Serj Sarkisyan, Ermənistanın sabiq prezidenti
17 fevral 2021 17:19 (UTC +04:00)

Serj Sarkisyan, Ermənistanın sabiq prezidenti

Sarkisyanın “İsgəndər” etirafı: “Bu adam unudur ki..."- EKSPERT RƏYİ

Serj Sarkisyan 44 günlük müharibədə Ermənistanın “İsgəndər” Operativ Taktiki Raket Kompleksindən (OTRK) istifadə etdiyini açıqlayıb. O, “Armnews”a müsahibəsində bildirib ki, erməni tərəfinin müharibə vaxtı “İsgəndər” raketlərindən istifadə etmədiyi barədə fikirlərlə razılaşmır. “Mən erməni tərəfinin “İsgəndər” raketlərindən istifadə etmədiyi barədə bəyanatlarla razı deyiləm. Məndə dəqiq informasiya var ki, müharibənin son mərhələsində konkret Şuşa istiqamətində “İsgəndər”dən istifadə olunub”.

 

O, raketlərin Azərbaycan Ordusu tərəfindən Şuşanın azad edilməsindən sonra şəhərə atıldığını bildirib. Müharibənin gedişində “İsgəndər” OTRK-dan Azərbaycanın ərazilərinə zərbələr endirilməməsini isə S. Sarkisyan cavab zərbələrinin ola biləcəyi ilə izah edib. “Zərbələr endirilsəydi, yəqin ki, qarşı tərəfdən cavab atəşləri olacaqdı. Güman ki, bunun qorxusundan zərbələr endirilməyib. Lakin “İsgəndər”dən artıq müharibənin 4-5-ci günü, Azərbaycan Horadiz və digər istiqamətlərdə böyük sayda qüvvə cəmləşdirəndə istifadə etmək lazım idi”, - deyə o bildirib.

 

Bununla belə, S. Sarkisyan erməni tərəfinin Azərbaycan ərazilərinə digər silahlardan zərbələr endirmədiyi barədə fikirlərlə razılaşmadığını deyib, bununla da, Azərbaycanın cəbhə bölgəsindən xeyli uzaqda yerləşən Gəncə şəhərinə və digər yaşayış məntəqələrinə raket və artilleriya zərbələrinin məqsədli şəkildə endirildiyini, mülki əhalinin hədəfə alındığını etiraf edib: “Xatırlayırsınız, bir nəfər lovğalanaraq, Kirovabadda (Gəncə-red.) aeroportu darmadağın etmək barədə əmr verdiyini bəyan edirdi. Lakin atəş yaşayış məhəlləsinə açılmışdı, hərbi obyektə yox...” Eks-prezident bunu “böyük axmaqlıq” adlandırıb, bundan sonra Xankəndi və Xocavəndin atəşə məruz qaldığını deyib: “Mən demirəm ki, buna qədər Stepanakert (Xankəndi-red.) atəşə tutulmurdu. Lakin atəş iki hədəfə açılırdı: Ordu qərargahına və elektrik stansiyalarına...” “İsgəndər” OTRK-dan istifadənin zəruriliyini bir daha vurğulayan S. Sarkisyanın sözlərinə görə, ilk növbədə, neft və qaz kəmərlərinə zərbələr endirilməliydi. “Biz “İsgəndər”ləri niyə əldə etmişdik, niyə gətirmişdik? Lazım olan anda istifadə etməmək üçün?” deyən eks-prezident kompleksdən istifadə etməməyə dair razılaşma olduğuna inanmadığını da bildirib. “Biz müttəfiqimizin bu silahı verdiyi yeganə ölkəyik. Və onu tətbiq etməmək?.. Mən anlamıram”, - deyə S. Sarkisyan fikirlərini tamamlayıb.

 

 

 Hərbi ekspert Ədalət Verdiyev Lent.az-a verdiyi açıqlamada bildirib ki, Sarkisyanın “İsgəndər” raketləri ilə bağlı verdiyi açıqlamalar Ermənistandakı daxili siyasi vəziyyətin qeyri-sabitliyi ilə əlaqədardır.

“Bildiyiniz kimi Qarabağ klanı, o cümlədən də Serj Sarkisyan yenidən hakimiyyətə gəlmək üçün və Paşinyanın ölkənin idarə edilməsində, xüsusilə də Qarabağın azad edilməsində bütün məsuliyyəti onun çiyninə yükləmək üçün belə bəyanatlar verir. verdiyi ehtimal olunur. Dolayısıyla Sarkisyan bir daha həm Gəncə şəhərinin mülki əhalisini, həm də Şuşanın azad edilməsindən sonra oradakı yaşayış binalarının raketlərlə, o cümlədən “İsgəndər”lə atəşə tutulmasını təsdiq edir. Bu bir daha Ermənistanının öz məqsədləri üçün mülki əhalini belə atəşə tutmağa hazır olduğunu göstərir”.

 

Ekspert deyir ki, Sarkisyan eyni zamanda bu zərbələrin ardınca onların atəş açdığı ərazilərin Azərbaycan tərəfdən cavab atəşi ilə susdurulacağından qorxduğunu, narahat olduğunu da gizlətmir.

 

“Amma Sarkisyan unudur ki, Azərbaycan ordusunun darmadağın etdiyi erməni ordusu məhz onun prezidentliyi dönəmində formalaşmışdı. Sarkisyanın təyin etdiyi generallar, rəhbərlər döyüş mövqelərini qoyub qaçırdılar. Rusiya heç bir müttəfiqinə vermədiyi silahı erməni hərbiçiləri əli ilə mülki obyektlərə atılmasına razılıq verəcəyini düşünmək doğru olmazdı”.

 

Ekspertlərin fikrincə, Ermənistanın keçmiş dövlət başçıları S.Sarksiyan, R.Köçəryan kimilərinin fəallaşması da təsadüfi deyil. Onları fəallaşdıran qüvvələr Azərbaycanın və Türkiyənin bölgədə və dünyada güclənən nüfuzundan çox narahatdırlar. Bu baxımdan anti-Azərbaycan və anti-Türkiyə dairələri Ermənistanı yenidən bu dövlətlərə, xüsusilə də Azərbaycana qarşı qaldırmağa çalışırlar.

Amma onlar daha dərk etməlidir ki, Azərbaycan bütün prosesləri diqqətlə izləyir və artıq erməni faşizminin yenidən baş qaldırmasına yol verməyəcək. Ona görə də Ermənistan xalqı öz içindəki faşizmə qarşı ciddi addımlar atmalı və bu faşizmi Azərbaycana ixrac etməyə də son qoymalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2778
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar