır. Rusiya prezidenti Vladimir Putin bu yaxınlarda bir bəyanat verdi. Onu hər kəs dinləsə də, əksəriyyət tərəfindən başa düşülmədi. O dedi ki, "münaqişənin əsas məsələsi Dağlıq Qarabağın statusudur". Status nə deməkdir və hansı prinsip əsasında buna baxılır?  Buna millətlərin öz müqəddaratını təyinetmə prinsipi əsasında baxıılır. Bunun nəticəsində belə qərara gəlmişəm ki, bu insan səhvə, ya da cinayətə yol verib. Buna görə də onunla xəbərim olmadan hansısa verilişdə iştirak etmək niyyətində deyiləm".

T.Zülfüqarov Elmar Məmmədyarovun casus olub-olmadığını deyə bilməyəcəyini söyləyib:

"Burada hansısa xüsusi orqanların, təşkilatların casus tutmasına, "5-ci kolon"u müəyyən etməsinə şərh vermək mənlik deyil. Mən diplomatam. Hansısa danışıqların variantlarını təhlil edərkən çıxartığım nəticəni dedim. Yəni izah etdim ki, niyə onun fəaliyyətini qəbul etmirəm, vəssalam!".

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 802

Oxşar yazılar